DƏRVİŞ KİMİ YAŞAR, PADŞAH KİMİ UYUYARAM!..

DƏRVİŞ KİMİ YAŞAR, PADŞAH KİMİ UYUYARAM!..

(“Qənirə Paşayeva ilə addım-addım Konya”)
3-ci yazı
 

dsc_0051BİR KONYA ZİYARƏTİNDƏ

 “Nə zaman bu şəhərə gələcək oluramsa, içimdə bir həyəcan duyuram. Həzrəti Mevlana düşüncəsiylə mənliyimi sarır…” Mustafa Kamal Paşanın bir Konya ziyarətində söylədiklərindəndi. Konyaya hər gəlişi coşqun sayğıyla qarşılanarmış o böyük insanın. O da deyərmiş ki, Konyanın qonaqpərvərliyi məni həddindən artıq mütəəssir edir. Konya Atatürkün İstanbul və İzmirdən sonra ən çox ziyarət etdiyi şəhər olmuşdur. Üst-üstə 13 dəfə Konyaya gəlmiş, toplam olaraq 33 gün burada müsafir olmuşdur.

39 min kvadratmetr bir əraziyə sahiblik edən Konya toplam olaraq 31 qəzanı özündə birləşdirir. 130 ölkəylə ticarət əlaqələri var. 

SƏKKİZ SULTAN YATIR

BİR TÜRBƏDƏ 

1220-ci ildə Konyada Anadolu Səlcuqlu dövlətinə başçılıq edən Sultan I Alaeddin Keykubad tərəfindən yaradılmış eyniadlı təpə üzərində inşa etdirilımiş camidə səkkiz Anadolu Səlcuqlu sultanı uyuyur. I Alaeddin Keykubadın, I Rükneddin Məsudun, I Qılınc Arslanın, IV Qılınc Arslanın, II Süleyman şahın, I Qiyasəddin Keyxosrovun, II Qiyasəddin Keyxosrovun, III Qiyasəddin Keyxosrovun qəbri bir yerdədi… Ziyarət edib, ruhlarına dualar oxuduq. 

ƏBƏDİYYƏT ARXAYINLIĞI 

Deyirlər ki, İkinci Dünya savaşı ərəfəsində bir tanışı Tayyip Ağaya öz məqamını bildirmək istəyir:

– Aman, Tayyip Ağa, bu dünyanın taleyi nə olacaq?

Tayyip Ağa halını pozmadan soruşur:

       – Nə var, oğlum, bu dünyanın halında?

– Nə olacaq, Tayyip Ağa, baxsana, dünyanın hər tərəfi yıxılıb gedir.

Tayyip Ağa bu dəfə də halını pozmadan cavab verir:

– Yıxılırsa yıxılsın, oğlum, dünya yapılarkən daşını sənmi daşıyırdın?..

Dünyanın əbədiliyinə dönməz inamın ifadəsi, şəkillənməsi belədi. Tayyip Ağa əmin-arxayın idi.  Konyanın əbədiyyət qoxuyan durumu da böylə anlatmaqdadı. Keçmişindən və gələcəyindən arxayındı. 

MƏNƏ DOSTLARIMLA ƏZİZDİ KONYA 

Xəyal, fikir dostlarım haqqında ilk kəlmədən, ilk sözdən bəhs etmişəm; Hz. Şəms Təbrizi, Cəlaləddin Rumi, Konevi, Sultan Vələd…

Gerçək həyatda sıx təmasda olduğum dostlar da əzizdi, doğmadı mənə. Xüsusilə Konyanın millət vəkilləri, bələdiyyə yetkililəri, dəyərli aydın dostlarım…

Türkiyənin Baş naziri Əhməd Davudoğlu da məhz bu qədim bölgədə dünyaya göz açıb. Zaman-zaman onunla, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun sabiq rəhbəri M.Kabakçı, millət vəkili Ayşə Türkmənoğlu və bir sıra digər dostlarla görüşüb, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş söhbətlər etmişik. Bu tarixi şəhərdə eyni zamanda bir çox azərbaycanlı elm, sənət xadimlərimiz çalışır, qardaşlıq, tarixi əməkdaşlıq, dostluq ənənələrimizə öz töhvələrini verirlər. Sıx-sıx görüşürəm hər Konyaya gəlişimdə. Eyni zamanda hər səfərimdə mütləq Konya Universitetlərində təhsil alan azərbaycanlı tələbələrimizlə də mütləq görüşür, fikir mübadiləsi aparıram. 

HƏR QƏZA DOĞMAMDI,

HƏR KƏND ƏZİZİM 

Hər il orta hesabla iki milyon turistin ziyarət etdiyi Konyanın ən böyük qəzası Səlcuqludu. Yaşı 3 min illik vaxt-zaman məsafəsi ilə ölçülür buradakı məskunlaşmanın. Möhtəşəm tarixi əsərləri, muzey və sarayları ilə önəmli bir turizm mərkəzidi Səlcuqlu. Tarixi Sille məhəlləsi burada yerləşir.

Böyük Səlcuqlu İmperatorluğunun hökmdarı Sultan Alp Arslan zamanında belə səsləniş edirdi ərzin səs çatıb-ün yetərinə: “Biz türklər təmiz müsəlmanlarıq və bidət bilmərik. Buna görə də Allah xalis türkləri əziz tutur”.

Tarixi həqiqətdir ki, bəzən bəyliklər çox böyüyür, genişlənir və böyük bir imperatorluğa da çevrilə bilirdi. Məsələn, “bir Səlcuq bəy, bir Osman bəy çıxır, öz adları ilə anılan bəylikləri yenə öz adları ilə anılan bir imperatorluq halına gətirirdilər”. Böyük Səlcuqlu İmperatorluğu 1040-cı ildən başlayaraq, 117 il idarəçiliyini sürdürmüşdü. Bu imperatorluqdan 29 il sonra qurulan Suriya Səlcuqlu İmperatorluğu 118 il ömür edə bilmişdi. Girman Səlcuqlu imperatorluğunun hökmranlığı isə daha az, 95 il olmuşdur. İraq Səlcuqlu dövləti ondan daha az – cəmi 35 il tarixə yoldaşlıq etmişdi. Anadolu Səlcuqlu dövlətinin ömrü isə 215 illik bir zaman məsafəsiylə ölçülməkdədi. O böyük, tam bir yüksəliş dövrü olan dövlətin xatirəsini Səlcuqlu bələdiyyəsi özündə yaşatmaqdadı. Ənənə bu gün də davam edir. Sille bələdiyyəsinin ərazisinə nəzər salmaq bəhs edər; Karadaş camisi, Məzarkayası camisi, Ak cami, Məzarlıq, Kızıl, Mağara kilsələri, Hacı Əli Ağa, Subaşı, Karadaş tarixi  çeşmələri, qədim Sille qonaq evi Sille məhəlləsində yer alıb. Konyaya yolunuz düşsə bu gözəl tarixi məkanları görmədən dönməyin…

Sultan Alaeddin Keykubad tərəfindən Səlcuqlu sarayı yaxınlığında ucaldılan cami Səlcuqlu memarlığının ən möhtəşəm abidələrindən biri kimi hələ də diqqət çəkməkdədi.

1264-cü ildə İkinci İzzəddin Keykavus tərəfindən yapdırılmış İnce Minarə muzeyi hələ də tarixə yoldaşlıq edir.

Karatay çini əsərləri muzeyi, Zazadin hanı burdadı.

Tarixi Alaeddin Təpəsi Səlcuqlu qəzasında yer alıb. Eləcə də Ak Monastr, İnce Minarə. Bu minarə Konyada turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir. 

BURASI AHIRLIDI 

Ahırlı qəzası isə ən çox bağçılıq, taxılçılıq təsərrüfatı ilə məşhurdu. Burada bol-bol noxud yetişdirilir. Mərkəzi Seydişəhər – Bozkır şosse yolu üzərində yer alıb. 

BU DA KARATAY QƏZASI

Bütövlükdə 24 kəndi birləşdirən Karatay, 8 kəndi əhatə edən, torpaqları May Barajının sularından barınan Ağörən qəzalarını gəzib-dolanmağa zamanmı yetər? Hələ bir Ağşəhər qəzası gözləyir səni; batısından Sultan dağları, Ağşəhər gölüdü əl edən sənə… “Gəl məni seyr et” deyir Adıyan çayı. Bu qəza Xoca Nəsrəddinin yaşadığı bir yer kimi tanınır. Hər il ənənəvi Nəsrəddin Hoca şənlikləri başlanır burda. 

HƏR BİRİ ƏZİZDİ, DOĞMADI MƏNƏ… 

Altunəkin, Bəyşəhər qəzalarından söz açım sizə… Bəyşəhərin quzeyi Sultan Dağları, doğusu Ərənlər, güneybatısı Dədəgöl dağları ilə çevrələnib. Böyükkörpü və Böyük çayları burdan axıb keçər öz nəğməsiylə. Burada mədən sularının qaynağı boldur.

Bozkır qəzası 10 kəndi bağlayır bir-birinə. Yıldızlı dağları bu səmtdən baxar, güney batısında Esenler dağı… Çerşenbe suyundan içəsən gərək…

Cihanbəyli qəzası Cihanbəyli obası, İnsuyu dərəsi, Duz gölüylə çevrələnib. Çəltikli, Dərbənd qəzaları göz çəkir elə. Dərbənd Aladağın ətəyindədi. Dərəbucuq qəzası Dədəgöl, Geyik, Geytan dağlarına söykənib durur. Bağ-bağat yeridi ilkdən, əzəldən. Doğanhisar qəzası səbzə və meyvə məskənidi. Burda mal-qara bəslənər bütün fəsillər.

Əmirqazi, Ərikli qəzaları fabrik, zavod yatağıdı.

Hadim qəzası zəngin meşəsiylə, Göysuyuyla tanınar. Eləcə də Güneysınır, Halkapinar qəzalarında dədə-babadan arpa, buğda, şəkər çuğunduru əkilib-biçilər.

Konyanın İlğın, Kadınhanı, Kulu, Sarayönü qəzalarının hər birinin öz gözəlliyi var. Dəyirmanözü və Bizarözü dərələri, Samsam, Köpek və Kiçik göllər Kulu qəzasının yavrularıdı. Daşkənd qəzası Geyik dağlarına sahiblik edir. Qoyun-keçi sürüləri barı-bərəkəti sayılır hər vaxt. Duzluqçu xəfif düzəngahlar məkanıdı. Mal-qara bəslənir bu gözəl eldə. 

KONYA MƏTBƏXİNDƏN SÖZ AÇIM SİZƏ 

Süfrələrdən Ərəbaşı, Bamya şorbaları kəm olmaz ki! Tirid bişirərlər, düyün plovu dəmlərlər. Ətrəkmək, Fırın kababı, Sacarası, yoğurt (qatıq) şorbasından dad ki, dadasan… Gözəl mətbəxi var Konyanın.

BURASI BİR ELM OCAĞIDIR 

Konyada Səlcuq, Nəcməddin Erbakan, Karatay, Mevlana, Qida və Tarım Universitetləri kimi tanınmış elm-təhsil ocaqları var. Hər birində müəllimlik edən çoxlu dəyərli dostlarım var. Bu elm-təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrimizin də sayı hər il daha da artır ki, onlar bu gün də, gələcəkdə də qardaş ölkələrimiz arasında bağların daha da möhkəmlənməsinə xidmət edəcəklər. 

KONYANIN GÖZ-BƏBƏYİ MERAM 

Yetkililər Meramı Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən olan Konyanın göz-bəbəyi adlandırır. Tunc dövrünə qədər ulaşan zəngin tarixi ilə Meram bir çox müxtəlif, dəyişən mədəniyyətlərə ev sahibliyi edib.  İbn Battütadan tutmuş Evliya Çələbiyə, İbn Bibiyə qədər bir çox tarixi şəxsiyyətlər Meramla bağlı ən səmimi ürək sözlərini söyləmişlər. Evliya Çələbi Konyanı ziyarət edərkən Meramı Belqraddakı  Valiva, Budın, Sudan, Mora və Alaşəhər kimi mədəniyyət mərkəzləri ilə müqayisə edir. Meram bu təsvirlərdə su, yaşıllıq və tarix qoynu, qucağı kimi qələmə verilir.

Meram kəlməsi “Amac, arzu, hədəf, qayə, mövzu” anlamındadı. Meram şəhər mərkəzindən 8 km-lik məsafədə, batıdakı Loras dağının dik meyilli çılpaq yamacları boyunca Konya yönünə doğru yelpazə kimi açılan bir yaşıllıqlar məkanıdı. Əsl gözəlliyini Səlcuklular zamanında əldə edib. Bu gözəlliklər Karamanoğulları, Osmanlılar və Cümhuriyyət dönəmlərinin quruculuq işlərilə zaman-zaman artıb, çoxalıb. Meramın Mevlanalı və Mevlevili zamanları Səlcuklu başkəndi Konyanın tarixinə unudulmaz xatirələr bəxş etmişdir. Bu məkan o qədər əfsunkardır ki, yüzillərin o başında Konyaya gələn ünlü müsafirlər, bəylər, şahzadələr, sultanlar Meramda qarşılanırdılar. IV Sultan Murad 1637-ci ildə Meram bağlarında dincəlmiş, “Cedidiyye”, “Hadika-i Maarif”, “Sefiyye” adında məktəblər o zamanlarda fəaliyyətə başlamışdı. Yaxşıya, xeyirə doğru dəyişmək Meramın ruhundan, yaşam tərzindən irəli gəlir. Həzrəti Mevlananın özü də bu dəyişmənin, yeniləşmənin bayraqdarı, məsləhətçisi olmuşdu. Bu barədə deyilənlər, hekayət edilənlər saya-hesaba gəlməz. Tək bircəsini yada salmaq kifayət edər ki, bu böyük insanın düşüncə ənginliyinin çevrəsini fəhm edə biləsən… 

ÜÇ YOLLA GƏLƏRSƏN GƏLSƏN MERAMA

“Meram bir az məkandır, bir az da insan!” söyləyən tarixçi Saim Sakaoğluna ehtiramla “Düz buyurmusunuz, əfəndim, yüzdə yüz belədi!” səslənişimi  boğa bilmirəm. Yenə də unudulmayan xatiratları dinləyib dururam: “Həzrəti Mevlana Hüsaməddin Çələbinin bağında qonaqmış… Sübh çağı bağçada dolaşarkən bülbüllərin nəğmələri Həzrəti Pirin zikrinə qarışır. Məsnəvi şairi də öz səmimi istəyilə bülbüllərin susmasını istər.  Yəni, iki gözəlliyin bir arada olmasına şaşırır, istəmir bülbüllərin xoş cəhcəhi Mevlananın xoş avazını eşidilməz edə. O gün-bu gün, Meramda bülbül ötməz deyirlər…” Ancaq Meramda xatirələr birər-birər ötməkdədi və biri o birinin haqqına sahib çıxası da deyil. “Merama üç yolla yetmək olar” deyilməkdədi… Ən qədimi Əski yoldur. Yenisini də eyni adla anırlar; Yeni  yol! Bir də Aşkandan dolaşıb Yakadan keçəndi…

Məncə, Meramın bir əbədi, dəyişməz yolu da var ki, o da Könül, Qəlb yoludu. 

«SƏNMİ YAŞLISAN, SAQQALINMI?» 

Bir gün Mevlana Həzrətləri könül dostlarıyla bərabər Meram məscidindən şəhərə dönürmüş. Qarşılarına çıxan bir rahib onlara baş endirib təzim edir. Mevlana ona ötəri bir nəzər salıb sorur: “Sənmi yaşlısan, saqqalınmı?”

Rahib “Mən saqqalımdan iyirmi il böyüyəm-deyir, – o, daha sonra çıxdı”.

Həzrət Mevlana bu cavabı alınca belə deyir: “Ey zavallı, saqqalın səndən daha sonra çıxdığı halda dəyişdi və kamala yetdi. Sənsə əvvəllər necə idinsə, indi də o cür qalıbsan; qaranlıq və pərişanlıq içində üzürsən. Əgər dəyişməz və olğunlaşmasan, yazıqlar olsun sənə!”

Meramın öz kutsal, pirani keşmişini hifz etməklə bərabər modern şəkildə yeniləşməsi, çağdaş dünyamızın ən üstün dəyərlərinə sahiblənməsi Mevlana nəsihətindən gəlir. Bu dediklərimizə şahid olmaq üçün Mecidiyye Camisi səmtindən Meramın hüsnü-camalına bir baxışlıq göz yetirmək bəs edər. Ya da vaxt tapıb Yeniyol Caddesi boyunca yolçuluq edəsən gərək…Meramda hər ağac altı, hər ev bir gözəllik qaynağıdı. Çələbi qonaq evlərinin müsafiri olanlar bu gözəllikləri bir ömür boyunca unuda bilməzlər. “Xamırı, mayası eşqlə yoğrulub Meramın” söyləyənlərin zövqünə əhsən. Yıldız köşkünə bircə gecəlik mehman olanlar bu zövqün hardan gəldiyini daha gözəl duyar, gözəl anlayar. Aşbaz Vəlinin Türbə qapısı önündə necə xatırlamayasan bu olmuşları? Bir göz qırpımındaca xəyalın necə qanadlanmasın yüzilliklərin o biri başına: Dərgahın mutfağında odun tükənibmiş. Aşçı Vəli “Nə yapalım?” deyə Mevlanadan soruşur. O da cavabında ayaqlarını qazanın altına salıb yemək bişirən aşbazın hekayətini nəql edir. Bir az sonra həmin yerdən keçən Mevlana durumu görərkən “vay, atəşbaz, vay!”  deyərək gülümsünür. Aşçı Vəli Şemseddin Yusufun adı o gündən-bu günə “Atəşbaz Vəli” olaraq qalır. 1265-ci ildə haqqa qovuşur, türbəsi Meram yolu üstündədi. O səmtin adı “Aşıklar” deyə anılmaqdadı. Burası bir huzur köşəsidi. Uzaqdan, yaxından gələnlərin qalması, dincəlməsi və ədəbi məclislərə qatılması üçün yanında bir zaviyesi də var. Meramın hər daşından, hər qədəmindən bir Mevlana xatirəsi oyanmaqdadı. Cemal Ali dede Türbəsinin qədim-qayımlığı şahiddi ki, bu deyilənlər doğruların doğrusudu. Cemal Ali Dədənin Mevlananın Lələbəyi, baxıcısı olduğu söylənir. Sultanül-Ulemanın könüldaşları ilə bərabər Konyaya gəldiyi bilinir. Gəlmiş, o böyük şəxsiyyətlərə bir ömürlük xidmət etmiş və haqq dünyasına qovuşmuşdur. Məzar və türbəsi Dürüst səmtindədi. Bu tərəflər 5-6 yüz il əvvəllərə qədər Meramın ən canlı, ən qaynar yeri olub. Yaya yolundan Meram, Göycegiz və Dere səmtinə buradan keçilir. Mevlevi dərvişlərin, Çələbi həzrətlərinin xatirəsi, ruhu burada uyumaqdadı. Cemal Ali məscidinin bir adı Dədəbağı, bir adı da Təkkəbağı məscididi. Bir az yorğun-arğın görünməyi var. Yeddi sərdabədən biri Dədəyə, digərləri yaxınlarına aiddi.

 MERAMI MERAM EDƏN ÇAY 

Adını anmamaq imandan deyil… Meramı  məram edən, “Yaşıl olur bu Konyanın Meramı” dedirdən çayın haqqına sayqısızlıqmı göstərmək olar? Minillərdi axmasına ara verməyən, Konya ovasına həyat verən ölümsüz su qaynağıdı Meram çayı. Ruha lətafət verən dadlı bir məlhəm kimidi. Bir su ki, gül-çiçək, çəmən ətri daşıyar, ciyəri təmizlər, ömrü təzələr. Meram vadisinə quzey yaxasındakı Kadıyoxuşundan daxil olub, güneyə çıxar. Tavusbaba türbəsi ilə Hasbeyoğlu məscidinin quzey ətəyindəki Cənnət qayalarını yalayaraq ətrafa həyat bəxş edir, sonra ovalara yan alıb gedir. Burdan baxanda könül qanadlanır Şahanə körpüsü səmtə, Xatunsaray yolu üstünə marağın qov kimi qovur cismini.

Körpü üzərindən axışına baxdıqca ulu çinarların şəkillənməsi bəhsləşər kölgənlə. Böyüklü-kiçikli körpülər arasında ən önəmli olanı Meram körpüsüdü. Səlcuklular dönəmindən salındığı və ya Karamanoğulları zamanında yeniləndiyi bilinməkdədi…

Gedavet parkı bu gözəl məkanda seyr etməli ən gözəl yerlərdən biridir. Məram ən gözəl günlərini Səlcuklu və Karaman dönəmində yaşamış, bağlar, bağçalar arasına məscidlər, külliyələr yapılmışdır. 

HƏR ƏSRİN ÖZ ŞAHİDİ 

Sahib Ata Camisinin var olma tarixi 1253-cü ildən hesablanır. İplikçi 1201-dən öncə yapılıb, Hoca Hasan XIII əsrdə. Daş məscid 1215-ci ilin yadigarıdı. Erdenşihın yaşı 1220-ci ildən, Abdul Əzizinki 1253-cü ildən hesablanır. Ondan 4 il sonra Abdulmömün inşa edilib. Aksinne və Bulgür təkkəsi XIII əsrə. Azizeyə 1876-cı ilə aid abidələrdir. Meramda  Sərçəli Mədrəsəsi  Bedreddin Mühlisə aiddi, 1242-ci ilin abidəsi olaraq qorunur. (1264), Atəşbaz Vəli (1285), Serhavan (XIII əsr.), Turqutoğlu Türbələri (1432) koskoca ərdəmliyi ilə tarixə yoldaşlıq edir. Hələ bir Qızılörən (1206), Quruçeşmə (1205), Pambıqçı (XIV əsr) sarayları… Hansından söz açım, hansından danışım? Bəlkə Meramdakı külliyələrdən başlayım? Ən öncə Sahib Ata Külliyəsi gəlir, kitabəsinə görə 1258-ci ildə memar Kəlük bin Abdullah tərəfindən yapılıb. Mərmər işləmələri göz çəkir. Çini mehrabı öz dönəminin ən yaxşı örnəklərindən biridi. Mehrab çini sütunlarla çevrələnib. Füruzə rənginin kölgələnməsi ən müxtəlif çeşidlərlə bir araya gəlib. Caminin güney səmtində Sahib Ata Hanegahı yer alıb. Kitabəsinə görə 1279-cu ildə Allahın mömin qullarına mənzil və takva sahibi sufilərə məskən olaraq inşa edilmişdir. 1283-cü ildə Hanegahın quzey eyvanına türbə yerləşdirilmişdir. Sonra gəlir Sahib Ata Türbəsi… Türbənin üzərindəki yazıya görə türbə Səlcuqlu vəzirlərdən Sahib Ata Fəxrəddin Ali tərəfindən yapdırılıb. Ortasındakı çini sərdabələr üzərində qabartma yazılar yer alıb. Sərdabələrin ən böyüyü Sahib Ataya aiddi. Digərlərində oğlu Taceddin Hüseyn, Nəsrəddin Hasan, qızları Seyidə və Məsumə Məlikə Xatun və yaxınlarından Şəmsəddin Məhəmməd uyumaqdadırlar. Hər birinin sərdabəsi önündə ayaq saxlayır, fatehə verir, dua oxuyuram. Yazılması, ifadə edilməsi mümkünsüz olan bir sükut düşüncələrimi çəkib, aparır.

Xalq arasında Sultan hamamı kimi tanınan Sahib Ata Sultan hamamı burdadı. Səliqə-səhmanı bircə baxışdan hiss edilir, sadə görünüşlüdü.

Və nəhayət Sahib Ata Çeşməsi. XIX əsrin abidəsi olaraq qorunur. Topraklı su çeşməsi Üçler məzarlığının sol tərəfindədi. Məzarlığın Kərimlər səmti Koyuntoğlu muzeyi, İstiqlal şehitliyi, Üçler mərkəzinin sağ tərəfini çevrələyib. Aslanlı qışlası səmtində Konya mədəniyyət Mərkəzi göz oxşayır. Buradan Mevlana Kültür mərkəzinə 10-15 dəqiqəlik bir məsafə var. Şehit Nazim bəy camisi Mevlana muzeyinin sol səmtindədi. Buradan Körpübaşına, Makiboğlu camisinə aparan yollar keçir. Sahib Ata camisindən, Sahib Ata külliyyəsindən keçən yolların bir ucu Yavuz Səlim camisinə aparır. Konya Dövlət Teatrının möhtəşəm binasına yol burdan keçir. Atatürk Anıtına buradan yol ayrılır. Eləcə də Qazi liseyinə, Amber Reis camisinə, Şeyx Sedreddin Konevi Türbəsi və camisinə. Qazi liseyi səmtindən Atatürkün ev muzeyinə aparan yol bir göz qırpımı qədərdi. Hacı Hasan Camisi sol tərəfində, Abdulmömin məscidi sağda… Ondan da sağ səmti Tahir Paşa camisi çevrələmiş… Bir az da sağda Sərçəli mədrəsəsi öz kutsal, mistik durumu ilə gəlişimizə qucaq açır. Bu səmtdən Alaeddin bulvarı, Alaeddin türbəsi və camisi apaydın görünür. Az əvvəl bizi götürən arabalar bu ətrafı dolanıb keçmişdi. Ziyarət etdiyimiz camilərin,  anıt mərkəzlərinin paklığını, tarixi vüqar, fəxarət duyğularını qəlbimizdə sıx-sıx tutaraq döndük. Daş pillələrdən qalxan xəfif ayaq səslərimizi içimizə çəkə-çəkə döndük. Yığın-yığın xatirələrin, çeşidli tarix dönəmlərinin yuxusunu qaçırmamaq, ancaq nəfəsini, gerçəkliyini qoxumaq amacıyla yürüdük. Ayaqlarımızla yox, qəlbimizlə irəlilədik, duyğularımızın gül ətri götürdü bizi. 

DƏRVİŞ KİMİ YAŞAR,

PADŞAH KİMİ UYUYARAM!.. 

Konyada göz önündə olanlardan çox abidələşib tarixə  gömülənlərin xatirəsi çəkir adamı. Alaeddin türbəsinin özündə ehtiva etdiyi tarix atdığım hər qədəmdə “mənə dön, ruhumu oyat” səslənişi edirdi. Böyük şairəmiz Məhsəti xanımın rübaisindən deyimlər keçir yaddaşımdan: “Küzə dilə gəlib dedi ki, mən də sənin kimi idim, bu günə qaldım…” Konya tarixinin qızıl səhifələrində yer almış bir çox tarixi şəxsiyyətlərin ruhu Alaeddin camisində bir arada uyuyur. Xəyal məni yenə Mevlana, Şəms, Konevi böyüklüyünün iç dünyasına çəkir. Bu cami önündə dayanıb da Şəms, Mevlana, Konevi düşüncəsinin dərkinə varmamaq mümkün deyil. “Dərviş kimi yaşar, padşahlar kimi uyuyaram…” – bunu Mevlana həzrətləri vəsiyyət olaraq buyurub. Konevi isə bir başqa tərzdə, ancaq eyni əxlaq ucalığıyla ifadə edib münasibətini: “Padşahlar kimi yaşar, dərviş kimi uyuyaram…” Hər iki halda ruhun əbədi paklığına sığınır bu dahi şəxsiyyətlər. Biri o birini təkzib etmir. Sadəcə olaraq eyni müstəvinin fərqli tərəflərindən bəhs edirlər.

Alaeddin təpəsi və camisi önündə dayanıb bu eyni anlamlı, fərqli biçimli deyimləri dönə-dönə xəyal edirəm…  Bu təpənin lap əlyetərində II Kılınc Arslan köşkü yer alıb. İnce minarə mədrəsəsi sol üzdədi. Kültür parkı, kitabxana, Ak cami də buralara yaxındır… Karatay Mədrəsəsi, Sakahani Xızır İlyas məscidi, Tarixi Dədə Bağçası, Hacı Veyiszadə camisi və külliyyəsi, Tacül Vəzir türbəsi, Fatma Hatun Ferhudə Süt təkkəsi, Yazarlar Birliyi Evi, Selimiyə çörəkxanası, Algav zaviyəsi və Mahmudiyyə mədrəsəsi bir aradadı. Zindanqala bir az aşağıda, solda yer alıb. Hacı Veyiszadə camisindən bir az solda Konya Böyük Şəhər Bələdiyyəsi qərar tutub. Buradan Xalçaçı camisinə keçən yol İstanbula aparır. Necə ki, Hacı Hasan camisindən sol tərəfə aparan yol Kazım Karabekir camisi istiqamətində Tarixi Meram Körpüsünə aparır. Konya Böyük Şəhər Bələdiyyəsinin sol səmtindən az məsafə var ki, Beyşehir, Hoca Cihan, Quruçeşmə və Qızılörən sarayları səmtinə yetə biləsən. Alaeddin təpəsinin və camisinin sağ çevrəsini Qazi Mustafa Kamal ilk öyrətim məktəbi, Mərkəzi Bank, Sənaye məktəbi, Şərafəddin camisi, İplikçi cami, Ziyarət Bankı, Konya valiliyi, Əski Osmanlı Bankı, Şəms camisi, Zenburi məscidi qapayır. Xınaçı məscidi, Əmir İshaak bəy, Seyfeddin Karasüngür türbələri, Kiçik Karatay mədrəsələri də bu səmtdədi. Yan tərəfində də Qız məktəbi. Dönüb bir də yenidən baxıram; Tacül Vəzir, Piri Mehmet, Kadı Mürsel, Kanı, Selimiyye, Cıvıloğlu, Senhevan, Ahu Baba Kadılar, Kürkçü, Abdulazaz, Asri camilərini ehtiramla ziyaret ettimmi? Ettim! Tarixi Dədə  Bağçasını seyr etdimmi? – etdim… Yusufağa kitabxanasına baş çəkdimmi? Ayrı cür ola bilərmi? Balıqlı, Fuar, Buğday Bizarı, Mehmet Ağa, Devri Cedid çeşmələrinin dupduru, abi-kövsər suyundan içdimmi? – içdim…

İxtiyarəddin, Karaeli, Çuxur Məhəllə, Sarı Çimilli, Nuh Əfəndi, Hasan Əfəndi, Hacı Veys camilərini göz, könül, düşüncə yaddaşıma köçürdümmü? – köçürdüm.

Bütün bunlar öz tarixi məqamında unudulmaz, doyulmaz və əzizdi. Ancaq Sadreddin Konevi Camisi və türbəsinin yaddaşımda oyatdığı unudulmaz duyğunu ayrıca qeyd etməyə bilmirəm… 

BU O SADREDDİN KONEVİDİ Kİ… 

Ömrünün son anlarına qədər Mevlana həzrətlərinin qəlbi bu mömin şəxsiyyətə qarşı səmimi bir məhəbbət hissiylə dopdolu olmuşdu! Mevlananın ən ağır durumlu vaxtlarında ona Allahdan sağlamlıq təmənnası umanların ilki, birincisi Sədreddin Konevi idi. Mevlananın son nəfəsində göz yaşı tökənlərə məhz Sədreddin Konevi səslənmişdi: “Nurun Nura qovuşmasını,  Ona yetməsini istəmirsinizmi?!”

Çələbi Husameddin Həzrəti Mevlananın vəfatına yaxın ondan sormuşdu ki, cənazə namazını kimin qılmasını istərdiniz… “Şeyx Sədreddin hepisindən evladır” söyləmişdi Mevlana.

Mevlananın vəsiyyəti üzrə bu özəl lütf Sadreddin Konevi həzrətlərinə nəsib olmuşdu. Vaxt yetdi, zaman çatdı. Konevi cənazə namazına başlamaq üçün irəli yeridi… Bir-iki qədəm atdı və… hıçqıraraq özündən getdi. Gecdən-gec toparlandı, vəsiyyəti yerinə  yetirdi. Rəvayətə görə o məqamda huşunu itirməsinin səbəbi cənazə namazında önündə mələklərin sıraya düzülməyi, məxsusi olaraq Həzrəti Peyğəmbəri görməsi olmuşdu. Digər bir rəvayətə görə isə Həzrəti Mevlananın cənazə namazı zamanı Sadreddin Konevi huşunu itirdiyindən onun əvəzinə Mevlananın cənazə namazını Kadı Siracəddin qılmışdır. İmam Əbu Hənifənin buyurduğu kimi, saleh, alim və arif insanların yad edildiyi yerə rəhmət və bərəkət enər. Bu ölümsüz düşüncələrlə baş-başa ziyarət edirəm Sadreddin Konevi Camisini. Necdeddin bəy Anadolu Selcuqluları dövləti xidmətində olmuş, bir neçə dəfə diplomat olaraq Bağdada getmiş, Mosul və Cizrədə tanınmış elm və din xadimləri ilə ünsiyyətdə olmuşdur. Belə bir şəxsiyyətin tərbiyəsini almış Konevi uzun müddət Şamda yaşayan hocası İbnül-Arabinin yanında qalmış, onun  yetişdirdiyi ən tanınmış tələbələrindən olmuşdur. 1274-cü ildə vəfat etdikdən sonra vəsiyyətinə görə bugünkü türbəsi yapdırılmışdır. Manzumə içərisində zaviyə, məscid, kitabxana, türbə, çeşmə və şadırvan yer alıb. Mənbələrə görə bu məkanı Sadreddin Koneviyə xəstə bir uşağı sağalda bildiyi üçün Selcuqlu dövlət xadimi Hoca Cihan bağışlayıb.  Bilirəm ki, Konyada Selcuqlu kitabxanalarının ən önəmlisi 1274-cü ildə Daş qalanın Çeşmə Qapısı yaxınlığında qurulan Şeyx Sadreddin Konevi kitabxanası olub. Özündən və babasından qalan kitablar bu məqamda bir araya gətirilib. Sadreddin Konevinin babası Malatyalı

Hoca Fakih türbəsi və məscidi isə Konyada şəkər fabrikasının arxa qapısının qarşısında, əski  Bəyşəhər yolu ilə Meram-Yaka yolunun ayrıldığı yerdə qərarlaşıb.

Mənbələr qeyd edir ki, Hoca Fakih Ahmed Mevlananın babası Bahaeddin Veledin həm tələbəsi, həm də müridlərindən biri olub və onun haqqında bilgi verən Hacı Bektaşi Vəlinin “Vilayətnamə”sində də bu barədə qeydlər var. Bektaşiyə görə Ahmed Fakih Emir Cem Sultanın xəlifəsidir. Konyada uyuyan evliyalar haqqında o qədər tarixi məxəzlər, bilgi və qaynaqlar var ki! “Konyada haqlarında bilgi bulunan-bulunmayan yüzlərcə elm adamı olan Vəli və Nəbiyi bağrında barındıran üç mərkəz qəzadan birisi Meramdır”.

Bu kudsal məkanla bağlı olan tarixi şəxsiyyətlərin təkcə adlarını sayası olsaq gərək cild-cild kitablar bağlayaq. Türbəsi Meram təpəsi yamaclarındakı yaşıllıqlar və Karamanoğlu dönəmi tarixi abidələri arasında yer tutan Tavus Baba (Hatəmi Dədə) haqqında ayrıca bəhs edimmi? Nə yazıqlar ki, zaviyəsinin dəqiq yerini göstərməyimiz imkansızdı… Müridi Pirevi Sultan sağ olaydı kaş! Halıncı Baba, Şeyx Osman Rumi, Hasan Dumi sağ olaydı kaş! Bu unudulmaz, dadlı nağılı yenidən, birər-birər dilə gətirəydilər, söyləyəydilər yerli-yataqlı: “Sultan Əhməd Yəsəvinin ağacdan bir qılıncı vardı. Gətirib hörmətlə Hacı Bektaşi Vəlinin belinə qurşadı. Və sonra ocaqda yanan tut ağacının bir budağını götürüb qovzayaraq Anadoluya doğru tulladı. “Rumda bunu tutarlar” dedi. O yanan budağı Konyada Sultan Xoca Fakih əl atıb tutdu və  hücrəsinin önünə sancdı. O yanan tut budağı Allahın qüdrətindən göyərdi, bitdi, bar gətirdi”.

Bütün tarixi abidələr mübarək bir zatın mübarək əlləriylə dünəndən bu  günə ünvanladığı o yanan, od tutan tut budağı kimidi. Həmişə müqəddəs məkanlara doğru ox kimi süzür. Gərəkdi ki, onu saxlaya  bilən pak əlin ola, hücrənin qapısına saf niyətlə sanca və göyərdə biləsən. Göyərdə bildinsə tarixinin barını gətirəcək, nəslin, nəcabətin, millətin barınacaq, sahib çıxacaq bu ömür ağacına…  Kiçik Karatay Məscidi belə səsləniş edir öz tarixi yaşantılarıyla… Mecidiyye caminin minarəsindən yüksələn azan səsi bu həqiqəti anlatmaqdadı! Sahib Ata türbəsinin  naxışları eyni düşüncəni daşıyır. Erdenşah, Kömürçülər, Nuriye və Sarı Cimili camilərində zikr edilən dualar belə qoxuyur… 

SU GƏLƏN ARXA SU BİR DƏ GƏLƏR 

Konya 1097-ci illərdə Selcuqluların baş şəhəri olaraq tanındı, yüksəliş dövrünü yaşadı. XII-XV əsrlərin siyasi qovğaları sonucunda dövlət mərkəzi olmaq durumuna  son qoyuldu, əvvəlki qüdrətini itirdi. Ancaq qos-qoca tarixi zaman-zaman Meramın ən ünlü əfsanələrinin mövzusu olan Qızlar qayası kimi ərdəmli, Daş Məscid kimi kutsal, Meram çayı qədər şəffaf qaldı. Yenə də müsafirləri sım-sıx gəlir. Yetər ki, Evliya Çələbinin məhrəm, doğmadan-doğma nəzərləriylə baxa biləsən, Şəms Təbrizi, Həzrəti Mevlana, Sadreddin Konevi əxlaqıyla ziyarət edəsən. O da eyni doğmalıqla gəlişinə könül aça, “bəri gəl!” deyə:

Beri gel, daha beri, daha beri…

…Sen bensin işte, ben senim işte! 

Şair Mühlisə məxsus olan sözlərdi; Mevlana muzeyindəki bir lövhə üzərində həkk olunub. Ən doğru olanı budu. Fərmanı daşa təsir edənlərin izi əbədiyyət səhifəsinə düşər.  Konya bir əbədiyyət səhifəsidi – onu ruhən, tam mənasıyla, anlamıyla yaşaya bilənlər üçün!.. Yenə də Mevlana həzrətlərinin ruhunca səslənməkdədi: “Eğer dâima cennette olmak istersen, herkesle dost ol, hiç kimsenin kinini yüreğinde tutma! Fazla bir şey isteme ve hiç kimseden de fazla olma! Merhem ve mum gibi ol, iğne gibi olma. Eğer hiç kimseden sana fenalık gelmesini istemezsen fena söyleyici, fena öğretici, fena düşünceli olma! Çünkü bir adamı dostlukla anarsan, daima sevinç içinde olursun, iste o sevinç Cennetin tâ kendisidir. Eğer bir kimseyi düşmanlıkla anarsan, dâima üzüntü içinde olursun, işte bu gam da Cehennemin tâ kendisidir. Dostlarını andığın vakit içinin bahçesi, çiçeklenir, gül ve fesleğenlerle dolar. Düşmanları andığın vakit, için dikenler ve yılanlarla dolar, canın sıkılır, içine pejmürdelik gelir. Bütün peygamberler ve velîler, böyle yaptılar, içlerindeki karakteri dışarı vurdular. Halk onların bu güzel huyuna mağlup olup tutuldu, hepsi gönül hoşluğu ile onların ümmeti ve müridi oldular.”

dsc_0047 dsc_0919 dsc_1007 dsc_0023 dsc_0006 dsc_0049 dsc_0071 dsc_0971-2 dsc_1004-2 dsc_1025-2 dsc_0980

 

Advertisements

13.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: