BU QALA-BİZİM QALA,YAXUD QAN-QANI ÇƏKİR

BU QALA-BİZİM QALA,YAXUD QAN-QANI ÇƏKİR
(“Qənirə Paşayeva ilə addıım-addım Elazığ”)
4-cü yazı
dsc07959Dolama yolları Qalxdıqca Harput qalası haqqında söylənən əfsanələr keçir yaddaşımdan bu yollar kimi.
Su yerinə daşını-torpağını südlə yoğurub-yapdıqları bilinir. Müqəddəsliyinə xələl gəlməsin deyə. Türklər südü, özəlliklə ana südünü halallıq simvolu bilib həmişə. Daşla kərpiçlə hörülməyib buradakı evlər. Qayaları çapıb ev eləyiblər. 1115-ci ildə Oğuz elinin Kayı boyundan olan Artukoğlu Balak xan sahib olmuşdu Harput qalasına. İndi heykəlləşib at belindəcə. Əlində qılıncı qından sıyrılıb. Yönü Xəzərgölünə doğru boylanır. 1112- ci ildə Harput hökmdarı olan bu böyük qəhrəmanı Harput qalasına çəkib aparan Xəzər gölcüyünə göz dolusu baxmaq istəyi olub bəlkə? Nakam şair Almas İldırım kimi, bəlkə o da bu gölə boylana-boylana ayrılıb gəldiyi Oğuzların Kayı boyuna mənsub Artuk xanədanını, bir tərəfi bəhri – Xəzər olan qədim yurd yerlərini anır-anırmış. Harput Qalasından boylanıb yönü aşağı baxdıqca 26-30 km məsafədəki Xəzər gölünün başı üstündən ucalan Baba dağının sırası çəkir adamın könlünü-gözünü. Burdan yol adlayır Diyarbəkirə…
Alt yanda Dəvə mağarasıdı, Elma vadisidi… Mənsə Balak Qazinin at belindəki heykəlinin peydestalı üzərindəki yazıdan gözlərimi heç ayıra bilmirəm. Bildiyim tarix olsa da yenidən oxuyuram: «1112-ci ildə və gənc yaşlarında Harputun hökmdarı oldu. Oğuzların Kayı boyundandı. Səlcuqlu hökmdarı tərəfindən müsəlman orduları komandanı seçildi…»

TARİXİN QISA DİLİ BELƏ SÖYLƏYİR…

1700 illik Çinarlı parkı tarixə beləcə yoldaşlıq edir. Burada Dilək Çinarının yaşı 1700 il olduğu bildirilir. Bircə cümləylə yazılıb. Ancaq ötüb-keçən bu 1700 ilin hər anı, hər qədəmi bir dünyalıq əfsanə boxçası kimidi. O sarıdan da hər yarpağı, hər budağı müqəddəs sayılır, kölgəsində dualar edilir, budaqlarına niyyət dəsmalları bağlayırlar. Burda bir tarixdi Harput hamamı… Qurşunlu camini ziyarət eylə… Güllübağ məhəlləsi ovuc içi kimi görünür. Hələ bir Əhməd Kabaklı bulvarı, Hunkar qonaq evi, Gülbaxça, Mansur Baba gəlişinə qucaq açır. Qədim küplər, tarixi araba təkərləri, qazıntı qalıqları bu evin önündə tarixə şahidlik edir. Dilək Çinarı altında dayanıb bu tarix çevrəsinə baxır, baxdıqca da bircə detalını, görüntüsünü göz önündən qaçırmaq istəmirəm. Ahquzu səmti boyunca gəzir gözlərim…Yenidən tarixə dönür, Balak Qazinin at üstündə şəhanə duran görkəmindən ötüb keçən zamanın gizlinlərini xəbər almaq, sormaq istəyirəm; tarixi bilgilər bu qəhrəmanın xaçlılara qarşı mərd savaşından qürurla söz açır. Harputdan Mardin və Hələbə qədər uzanan bir əraziyə hökmü yetmişdi. Tarixin özünəməxsus dönəmi, əsrin o başının bu başına bağlantısıdı; 22 illik soyqırım tarixini qeyd etdiyimiz, Xocalı şəhidlərini andığımız günlərdə Harput qalasında yenilməz sərkərdə-hökmdar, Oğuz soylu şəhid Balak Qazinin heykəli önündəyik – qan-qanı çəkir: «Mən türkəm, soyum da, köküm də bəlli…»
Bu düşüncələrlə baş-başa Osmanlı dönəmi Əsgəri liseyinin yer aldığı ərazilərə nəzər salıram.
Harput qalası, Balak Qazi əfsanələri haqqında olan sönbətlər duz-çörək ətirli süfrə arxasında davam etdirilir. Fırat Universitetinin rektor yardımçısı, Elazıq bələdiyyə yetkililəri də sonacan bizimlə bir aradadırlar. Ortaya sırın gəlir; bizim xəngəli xatırladan bir yemək növüdü. Onun necə araya-ərsəyə gəlməsilə maraqlanır, səfər yoldaşlarım olan xanımlar. Xoş, unudulmaz söhbətlər üçün çay süfrəsi də bəhanə, yaxşı bir vasitədi. Bu ovqatla Xəzər gölünü ziyarətə yürümək necə də duyğulu, necə də xoşdu… Bu anları Almas İldırımın unudulmaz misraları təqib edir:

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagölə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa, oy!..
Hökm etsə, bu sərsəm gediş dursa, oy!..

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum, oy!
Ölməz eşqim, içimdəki dərdim, oy!..

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım, oy
Oyanmazmı kor olası baxtım, oy?!

Zaman-zaman bizi təqib edən itkilərimizin, milli ağrı və kədərlərimizin ümumiləşdirilmiş şəkillənməsi kimidi bu misralar. Doğma Azərbaycandan, Gürcüstan, Türkiyə sınırlarından, Safranbolu və Malatyadan yönü bəri yolçuluğumuzun əsas mövzusu olan Xocalı soyqırımının ağrısı bu şerin qan qardaşıdı. Eyni zamanda da 5-6 gündü ki, artıq doğma Bakımızdan, Azərbaycandan ayrılmışıq. Bəlkə bizi Elazığın 26-30 km-lik məsafəsində yer alan Xəzər gölünə götürən səbəbin bir adı da elə burdan gəlir… Bə nədi?!.. Doğma Azərbaycanımızın kutsal bir xatirə bağı uyuyur burda.
Bənzəri mavi Xəzərimin oxşarı kimi…
Laylası Almas İldırımlı xatirələrdi…
Bir az öncə Harput qalasının yüksəkliklərindən, Balak Qazinin at belindəki əzəmətli heykəli ilə nəfəs-nəfəsə seyr etmişdik bu səmtləri. Ovuc içi kimi görünürdü. 26-30 km-lik bir çevrə o yüksəklikdən ən kiçik detallarına qədər görünməkdəydi. Qarşı yatan qara dağların zirvəsindəki qar üstündən hər hansı qımıltı, hərəkət diqqət çəkərdi.
İndi isə Sivricəni keçib yetmişdik Xəzərin sahillərinə… Sanki gözəgörünməz bir qüvvə hansı möcüzənin əliyləsə bizim Göy Xəzərin bir parçasını alıb, bu yerlərə götürüb gəlib. Bir üzdə başı sis-dumanlı, qarlı dağlardı. Bir üzdən dayanıb baxan bizlərik… Ortada sükuta dalıbdı Xəzər. Gözlərim nakam şairimizdən son xatirə qalan bir nəs­nə axtarır, nişan arayır. Anidən o könül aşiqini bax elə bu yerdə bir kənara çəkilib, kirimişcə kiçik Xəzərin mavi, mirvari dalğalarına baxan görürəm. Elə bil doğma Azərbaycan, bütün olub-keçmişlər bu mavi sulardan boylanıb baxır. Bir azca Göy gölün hüsnü var burda. Maral gölünə də bənzəyişi var… Hər dalğa dil açır bir düşüncədən, hər dalğa «şair, sən öldükcə, vurulduqca yaşarsan» təskinliyi verir.
Xatirə şəkilləri çəkdiririk – elə bil bizimlə bir aradadı nakam şairimiz Almas İldırım…
Ətrafa axşam qaranlığı çökməkdədi… Pünhan bir sükuta dalıb Sivricə… Daha çox yaz-yay aylarında gəlinər bura… indi qış ayıdı, indi xatirələr sarıb hər yanı…
Elazıq-Diyarbəkr yolu tarixin sirr dolu dolanbacları kimi önümüzdən, Sivricədən keçib Xəzər gölü boyunca yürüyür yönü dağlara-dağlara.
Bizsə Elazığa dönürük…
Bu, o Elazıqdı ki, tarixin 1085-ci ilində Çubuk bəy tərəfindən fəth edilmişdi. Öncə Artukoğulları, 1234-cü ildə Anadolu Səlcuqları, 1243-cü ildə Elxanilər, 1363-cü ildə Dulkadıroğulları, 1465-ci ildə Ağqoyunlular idarəçiliyi altında olmuşdu. Sonra gəlmişdi Osmanlı dönəmi; Çaldıran döyüşündən sonra Harput Osmanlı idarəçiliyi altına keçmişdir.
Əvvəllər Aqavat Mezrası adıyla tanınan Elazıq 1834-cü ildən etibarən bu adı daşımaqdadı. Dönəmin valisi İzzət Paşa dilə yatımı elə də hamar olmadığından onun adını dəyişməyi məsləhət etmişdi.

ADI ATATÜRKDƏN BİR ƏMANƏTDİ

Böyük Paşa bu çevrəyə ilk dəfə 1916-cı ildə – hələ ordu komandiri olarkən gəlmiş, ziyarət etmişdi. İkinci ziyarəti isə 1937-ci ildə olmuşdu. Gəlmişdi, bu mahalı «azığı (azuqəsi, məhsulu, bərəkəti) bol olan yer» olaraq dəyərləndirmişdi. Məsləhət etmişdi ki, mahalın adı durumuna uyğun olaraq «Elazığ» adlandırılsın. Onun fikrini dəstəkləyir Türkiyə Böyük Millət Məclisi. Xüsusi qərarla Elazıq kimi təsbit olunur.

HƏR TARİX İZİNƏ MİN SALAM OLSUN…

Hazarbaba dağından süzülüb gələn sular Xəzər gölünə can verməkdədi.
Keban Baraj gölü, Cip Baraj gölü bu bölgədədi. Verimli, barlı-bərəkətli obalar burda; Biri Uluova, biri Kuzova… Ağdağ, Qaraoğlan dağları ilə baş-başa dayanır Bəxtiyar, Xəzər, Buludlu dağları… Yazı isti keçər, quraqlıq olar… Qışı yağmurludu, sis-dumanlıdı… Üzüm bağlarından danışım sizə; Ən azından 30-a qədər üzüm növü var: Bizdəki kimi, qara şanı da var, ağ şanı da… Elazığ üzümü çox məşhurdur. Yolunuz düşsə, dadmadan dönməyin.
Burda balıqçılıq təsərrüfatı geniş yayılıb. Kaban gölünün zəngin su ehtiyatları bu sahəni daha da dirçəldib, verimli edib. İstəsən qonaq ol qara sazana, ya qarabalığa, alabalığa… Durna balığı da istəsən olar.
Burda mədənçilik, sənaye üzrə böyük layihələr gerçəkləşibdi. Muzeylər, camilər tarix sirdaşı.
Çubuk bəyin anım kompleksi sol tərəfdən Meydan Caminin son qalıqları, sağ yandan isə Ulu Cami ilə çevrələnib. Buradan keçən prospekt Harput qalasına götürər səni. Əsədiyyə camisi Əxi Musa məscidi ilə yanbayandı. Əhməd bəy camisi Murad Baba camisinin onaddımlığında, Hacı Həsən camisi Kurşunlu caminin əlyetərindədi. Fateh Ahmetbaba türbəsinə Dabakhane Kaplıca səmtindən geniş yol ayrılır. Tarixi anım kompleksi sağ səmtdə qalır. Tarixi Hacı Hulusi Əfəndi qəbiristanlığını İmam Əfəndi türbəsinin yaxınlığında ziyarət edə bilərsiniz. XII-XIII əsrlərin silinib-pozulmaz ta­ri­xindən söz açar sizə Əsədiyyə camisi. Səlcuqlu dədələrimizin barmaq izini yaşadar hər kərpic parçası, hər daş hörgüsü.
Hoca Mescid məhəlləsi Hoca Hamamıyla qarşılar səni. «Bə hansı Xocadı bu xoca belə?» – deyib xəbər alma, biləni yoxdu. Tikməyib özü qala, tikib ki, izi qalsın.
Şəfalı suları mədə-bağırsaq, qaraciyər xəstəliklərinə məlhəm olan Dabakhane Harput qalasının quzeyindəki dərədə yer alır.
Kazım Əfəndi Türbəsinə bizlərdən bir salam olsun. İmam Əfəndi Türbəsi Ərzurum qoxusu verməyindədi. Çox vaxt əslinin-nəslinin adıyla Ərzurumlu deyilən İmam əfəndinin ruhu bu türbədə uyuyur.
Ağın qalasından söz açım sizə; 1018-ci illərdə yapıldığı bilinir. Yenipayan kəndi sınırları içərisində yer alıb. Oyma mağaralar göz önündədi. Gizli pilləkənlər, keçidlər səni tarixə götürər hər qədəmində. Hava hardan gəlir? – sirri-xudadı… İşıq hardan düşür?
Ağın səmtlərinin tarixi evləri adla deyilər ta əzəl gündən. İki-üç qatlıdı adəti üzrə. Sanki Karabükdən, Safranboludan çeşidlər daşıyıb ustalar bura. Bu da qaya məzarları – Ağındı bura… Yazılı daşlarda minillik tarix yatır. Məzarlar qayaya əmanətlənib. Daşlar çapılıbdı yerli-yerindən.
Baskil qəzasının batı səmtindən Abdülvehhap Qazi türbəsinə yol gedər… Bir dağ yamacında tarixləşibdi. Mağara içində türbə yapılıb. Yunis Əmrə taleyinə bənzər taleyiylə yaşar yaddaşlarda Abdulvəhhab Qazi… Eynən onun kimi müxtəlif, fərqi məkanlarda dəfn olunduğuna aid türbələri var. Türbəsinin aşağı tərəfində Zeynəb Xatun türbəsi yer alıb. Rəvayətə görə Qazi həzrətlərinin xidmətçisi olub, suyunu daşıyıb, çörəyini yapıb. Hərdən adına Qeysər qızı da deyərlərmiş…
(ardı var)

dsc07960 dsc07963 dsc07971 dsc07964

Advertisements

18.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: