Millət vəkili Q.Paşayeva Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə görüşdə onları ölkəmizin təbliğində fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə görüşdə onları ölkəmizin təbliğində fəal olmağa çağırıb.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü,  dəstəyi və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə keçirilən və çoxlu sayda tələbənin qatıldığı tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.  Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Qənirə Paşayeva “biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. “Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik,” -millət vəkili Qənirə Paşayeva belə deyib.    Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir: “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir, Savadlı cəmiyyət savadlı anadan keçir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa bu gün geniş yayılmış qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var”. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək  gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.   Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır deyən millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Millət vəkili gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.  Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva   gəncləri maraqlandıran sualları da cavablandırıb.

 

 

Advertisements

15.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: