VƏTƏN UNUDULMUR, VƏTƏN UNUTMUR…

VƏTƏN UNUDULMUR, VƏTƏN UNUTMUR…
(“QƏNİRƏ PAŞAYEVA İLƏ ADDIM-ADDIM EIAZIĞ”)
3-CÜ YAZI
dsc07862Şair, ədəbiyyatşünas qardaşım Sərvaz Hüseynoğlu ancaq mənim eşidə biləcəyim bir tərzdə, özünəməxsus sakitliklə səhər o başdan etdiyi ricanı xatırlatdı mənə. Qanlı-qadalı 37-ci illərin repressiya qurbanı, nakam şairimiz Almas İldırımın tez-tez ziyarət etdiyi, doğma Xəzər dənizinin qoxusunu aldığı Xəzər gölünü ziyarət etmək istədiyini bildirmişdi. «Mütləq ziyarət edəcəyik-demişdim. – Mütləq!»
Həmən, heç unuda bilmədiyim, zaman-zaman haqqı tapdalanmış, eli-obası yağmalanmış Azərbaycanımıza ana laylası kimi xitab olunmuş misralar yaddaşımı göynədib keçmişdi:
Hanı məni gül qoynunda doğuran,
Xamırımı göz yaşıyla yoğuran,
Beşiyimdə «layla balam!» çağıran?
Azərbaycan, mənim baxtsız anam, oy!..
Neçə ildir həsrətində yannam, oy!..

Ani olaraq yenə xatırlayıram o unudulmaz misraları. Xocalı ağrısının, nisgilinin qaysağını qoparır elə bil…
Bələdiyyə yetkililəri və alim dostlar:
– Bir şeymi gərəkdi-deyə soruşurlar.
Almas İldırımla bağlı Elazıqda nələrin qaldığını soruşuram.
O könül parçalayan olaylar yenidən xatırlanır; Sovet imperiyası təzyiqləri əlindən doğma Bakısından baş götürüb Türküstana qaçan şairi burada da rahat qoymurlar. Əlacsız qalıb Cənubi Azərbaycana üz tutur. Burada da fars zabitləri onu cəsus hesab edir, səhərə qədər boğazına kimi çıxan su içində saxlayırlar. Birtəhər canını qurtarıb qardaş Türkiyəyə pənah gətirir. Həyat yoldaşı və körpə balası Azərlə bərabər. Azər Yılmaz 3-4 il əvvəl Bakıda olarkən Sərvaz bəyə özü danışıb bu əhvalatı: «İran sərhəddini keçərkən mən anamın qucağında olmuşam. Bir yandan yorğunluq, əzab-əziyyət, bir yandan da mənim aclıqdan ağlamağım əhdlərini kəsibmiş. Məni bir qaya dibində qoyub Allaha tapşırırlar. Ayrı əlac yox imiş. Ancaq az getməmiş dözməyiblər. Dönüb götürüblər. Nə qədər çətin olsa da götürüblər».
Gəliblər Elazığa. Almas İldırım burada bir müddət müəllim kimi çalışıb. Xiffət içində yaşayıb. Gəlirmiş doğma Xəzərini xatırladan gölün kənarına, saatlarla oturub tamaşa edir, xəyala dalırmış. Sonra Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkə məktub yazıb, bu gölə rəsmən Xəzər adının verilməsini xahiş edib. Nakam şairin bu arzusu nəzərə alınıb. O ağrılı illərin canlı şahidi Azər Yılmaz söyləyir bunları.
Fırat Universitetinin rektor yardımçısı Nuru bəy telefon açıb kiminləsə konuşur: – Azərbaycandan millət vəkilimiz Qənirə xanım öz arkadaşları ilə gəlib. Bizimlə olmağınızı rica edirik, həmən gəl!
Az keçməmiş Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı, «Manas» nəşriyyatının başqanı Şener Bulut gəlir. Hal-əhvallaşır, sonacan bir yerdə oluruq. Almas İldırımdan bəhs edirik. Şener bəy «Uyuduğu qəbir naməlumdu, – deyir – ancaq şəhərimizdə adını daşıyan küçə var…» Oğlu Azər Yılmazın mobil telefonunu verir. Həmən zəng edirəm. Azər bəyin yorğun, qos-qoca, tutqun səsi «sizi Azərbaycanın Millət vəkili Qənirə xanım Paşayeva arayır» sözlərini eşidəndə elə bil birdən-birə dirçəlir, yorğun, səsi fərəh dolu bir ahəng alır…
Həm də titrəyir…
Həm də qəm dolu bir hekayət boxçası kimi açılır elə bil…
Fevralın 23-də İstanbulda olacağımızı və mütləq ona telefon açacağımı söyləyib sağollaşıram… Heç unutmadığım misralar dolaşır yaddaşımda:

Hakka aşiq dərvişlərin daşı göydə,
Bu aləmdə məkan tutmaz canı göydə…

Haqqa aşiq olan dərvişlərin könül dostu Almas İldırımın ciyərparası Azər bəyin telefonda titrəyən, eyni zamanda sevincək səsi hələ də qulaqlarımdan getmir.

BU, «AZƏRBAYCAN» PARKIDI…

Elazığın ən görümlü yerlərindən birində Azərbaycan adını əzizdən əziz tutaraq salıblar bu parkı. Tanış olduğumuz qısa vaxt ərzində bizimlə çox doğmalaşan Şener bəy parkda Azərbaycan şəhidlərinin anımıyla bağlı abidənin açılış mərasimindən söz açır. «Yazıçılar Birliyinin sədri Anar və bir çox başqa ziyalılar da iştirak edirdilər” – deyir.
Qardaşın qardaşa olan təmənnasız sayğısından, dərdini, kədərini dərdi, kədəri bilməsindən duyğulanır, qürur keçiririk. Eyni zamanda, Xocalı yaramız, o gözəl bölgələrimizin işğal altında olması könüldən sevinməyə imkan vermir. Şəhidlərimizin ruhuna dualar oxuyur, Xocalı dəhşətinin törədildiyi günlərdə çəkdiyimiz acılardan söz açırıq. Hamımız “İnşallah, torpaqlarımızın bir millət olaraq azad edib o gözəl bölgələrimizdə də şəhidlərimizin ruhuna abidələr ucaldarıq… İnşallah, gələn dəfə Dağlıq Qarabağda görüşək“ deyirik.

«EY, NƏ XOŞ ANLAR İDİ…»

Xoş anlardı ki, Elazıq mərkəzində salınan «Azərbaycan parkı»ndan keçib Almas İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospekti ilə irəliləyirik. Xankəndi məhəlləsi haqqında Şener Buludun verdiyi bilgiləri dinləyə-dinləyə tarixi qardaşlığımızdan, bir kökdən gəlib, bir kökə getməyimizdən söhbət açırıq. Elə hey düşünürəm ki, elə bil, başlarına gələcək qəzavü-qədəri əvvəlcədən bildiyi üçün Allah daha möhkəm yaddaş veribmiş bizim Qarabağ camaatına. Tarixin bəzi dönəmlərində Qarabağdan köçmək məcburiyytində qalmış bəzi Qarabağlı ailələr hara köçüblərsə o yerlərə özləri ilə bərabər doğma yer-yurd adlarını da aparıblar, məskunlaşdıqları yerə öz doğma obalarının adını veriblər. Bu, Qarabağdan köçmək məcburiyyətində qalan insanlarımızın xüsusi özəlliyə malik bir xarakter, düşüncə, ilkinliyə bağlılıq xüsusiyyətləridi.
Almaz İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospektində söhbət edirik. Elazıqlı alim dostlarımız Azərbaycan ədəbiyyatının bir sıra tanınmış şair və yazıçılarının Elazığı ziyarət etdiklərini xatırladır. Dönüşümüzdə onlara salamını çatdırmağı rica edir: “Elazıqda ənənəvi şəkildə keçirilən Beynəlxalq Xəzər poeziya şöləninə Azərbaycandan xeyli şair dəvət edirik. Sağ olsunlar, həmişə sözümüzü tutub gəlirlər. Bu dəvətlər və görüşlər qarşılıqlıdı. Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Bakıda keçirilən Xəzər şeir axşamları günlərini heç unutmadıq ki!..” An əbədiyyətə qovuşur. Zaman durdurulur. Məmməd Arazın misraları sıralanır yaddaşımda: «Burda nə danışmaq, burda nə dinmək, gedən gedərgidir, qalan qalacaq…»
Bir yanı Malatya, bir yanı Bingöl, bir yanı Tunceli və Diyarbəkir olan Elazıqda qonaq deyilik… Daha çox ev sahibi kimiyik; Xankəndi məhəlləmizlə, Almas İldırım küçəmizlə, Bəxtiyar Vahabzadə prospektimizlə, «Azərbaycan parkı»mızla, Xəzər gölümüzlə. Bu yurdun hər qarış torpağını qanı-canı bahasına qorumuş, bu vilayəti qurmuş, ucaltmış, Harput əfsanəsinin baş qəhrəmanı Balak Qazi dost-doğma Oğuz boyundan gəlmişdi. O boydan ki, ruhumuz, canımız o müqəddəslikdən qaynaqlanır.

HALALLIQ ALMADAN KEÇİLMƏZ BURDAN

Elazığın hər məhəlləsi, küçəsi bir tarix boxçasıdır. Bunun nədənliyinə varmaq üçün gərək Hicrət, Nailbəy, Rüstəmpaşa, Mustafapaşa, Rizayiə, Cümhuriyyət məhəllələrini əmin-arxayın gəzib-dolaşa biləsən. Ancaq vaxt gözləmir, zaman dar gəlir.
Elazıq Böyük Şəhər Bələdiyyəsində olan görüşdə xoş qarşılayırlar bizi. Yenə də bir kökdən gəlməyimiz, dil, din, ruh doğmalığımız əsas mövzu olur. Azərbaycan-Türkiyə əməkdaşlığından, Qarabağdan, gənclərimizə ortaq tarix, ədəbiyyat, mədəniyyət və həqiqətlərimizin daha geniş öyrədilməsinin önəmini vurğulayırıq. Bələdiyyə yetkililərinə səmimi görüş üçün minnətdarlığımı bildirirəm. Elazığın Azərbaycanın böyük, tarixi şəhərlərindən biri ilə qardaşlaşması zərurətindən söz açıram və bunun çox böyük əhəmiyyətini xüsusi vurğulayaraq Elazıqda Azərbaycan şəhərlərindən birinin qardaşlaşmasını təklif edirəm. Təklifi böyük məmnuyyətlə qəbul edib “bu məsələ üzərində çalışacağıq” deyirlər. Bələdiyyə yetkililəri ilə görüşümüzdə ortaq acımız Dağlıq Qarabağ problemi, Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi üçün həyata keçirilən işlərdən də danışırıq. “Türkiyə hər zaman yanınızdadı” deyirlər. Bələdiyyə yetkililərinə Azərbaycan, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum “Xocalı soyqırımı tanıkların dilinden” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, eyni zamanda müəllifi olduğum “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm. Bələdiyyə yetkililərinə görüşdə iştirak edən dostlara yaxın zamanlarda “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından ikinci kitabımın işıq üzü görəcəyini və bu kitabda aşiq olduğum Elazığa xüsusi yer ayıracağımı söyləyirəm. Bələdiyyə yetkililəri bu xəbərdən böyük məmnuniyyət duyduqlarını, bu cür kitabların böyük önəmini xüsusi vurğulayırlar. “İnşallah, gələn səfərimdə kitab hədiyyəsi ilə gələcəyəm” – deyirəm. Bələdiyyə yetkililəri də öz növbələrində bizə Elazığı anladan hədiyyələr təqdim edirlər.
Tarixi birliyin, doğmalığın rəmzi olaraq da bir arada ziyarət edirik Üryan Baba türbəsini. Tarixin yuxuya daldığı bir məkandı burası. Gərək ayaqla yox, ruhla, düşüncəylə qədəm basasan. Elazıqda deyirlər ki, gərək Harputda «Qayabaşı» adıyla anılan açıq hava muzeyinə getməzdən öncə yamacda yer alan Üryan Baba türbəsini ziyarət edib halallıq alasan, Türbə qapısı önündə nəzər çəkən daş üzərindəki yazıdan anlayıb-biləsən burda uyuyanın kim olduğunu:
«Allahın sevdiyi qullardan İsmailin torunu, Ömərin oğlu Hafiz Mühammed…»
1278-ci ildə yapılan türbənin giriş qapısından daxil oldunsa, sağ səmtdə bu mübarək zatın əbədiyyət yuxusuna daldığı sərdabəni görəcəksən. Bu səmtə Kurşunlu camidən keçib gəlmişdik. Harput muzeyi, Güllübağ məhəlləsi bu səmtdə idi. Eləcə də Harput məhəlləsi, Əhməd Kabaklı bulvarı, Sara Xatun camisi… Bu, Ağqoyunlu dövlətinin 5-ci hökmdarı Uzun Həsənin anası Sara Xatundu ki, Elazıqda camisi 1463-cü ildə yapılıb. Allah müfti Hacı Əhməd əfəndiyə rəhmət eləsin ki, 1850-ci ildə camini yenidən bərpa etdirib. Bir qayda olaraq Harput camilərində kitabələrə rast gəlinməz. Yalnız Ulu cami 2, Kurşunlu cami 1 kitabəyə sahibdi. Ancaq Sara Xatun Camisi yeganə tarixi abidədi ki, 18 kitabəyə sahiblik edir.

ƏRƏNLƏRİ İLƏ TANINAN ELAZIQ

Sonra da Arap Baba türbəsini ziyarət etmək üçün qədəm alırıq. XIII əsrdə yaşamış bir behiştlikdi. Əsl adı Yusif, atasının adı Arabşah olub. Harputun fəthi üçün gələn Səlcuqlu sərkərdələrindən biri, eyni zamanda sayılıb-seçilən bir vəli olduğu bilinir. Türbəsi 1279-cu ildə yapılıb. Türbəsinin alt qatında qəbir odası, üst qatında isə ziyarət edilən sandıqça yer alıb. Qəbrinin özəlliyi nəşinin hər kəs tərəfindən görülə biləcək qədər açıqda olmasıdı; çürüməmiş cəsəd və kəsilmiş baş… Göz önünə bu müqəddəs torpaqlar uğrunda gedən qızğın savaş səhnəsi gəlir. Yay çəkilir, ox atılır, nizələr süzür, qılınclar qından sıyrılır. Hər tökülən şəhid qanı bir tarix səhifəsi yazır. Bu savaş yolunda kəsilən başlar belə gözəl görünür. Yadıma «Nəsimi» filmindən unudulmaz bir səhnə düşür. Əmir Teymur oğlu Miranşah gözəl və mətanətli Şəmsin qürurunu qırmaq üçün igid Bahadır xanın kəsilmiş başını onun qarşısına atır. Şəms o kəsik başı ilahi bir duyğuyla süzür, ətrini qoxuyur və vüqarla «Bahadır xanın ölüsü də, kəsilmiş başı da gözəldir» – deyir.
Çarşı məhəlləsi boyu gəzib-dolaşdığım anların özündə belə bu duyğular mənimlə olur. Zibeydə xanım bulvarı boyunca uzanıb gedən geniş yol bu səmtə götürür yolçularını. Qazi prospektidi göz önündəki… İbrahimpaşa məhəlləsi solunda qalır. Eləcə də Yeni məhəllə, Raziyə məhəlləsi, Universitet məhəlləsi…
Fırat Universitetinə bu səmtdən keçib gedirik. Burada bizi müəllim-tələbə heyətilə görüş gözləyir. Bir dünyalıq məhəbbətlə qarşılanırıq. Xocalı soyqırımına həsr edilmiş konfransı gənclər böyük diqqətlə dinləyir, o dəhşətli soyqırımı əks etdirən sənədli filmdən fraqmentlərə, foto-faktlara milli kədər hissilə, «bu qan yerdə qalan deyil!» duyğularıyla baxırlar.
Fırat Universitetində düzənlənən bu önəmli konfransda etdiyim çıxışda vurğuladım ki, Ermənistan təkcə işğal etdiyi Xocalı şəhərini qan içində boğmadı, eyni zamanda, Qaradağlıda, Bağanıs-Ayrımda, Ağdabanda da dəhşətli qətliamlar törətdi. Bu gün türk torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq istəyənlər törətdikləri vəhşilikləri ciddi-cəhdlə ört-basdır etmək istəyirlər. Biz buna imkan verməməliyik, Azərbaycan həqiqətlərini dünyaya daha geniş çatdırmaq üçün birliyimizi, ortaq səylərimizi daha da artırmalıyıq. Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemi olmalıdır. Bu sahədə Türk gəncliyinə inanırıq. Gənclər sosial mediada həqiqətlərin daha da geniş yayılmasında fəal olmalıdırlar. Bu gün Fırat Universitetinin tələbələrinin, eləcə də, burada təhsil alan azərbaycanlı tələbələrin simasında mən bu gəncliyi görür və onlara inanıram. Fırat Universitetinin rektoru, Prof. Dr. Kutbeddin Demirdağ, eləcə də, ziyalılar, millət vəkilləri mənimlə həmrəyliklərini bildirirlər. Konfransdan sonra həmmüəllifi olduğum “Hocalı Soykırım tanıkların dilinden“ kitabının universitetdə təqdimatı və imzalanması mərasimi oldu. Gənclərin kitaba və öyrənməyə marağını görüb onlarla geniş fikir mübadiləsi edib, suallarını cavablandırdıq. Eyni zamanda Fırat Universitetində təhsil alan və sayları hər il daha da artan azərbaycanlı tələbələrimizlə də görüşərək geniş fikir mübadiləsi apardıq və Azərbaycanı, tariximizi, mədəniyyətimizi, həqiqətlərimizi həm təhsil aldıqları universitetdə, həm də Elazıqda daha geniş tanıtmaq üçün fəallıqlarını daha da artırmağa çağırdıq. Onlara Azərbaycan həqiqətləri ilə bağlı materiallarla yanaşı müəllifi olduğum kitabları da xatirə hədiyyəsi kimi təqdim etdim.
Fırat Universitetinin rektoru, Prof. Dr. Kutbeddin Demirdağ, rektor yardımçıları ilə olan söhbətlərimizi heç unutmuram. Ölkələrimizin universitetləri arasındakı əməkdaşlığımızın inkişafı, ziyalılarımız arasında əlaqələrin genişlənməsinin önəmi barəsində geniş fikir mübadiləsi apardıq. Rektor Prof. Dr. Kutbeddin Demirdağ Azərbaycan universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini deyir və gələcəkdə də bu əlaqələrin daha da atracağını vurğulayır. Ona Azərbaycan, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum “Xocalı soyqırımı tanıkların dilinden” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, eyni zamanda müəllifi olduğum “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm və universitetlə geniş tanış oluruq. Rektora azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğı üçün təşəkkür edib, bu münasibətin hər zaman davam edəcəyinə inandığımı deyirəm. Tədbirlər başa çatdıqdan sonra da şəhərlə tanışlığı davam etdiririk. Qazi prospektindən Yıldızbağları, Fevzi Çakmak məhəllələrinə yol dönür; İnönü, Pertek prospektləri önümüzdədir… Dövlət, Akif, eləcə də Diaqnostika (araşdırma) xəstəxanaları bu səmtdədi. Baykara prospekti İnönüdən ayrılır. Atatürk prospekti bu geniş prospektlə Yunis Əmrə bulvarını birləşdirir. Universitet məhəlləsi ilə Yeni məhəllə bu arada çevrələnir. Üzbəüzdə, sağ tərəfdə Sürsürü prospekti uzanıb gedir.
Sarayatik məhəlləsi Çarşı məhəlləsilə qucaq-qucağadı. Bir az da sağ yanda Çevrə yoludu. Düz Diyarbəkrə aparır. O Diyarbəkrə ki, bir zamanlar Ağqoyunlu imperatorluğunun paytaxtı olub. Az sonra bu yolla Sivricə köyü ətəyində yer alan Xəzər gölünü ziyarətə gedəcəyik.
İndilikdə isə yolumuz tarixi Harput qalasınadı. Hürriyyət prospektindən Harput prospektinə dönürük. Qalaya qədər uzanıb gedir. Hərbi (Askeri)  xəstəxana arxada qalır. Ulukənd məhəlləsi sağdan boylanır. Harputa aparır dolama yollar.

(ardı var)

dsc07899 dsc07887 dsc07954 dsc07938 dsc07908 dsc07910 dsc07944 dsc07933

Advertisements

17.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: