Millət vəkili Qənirə Paşayeva MM-də siqaret qutularının üzərində tütün məhsullarının insan orqanizmini hansı vəziyyətə saldığını əks etdirən fotoların və məlumatların yerləşdirilməsi təklifi ilə çıxış edib

Millət vəkili Qənirə Paşayeva MM-də siqaret qutularının üzərində tütün məhsullarının insan orqanizmini hansı vəziyyətə saldığını əks etdirən fotoların və məlumatların yerləşdirilməsi təklifi ilə çıxış edib və “bu, insanları siqaret çəkməkdən ciddi şəkildə çəkindirə bilər” deyib.   

“Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda parlamentin 5 komitəsinin birgə təşkil etdiyi Dəyirmi masada cıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib: “Bütün insanlarımız vacib və əhəmiyyətli olan qanun layihəsinin “ Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”qanun layihəsinin 1-ci oxunuşunda səsləndirdiyimiz bir sıra təklifləri qəbul edərək 2-ci oxunuşda müzakirəyə çıxarılacaq qanun layihəsində  öz əksini tapmasına diqqət yetirən Sosial Siyasət komitəsinə və bu işdə əməyi olan hər kəsə təşəkkür edərəm, özəlliklə siqaret kimi qəlyan, sulu qəlyanların çəkilməsinin də qapalı və ictimai yerlərdə məhdudlaşdırılması haqqında maddənin layihəyə əlavə edilməsi ilə bağlı mənim və bir sıra həmkarlarımın təkliflərini yeni layihədə öz əksini tapmasını təqdir edirəm. Amma yenə də bir sıra təkliflərlə çıxış etmək istəyirəm və ümind edirəm ki, bu təkliflər 2-ci oxunuşda MM-də çıxarılıacaq layihədə öz əksini tapacaq”.  Millət vəkili Q.Paşayeva bildirib ki,əhalinin böyük əksəriyytəti bu layihəni dəstəkləyir, çünki bu layihə insanlarımızın sağlamlığının qorunmasına xidmət edir: “Azərbaycanda siqaret çəkənlərin sayı, getdikcə tütün məmulatlarından istifadə edən gənclərin artması bizi ciddi narahat etməlidir. Amma bununla yanaşı bizi ciddi narahat edən digər məsələ siqaret çəkməyən insanların getdikləri bütün qapalı və ictimai yerlərdə siqaretin zərərli təsirinə məruz qalmasıdır. Mütəxəssislər deyirlər ki, siqaret çəkilən qapalı və ictimai yerlərdə olan siqaretdən istifadə etməyən insanlar onu istifadə edən qədər siqaretin zərərli təsirinə məruz qalır. Biz ilk öncə siqaretdən istifadə etməyən insanlarımızı, uşaqları qapalı, ictimai yerlərdə siqaretin zərərli təsirinə məruz qalmaqdan qorumalıyıq ki, bu qanunda bu məsələ geniş əks olunub. İkincisi, siqaretdən istifadə edənlərin bir çoxu da bu məhdudlaşdırma nəticəsində siqaretdən istifadəni azaldacaqlar.  Biz bu qanun layihəsini qəbul etdikdən sonra onun icrasına yaxşı nəzarət mexanizmləri olarsa, siqaret çəkməyən insanlarımızın qapalı məkanlarda, ictimai yerlərdə tütün məhsullarının tüstüsünün zərərli təsirlərindən qoruya biləcəyik. Amma bir şeyi nəzərə almalıyıq ki, bu qanun ev şəraitində, mənzillər kimi qapalı yerlərdə uşaqlarımızı, siqaretdən istifadə etməyənləri tütün məhsullarının zərərli təsirindən qoruya bilməyəcək. Statistikalar da göstərir ki, siqaret çəkməyənlərin tütün məhsullarının zərərli təsirinə məruz qaldığı yerlər arasında evlər, mənzillər ön sıralarda gəlir, ona görə də biz evlərdə, mənzillərdə insanlarımızın bu zərərli təsirə məruz qalmaması üçün bu məsələyə xüsusi diqqət yetirməliyik.  Birinci təklifim onunla bağlıdır ki, inkişaf etmiş dövlətlərdə olduğu kimi idxal olunan və ya ölkəmizdə istehsal olunan siqaret məhsullarının qutuları üzərində siqaretin insan orqanizminə nə qədər böyük zərər vurduğunu göstərən fotolar əks olunsun və siqaretin insan orqanizminə, ailə üzvlərinə və cəmiyyətə  zərərli təsiri barədə məlumat üz qapağının ən azı 50 faizini,  yaxşı olardı ki, Avropa ölkələrində olduğu kimi 70%-ni əhatə edəcək qədər böyük yazılsın. İnkişaf etmiş ölkələrdə bu belədir və mütəxəssislər bildirirlər ki, siqaret qutularının üzərinə onun dəhşətli vəziyyətə saldığı orqanın rəsmi və böyük hərflərlə yazılmış sağlamlığa ziyan olması ilə bağlı məlumatlar i xeyli sayda siqaret istifadəçisinə təsir edir və onlar siqaretdən uzaqlaşmaq barədə düşünür və ya addım atırlar. Yəni bu yolla biz tütün məhsullarının təsirini elə bu məhsulun üzərində geniş əksinə nail olmaqla da təbliğ etməliyik. Bir ata evdə siqareti çıxarıb yandırmaq istədikdə elə həmin siqaretin üzərində bunun özü və ailəsi üçün nə qədər zərərli olduğunu hər dəfə görsə, bu nə qədər adamın evdə siqaret çəkməkdən çəkindirə bilər. Ona görə də bu təklifin 2-ci oxunuşa çıxarılacaq  layihədə nəzərə alınmasını xahiş edirəm.   Digər bir məsələ cərimələr və cəzalarla bağlıdır. Maarifləndirmənin geniş aparılması ilə bərabər bu da çox vacib məsələdir. Özəlliklə azyaşlı uşaqlara siqaretin satılmasına qarşı ciddi cəza mexanizmlərinin qanun layihəsində olması çox vacibdir.  Eyni zamanda ən vacib məsələlərdən biri odur ki, qanun layihəsində birmənalı olaraq qeyd edilməlidir ki, ticarət mərkəzlərində, köşklərdə tütün məhsulları görünməməlidir. Tütün məhsullarının reklamı qanunvericiliklə qadağan edilib. Amma ticarət mərkəzlərinə, köşklərə gedən hər bir uşaq həmin yerlərdə ən gözəçarpan yerlərdə tütün məhsullarını görürlər ki, bunun özü ciddi reklamdır. Ona görə də Avropa ölkələrində olduğu kimi ticarət mərkəzlərin, köşklərin vitrinlərində, görünən yerlərində tütün məhsulları olmamalıdır, yəni onlar görünməməlidir. Vətəndaş almaq üçün müraciət etdiyində gətirilib ona təqdim olunmalıdır. Bu məsələnin qanun layihəsində öz əksini tapmasını təklif edirəm. Qanun layihəsində də qeyd olunduğu kimi, maarifləndirmə çox geniş olmalıdır. İnsanlar tütün məhsulları adlı bu gizli və təhlükəli ölüm daşıyıcısı barədə daha geniş məlumatlı olmalıdırlar. Qanun layihəsində televiziya və radioların ay ərzində neçə dəqiqə tütün məhsullarının zərərli təsiri haqqında verilişlərin yaymlanması öz əksini tapıb və bu çox vacibdir. Televiziya və radioların bu məsələyə necə riyaət etməsinə çox ciddi nəzarət olunmalıdır, amma hesab edirəm ki, qanun layihəsinə yazılı medianı da əlavə etməliyik və onlar vasitəsilə maarifləndirmənin genişlənməsi önəmlidir. Mən qapalı yerlərdə tütün məhsullarının çəkilməsinin tamamilə qadağan edilməsi və siqaretin çəkilməsinə açıq məkanlarda icazə verilməsi ilə bağlı burada çıxış edən tibb mütəxəssislərinin, alimlərin, millət vəkili həmkarlarınmn fikirlərini dəstəkləyirəm və ümid edirəm 2-ci oxunuşa çıxarılacaq layihədə bu məsələ də diqqətə alınacaq.  Biz hamımız bu qanunun qəbul olunması və çalışması üçün fəal olmalıyıq. Gələcəyimizi bu zərərli vərdişdən və onun zərərli təsirlərindən qorumaq hər birimizin borcudur. İnanıram ki, cəmiyyətimiz də bu qanun layihəsinin qəbulundən sonra onun həyata keçməsinə aktiv dəstək verəcək”.

 

 

 

Advertisements

27.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: