SÜLEYMANA QALMAYAN DÜNYA

SÜLEYMANA QALMAYAN DÜNYA
(Qənirə Paşayevanın “Hacı Bektaş Veli” yazısı)
2-ci yazı
dsc_1097İlk nəzər yetirdiyim andan dədə-babalarımızdan qalma “Süleymana qalmayan dünya kimsəyə qalmaz” məsəlini xatırlayıram. Möhürü-Süleyman üslubu Anadoluda Səlcuqlu və Osmanlı memarlığında sıx-sıx istifadə edilən bir üslubdu. Bu üslub Orta Asiyadan günümüzə qədər Səlcuqlu və Osmanlı dönəmi abidələrində, o cümlədən çini, keramika, sikkə, xəttatlıq, əlbisə və s. üzərində naxışlama prosesində istifadə edilmişdir. Çeşmə üzərində Gül rəsminin təsviri Bektaşilik mərhələsinin sevgi dövrü olmasının simvolunu özündə ehtiva edir.

Sonra gəlir Aslanlı çeşmə. Bu çeşmənin 1554-cü ildə Bolqarıstanın Silistrə şəhər valisi Malkoç Bali bəyin yaxınları tərəfindən yapdırıldığı bilinir. Klassik Misir dövri stilində, İsgəndəriyyə mərmərindən hasilə gətirilib. Aslan heykəli isə Misir kraliçası Qara Fatma Sultan tərəfindən 1853-cü ildə hədiyyə olaraq Dərgaha göndərilib. O çağdan-bu çağa çeşmə Aslanlı çeşmə adıyla tanınmağa başlayıb. Çeşmənin görümlü yerində diqqət çəkən kitabədə Kərbəlada şəhid olanların xatirəsinə yapıldığı bilinir. Aslanlı çeşmənin önündən keçib Aşevi bölümünə doğru irəliləyərkən qoruyucu örtük altında Qəhvəçi Babaya aid olduğu söylənilən, zəminlə eyni səviyyədə bir məzar diqqəti çəkir. Ruhuna dualar oxuyur, rəhmət diləyirik.

BU DA İKİNCİ BÖLÜM

Bu bölümə üçbucaq şəkilli alınlıqlı və sivri kəmərli Üçlər Qapısından giriş var. Sırasına görə sağda Aslanlı Çeşmə, Baba köşkü, Aş evi, Təkkə Camisi, Meydan hovuzu yerləşir. Sol tərəfdə isə Qonaq evi, meydan evi (Cem evi), Kiler evi və Dədəbaba guşəsi yerləşir. Kitabəsindən bilindiyinə görə Meydan hovuzu Beyrut valisi Xəlil Paşanın həyat yoldaşı Zəhra xanım tərəfindən 1908-ci ildə yapdırılıb. Hovuzun baş tərəfində Dərviş Tağı kimi tanınan “Hüseyn-i Tac” diqqət çəkir.

Aş evi isə dərgah dönəminin ən önəmli guşələrindən biri olaraq tanınırmış. Kitabəsindən məlum olduğuna görə 1560-cı ildə Silistre valisi Malkoç Bali bəyin şərəfinə yaxınları yapdırıb. Bu bölümdə Aş evi Baba odası, Kiler odası, ət soyutma və saxlanma guşəsi, yuyacaq yerləri var. Aş Evi bölümündə Yeniçerilərə də kutsal qəbul edilən Qaraqazan, Xəlifə qazanları və digər mətbəx əşyaları sərgilənir. Bu bölümdəki Aş Evi Baba odasından əsasən dərgahda yaşayan dərvişlər, buranı ziyarətə gələn müsafirlər, imkansızlar yararlanırmış.

Digər bölümdə Mehman (qonaq) evi yer alıb. İki odalı olub, tək ocaqlıdır. Dərgaha gələnlər ilk olaraq bu guşəyə baş çəkərmişlər. Xalı döşəmələri indinin özündə də “mehmanın ol, könlün istəyincə “dincəl” səslənişi edir. Öncə ziyarət etdiyim Dərgah bölümündə də, ardınca mehman olduğum Qonaq evində də tarixin şəkillənməsi önündə müntəzir dayandığım anları xatırlayıram. Keçilməsi yasaq olan zona xəttinin o biri üzündə o behiştlik kişilər öz qədim geyim-keçimləri ilə bir arada Hacı Bektaş Vəlinin hüzurunda dayanmış kimi idilər. Bir ayrı guşədə dədə-baba qaydasınca üzbəüz əyləşib görüləsi işləri məsləhət edirdilər. Sanki ölməmiş, tarixə gömülməmişdilər; sapsağlam idilər, yaşayır, ömür edirdilər. Belədi durum. Ayrılıb gedirəm Meydan evinə. İbadət edir, Hacı Bektaş Vəlinin təməl daşı Əhməd Yəsəvi dədəmizdən oxuduqlarımı anır, anıram: “Allah Elçisinin Meraca yüksəlməsində qəriblərlə, kasıblarla, yetimlərlə maraqlanması böyük rol oynadı” deyən Əhməd Yəsəvi “əgər sən də Allaha qovuşmaq istəyirsənsə onun Elçisinin yolu ilə get, ona bənzəməyə çalış” deyə “Divani-Hikmət”lə bu gün də bizə səslənir:

Resul önüne bir yetim gelmişti,
Garip və müptelayım demişti.
Acıdı Resul onun haline,
Resul dedi ben de bir yetimim,
Yetimlik ve gariplikle yetişdim.
Muhammed dedi ki kim ki yetimdir
Biliniz o benim has ümmetimdir.
Yetim görseniz incitmeyiniz,
Garibi görseniz küstürmeyiniz.

Əhməd Yəsəviyə görə İslam dinində ən böyük, ən yararlı ibadət ehtiyacı olan insanlara, yəni qərib, kasıb, yetim olan insanlara xidmətdir. O, bizi bu gün də peyğəmbərimiz Hz.Məhəmmədi və “Qurani-Kərim”i düzgün anlamağa çağırır.

Eləcə də Meydan Evi əhatəsində ziyarət etdiyim qos-qoca yadigar abidələr. Kitabəsində 1367-ci ildə Əxi soyundan Murad Xudavəndigar (I Murad) tərəfindən yapdırıldığı bilinir. Öz zamanında burada “Yol”a daxil olma (Bektaşiliyə keçid) törənləri, “İqrar vermə” və “Cem törənləri” icra edilərmiş. İç bölümlərində 12 İmamları təmsil edən guşələr yer alıb. Hacı Bektaş Vəli və Balum Sultan portretləri, Bektaşi öndərlərinə aid rəsmlər, Taxtı-Bektaş, Dədəbaba və Dərvişlərə aid siyah-bəyaz şəkillərlə yanaşı Bektaşiliyi anladan əsərlər burada sərgilənib.

Meydan odası isə Dərgah dönəmində Bektaşi təriqətinə daxil olma, iqrar vermə, nəsib alma mərasimləri ilə bərabər Cem törənlərinin yapıldığı bir yerdi.

Bu da Meydançı Baba Odası: Əsasən yazılı lövhələr ilə Bektaşi Baba və Dərvişlərinə aid şəkillər sərgilənib bu bölümdə. Bir-bir oxuyur və yaddaş saxlancımın iç dünyasında qoruya-qoruya xəyal edirəm: “Ey günahkar evronuz üzü qara… Nə üz ilə Həzrətə qarşı vara?!” Bir ayrı yazılan da var: “Hacı Bektaş Babamızdır yürüdür cansız divarı…”

Kiler Evi bölümünü ziyarət etdikdən sonra Üçüncü bölümə qədəm basıram. Həzrət bölümü adıyla da anılır. Bölümə basıq kəmərli, Altılar qapısı deyilən səmtdən girilir. Bu bölümdə Atatürk Köşkü, Balım Sultan türbəsi, Hazire (Dərviş məzarlığı) və Has Bahçe diqqət çəkir.

Ulu öndər Mustafa Kamal Atatürkün Hacı Bektaşa gəlişi xatirəsinə 10 avqust 2009-cu ildə Mədəniyyət və Turizm başqanlığı tərəfindən yapdırılan abidə önündə ehtiramla ayaq saxlayır, xatirəsini anırıq. Mustafa Kamal Paşa 1919-cu ildə Hacı Bektaş Dərgahını ziyarət etmiş, başladığı mücadilə yolçuluğunda Dərgahının xeyir-duasını almışdır.

Dərgahın Pir evi bölümü Giriş, Çiləxana, Orta Medhal, Məscid, Qırxlar meydanı, Hazirə və Güvənc Abdal türbəsi ilə çevrələnib. Solda Həzrəti Məhəmmədin simvolu olan Günəş təsviri, sağda Həzrəti Əlinin simvolu olan Ay təsviri, hər ikisinin ortasında isə sevgi simvolu olan gül təsviri yer alıb. Bu üç təsvirin altında isə Bektaşiliyin simvolu olaraq qəbul edilən və 12 imamları təsvir edən 12 guşəli “Təslim daşı” təsviri yer alıb. Girişin sağ və sol tərəflərindən ümumilikdə 12 Dədəbaba məzarı diqqəti çəkir. Ağ qapı deyilən üst qatda isə “İkibaşlı qartal” təsviri süslənib. Bektaşiliyi mənimsəyərək Cəfəri-Sadiq adını almış Memar Yanko Medyanın məzarı buradadı. Çiləxana Hacı Bektaş Vəlinin qırx gün, qırx gecə ibadətə çəkildiyi yer olaraq bilinməkdədi. Qapı önünün girişində şamdan yerinə nəzər yetirə-yetirə Qarabağ torpağının Xan qızı Xurşid Banu Natəvanın misraları canlanır yaddaşımda:

Yanar canım, oğul,
Daim sənin nari-fərağında.
Neçə pərvanələr hər dəm
Yanar şəmin ayağında…

O müqəddəs məkanda Xan qızının ruhuna da rəhmət oxuyur, cümlə Qarabağ torpaqlarımızın işğaldan azad olunması üçün dilək edirəm. Dərgahın Qırxlar meydanı bölümündə yer alıb Qırxbudaq şamdan… Həzrəti Əliyə məxsus fikirlərin əl yazısı yer alan lövhə, Dərviş və Babalarına aid simvollar və Hacıbektaş Vəli Həzrətlərinin tabutunun qoyulduğu bölümün orijinal gümüş qapısı çəkir diqqətimi. Bir-bir ziyarət edir, bütün varlığımla ehtiram göstərirəm. Buradakı “Göy Eşik” deyilən qapıdan adlayıb Hacıbektaş Vəli Həzrətlərinin Türbəsinə yetişirik. Səlcuqlu memarlıq məktəbinin ən zəngin nümunələrindəndi bu türbə. Bütün divarlar boyu ruhu oyadan kəlamlar həkk olunub. O böyük şəxsiyyətin məzarı önündə ehtiramla iç dünyama qapılır, dualarımı edirəm.

Sevgi muhabbet kaynar, yanan ocağımızda,
Bülbüller şevke gelir, gül açar bağımızda.
Hırslar, kinler yok olur, aşkla meydanımızda,
Arslanlarla ceylanlar, dosttur kucağımızda.
(H.B.V)

Tabutun bir kənarına sığınıb dua edə-edə ağlayan ziyarətçilər vəfadarlıq, səmimi heyranlıq, ilkinlik simvolları kimi şəkillənir gözümün önündə.

Malım-mülküm servetim, hepsi evde kaldı,
Eşim dostum akrabam, geçtiğim yolda kaldı,
Dostlarımdan birisi, benden hiç ayrılmadı,
Allah için yaptığım iyilikler bende kaldı. (H.B.V)

Hacı Bektaş Vəli zamanında yaşamış ustad ozan-şair Güvənc Abdal türbəsi daxilində bu behiştlik insanın uyuduğu məzarı ziyarət edirik. Burada Güvənç Abdalın məzarından başqa onun Dünya Gözəli deyə adlandırılan sevdiyi qız və bu qızın xidməçisinin də məzarı var. Rəvayət edirlər ki, Hacı Baktaş Həzrətləri ona çox güvəndiyindən adına Güvənc Abdal deyərmiş…

Sonra Balım Sultan türbəsini ziyarət edirik. 1462-1516-cı illərdə yaşamış Balım (Xızır) Sultan Seyid Əli Sultan dərgahında yetişmiş, nəhayətdə, Hacı Bektaş Vəli Dərgahına gələrək Dədəbaba olmuşdur. Rəsminə baxıram. Tam olaraq Hacı Bektaş qiyafəsindədi; Əlində təsbeh, əynində uzun ətəkli əba…

Diz üstə əyləşmiş… Bektaşiliyə etdiyi xidmətə görə Alevi-Bektaşi toplumu tərəfindən “Pir-i Sultan”, yəni İkinci Pir olaraq qəbul edilən Balım Sultan 1516-cı ildə haqqa qovuşmuşdu. Türbəsi 1519-cu ildə Yavuz Sultan Səlimin komandirlərindən biri olan Dulkadiroğlu bəyi Şahsuvar Əli bəy tərəfindən Səlcuqlu memarlıq ənənələri üslubunda inşa edilmişdir. Məzarının quzey səmtindəki sandıqça içindəsə qardaşı Şah Kalender uyuyur. Rəvayət edirlər ki, Əhməd Yəsəvinin Türküstandan Anadoluya atdığı yanmış kosov günümüzə qədər gəlib çatmışdı. Dərgahda qaratut ağacından olan, üstündə Osmanlıca yazılan həmin ağac-sütun hələ də qorunmaqdadı…

Bu gözəl və huzur dolu məkanda abidələr bir deyil, beş deyil… Suluca Karahöyük qazıntılarına göz yetirmək, tapılan abidələri ziyarət etmək şəhadət verərər ki, bu deyilənlər doğruların doğrusudu. Osmanlı dönəminin nadir abidələrindən olan, 1603-cü ildə inşa edilmiş Bektaş Əfəndi türbəsinə, XIII əsrə aid Kadıncık Ana Evinə nəzər salmaq tarixlə baş-başa qalmağa bəs edər.

BU GÜNÜN GÖZƏL XƏTRİNƏ

İnsan oğlunun yaşadığı zaman çatdığı ən uca yüksəliş Meracdır. Yəni, Allah elçisinin Allaha çatdığı andır; Həzrəti Məhəmmədin kam aldığı, qovuşduğu bir məkandı. Elə bir məqam ki, Quran ayələrinin nazil olmasına vasitəçilik edən Cəbrayıl adlı mələk belə o böyük ucalığa yetə bilməmişdi.

Əbədi bir sualdır ki, Peyğəmbərimiz Həzrəti Məhəmmədin yoluyla gedənlərə də eyni yüksəliş veriləcəkmi? Allahın didarı, camalı, Allah ilə qovuşma Ona inananlar üçün də mümkündürmü? Mümkünsə, necə, hansı yol və hərəkətlər ilə?

Bu sualın gerçək cavablarından birini Əhməd Yəsəvi dədəmizlə bağlı «Kim istərsə Allahı görmək» adlı essemdə verməyə çalışmışam – «Məndən sonra» kitabımda…

Bu böyük ruh sahibi Hacı Bektaş Vəli Dərgahını ziyarət etdiyim məqamlarda yenə də düşüncələrimdən eyni sual keçməkdəydi: «Nur içində nur olan Həzrəti Peyğəmbərimizin yoluyla gedənlərə də Merac yüksəlişi veriləcəkmi? Allahın didarı, camalı, Allah ilə qovuşma Ona inananlar üçün də mümkündümü? Mümkünsə, necə, hansı yol və hərəkətlər üçün?»

Cavab aramaq yox, məncə Dərgahını ziyarət etdiyimiz Hacı Bektaş Vəli Həzrətlərinin uyuduğu məzara göz yetirib baxmaq, baxıb da dərk etmək lazımdı; Ruhu uca Peyğəmbərimizlə bir olanlar məzara gömülməzlər ki… Daha çox əbədiyyət dünyasına qoşar, uçarlar… Əbədiyyətə uçuş Mehracın qapısına yetmək məqamıdı, Həzrəti Məhəmmədlə həmrəylik nümunəsidi.

Əhməd Yəsəvi Allahı görməyin ilk yolunu yetimlərin, atasız-anasızların, yoxsulların, kasıbların yanında olmaqda görürdü.

Əhməd Yəsəvi Ocağının böyük yetirmələrindən biri olan Hacı Bektaş Vəli də eyni əxlaqi dəyərlərlə yaşamaqla yanaşı, Allahı görməyin bir yolu olaraq da «İncidilsən də incitmə!» böyüklüyünə ucalır, «nəfsinə ağır gələni kimsəyə tətbiq etmə!» səslənişi edir.

Hacı Bektaş Vəli böyük hocası Əhməd Yəsəvinin «gerçək aşiqlər diridirlər, ölməzlər, ruhları da yer altına girməzlər» dərsini dərindən-dərin olaraq əxz etmişdi və bilirdi ki, gerçək Aşiqlər nəfslərini öldürür və Allahda dirilirlər. Bilirdi ki, Aşiqlər sonsuzluq sirri içində yox olaraq, sonsuzluğa çatırlar. Buna görə də ölümsüzlüyə qovuşurlar.

Ölümsüzlüyə qovuşmağın gerçək şəkillərindən, şəkillənməsindən biridi Hacı Bektaş Vəli Dərgahı; hər qədəmdə dərs verir ki, ölümü unutma. Hər qədəm iç dünyamızın hesabat dəftəri kimi vərəqlənir: «Ömür nədir? Yaşamaq nədir? Niyə bu dünyaya gəldim? Məndən hansı izlər qaldı? Hara gedirəm?»

Gerçək cavablardandı Hacı Bektaş Vəlinin söylədikləri. Sonu qaranlıq olmayan yollara çağırır Hacı Bektaş Vəlini dərk etmək! Hacı Bektaş Vəlini dərk yolu ilk olaraq ədəbdən keçir. Əxlaqa, halallığa dəvət edirdi o böyük ustad… Durmadan, usanmadan «ara, bul» səslənişi edir, yetməyə, tapmağa, duymağa səsləyirdi.

EŞQ NURU, KÖNÜL GÖZÜ İLƏ

Getməyin zamanı yetir… Hər bir abidəyə ehtiram duyğusuyla ayrılırıq. Könül gözüylə baxa-baxa…

Madde karanlığı, akıl nûru;
Cehâlet karanlığı, ilim nûru;
Nefis karanlığı, marifet nûru;
Gönül karanlığı, aşk nûru ile aydınlanır. (H.B.V)

“Yol Ona yönələndə yol olur” düşüncəsiylə ayrılıram. O böyük Allah dostunun unudulmaz sözlərini, öyüd və nəsihətlərini yaddaşıma köçürə-köçürə davam edirəm Yola! Bu Yol insanın özünə yolçuluqdur… Böyük Yol isə ilk öncə özünə yolçuluqdan başlayır. O da belə deyərdi…

Hak’ka tâlib olan kişi, başka murâd isteme,
Dostun seninle beraber, başka vuslat isteme.
Bu dünya bir sofradır, arzular gelir geçer,
Eğer bizi buldun ise, başka murâd isteme. (H.B.V)

Behiştlik Hacı Bektaş Vəli “Ağa, öyrən, bil“ səslənişilə süsləmişdi ömrünün-gününün hər məqamını. Aramaq, bulmaq, öyrənmək, götür-qoy etmək amacıyla bu böyük insanın adıyla bağlı bölgəyə, paklıq məqamı olan Hacı Bektaş Vəli Ocağını növbəti səfərim zamanı Hacı Bektaş Vəlinin adını daşıyan universitetin rektoru prof. dr. Filiz Kılıçla, eləcə də müəllim və tələbə heyəti ilə unudulmaz görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin bugünü və gələcəyi ilə bağlı geniş müzakirələr aparıldı. Gənclərimizə ortaq tariximizi, birlik və bərabərliyimizin önəmini öyrətmənin vacibliyindən, bu istiqamətdə universitetdə gənclərlə görüş, tədbir və konfransların artmasının əhəmiyyəti barədə geniş fikir mübadiləsi oldu və bu istiqamətdə düşüncələrimi söylədim. Dağlıq Qarabağ problemindən xüsusi söz açdıq. Gənclərimizin həqiqətlərimizin dünyaya daha da geniş yayılmasında fəallıqlarının artırılması ilə bağlı onlarla ətraflı söhbətlər edib, fikir və düşüncələrimizi bölüşdük və gənclərlə müzakirələri gələcəkdə də sıx-sıx davam etdirməyi qərara aldıq. Görüş və müzakirələr bitən kimi yenə də dostlarla Hacı Bektaş Vəli ocağını ziyarətə yollandıq. “Aramaq, öyrənmək, bulmaq” tövsiyəsi, “Hər nə arar isən kəndində ara“ nəsihəti ilə gənc nəsillərə səslənir yüz illərdi Hacı Bektaş Vəli. “Bu çabalar həqiqəti dərk etməyə aparır“ düşüncəsiylə ziyarət etdik Hacı Bektaş Vəli ocağını. Hikmət yolunu sözü, fikir və əməlləri ilə aça bilənlərin xatirəsini dərin duyğularla yad edə-edə…

dsc_1123 dsc_1127 dsc_1082 dsc_1150 dsc_1152 dsc_1110

Advertisements

26.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: