Sənə gəldim qapını aç

Sənə gəldim qapını aç
(“Qənirə Paşayeva ilə addım-addım Konya”)
1-ci yazı

dsc_0042 

Hər şey öyləcə səssiz,

Möhtəşəm, gözəl –

Keçmiş əsrlərdən bəri…

Bir əl toxunarsa sandıqlarına

Oyanar Xorasan ərləri…

…Sənə gəldim, Mevlana!

 

Dost-doğma ruh, düşüncə yaşantılarımın şəkilləndirməsidi ustad Yavuz Bülent Bakilərin bu unudulmaz misraları. Eynən onun kimi deyir, düşünürəm: “Dərgahında kölgəmi görməyimin bəxtiyarlığını yaşamaq üçün gəldim…”, “Pərvanələr kimi bir axşam üstü məni işığında yaxıb-yandırmağının səadətini dadmağım üçün gəldim!”

  Yüzilliklərin o biri başından Özü də “gəl!” deyə səslənmişdi könül aşiqlərinə:

“Necəsənsə öylə gəl” demişdi.

Öyləcə də gəldim. Keçdiyim yollar boyu Şeyx Seyfəddin-i Baharzının oğlu Müzhirüddinin zikr etdiyi etiraf tıpır-tıpır yaddaşımı oyadıb keçdi: “Babam mənə vəsiyyət etmişdi ki, dəmirdən çarıq gey və əlinə dəmirdən əsa al,  Mevlananı aramağa get!..”


MƏN ARAMAQ ÜÇÜN GETMƏDİM…

 

Ruhumda, düşüncəmdə, fəaliyyətimdə ömür edib yaşayanı yenidən aramayacaqdım ki!..

Mən yenidən, yenidən, bir də yenidən dərk etmək, cismani sükutunun, səssizliyinin mənəvi zikrini, şərhini dönüb-dönüb yenidən  anlamaq üçün getdim. Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən biri olan Konyanın mənəvi dünyamızdakı yerini, ərdəmli məqamını “göz – bəbək” deyə anladan Konyanı Hz. Mevlana, Hz. Şəms və Sadreddin Konevi üçlüyü çevrəsində anlatmaq istəyində bulunan insanların isminə, ünvanına dərin sayğılarla səmtimi tutub getdim. Deyilənləri yüzdə-yüz haqlamaqdan özgə nə sözüm, əlavəm olacaq ki: “Təqdir ediləcəyi məqamda məkanların qiyməti daha çox o məqamlarda yaşayıb fəaliyyət göstərən şəxsiyyətlərə bağlıdır. Gözəl məkanlar gözəl, tarixi insanları ilə ayrı bir anlam və məna qazanır”. Eyni fikir ucalığının kutsal, şərəfli qaynağıdı Konya!

Konyaya atılan hər addım Hz. Mevlanaya, Şəms Təbriziyə, Sadreddin Koneviyə doyulmaz sevgi və ehtiramdan keçər. Konyaya aparan yol ümidsizlik yolu deyil. Daha çox ruhla, düşüncəylə, sevgi qanadlarıyla keçilib gedilər. Eyni zamanda da bu yol Ona, böyük Rəbbimizə açılar, Onunla həsbi-hal məqamına dönər… Konyanı “gül gibi kokmak için dikene katlanmak gerek!”

 

“SURƏTİNİ KİM GÖRDÜ QILDI

CANA CAN FƏDA…”

 

Milli bir düşüncənin hökm sürdüyü Konya həm bu gündü, müasir, çağdaş, modern bir vilayət mərkəzidi, həm də eyni dərəcədə zənginliyi ilə dünəndi, tarixləşmiş bir mənəviyyat, mədəniyyət abidəsidi. Qədimliyinə boylanıb göz yetirdikcə varlığının hər zərrəsindən “müşk-ənbər saçaraq əmrlə əfşan görünür”. Baxdıqca “şükr edirəm, ey gözümün nuru, bu gün, gözüm aydın, gözümə” gör necə aləm görünür. Ona mən göz yetirib doyunca baxdım-baxdım… Mevlana, Şəms, Konevi həzrətlərinin əbədiyyət hücrəsini ruhuma məskən gördüm.

Çağdaş, müasir insanlarını həm bu gündə, həm də dünəndə gördüm. Böyük Əli bəy Hüseynzadənin arzusu, istəyincədi durumları; türkləşmiş, islamlaşmış və çağdaşlaşmış… Qədimlik və çağdaşlıq daşıyıcısı olan Konyanın abad və mistik küçələri boyunca keçib getdiyim bütün məqamlarda XIV əsrin böyük Cağatay şairi Lütvinin unudulmaz bir misrası könlümü alıb aparmaqda idi: “Surətini kim gördü qıldı cana can fəda…”

 ÖYLƏ GƏL Kİ!..

 Varmağın, varıb da Konyaya yetməyin ilk ipucunu “öylə gəl ki, nə “sən” qalsın, nə də “biz” – deyə verir Mevlana. Konyaya varana qədər gərək vilayətlər evinə, Paşa qapısına baxıb keçəsən. Burdan Konyaya 220 km-lik məsafədi. Damlakuyunu, Cihanbəylini keçmək, onlardan da bir az öncə Yenicəobanı adlamaq gərəkdi. Kayı, Kuşca Konyanın 120 kilometrliyindədi. Buranı keçdinmi, Yunus Əmrənin adını daşıyan istirahət mərkəzi qucaq açacaq sənə, Mevlana otelinin bəklədiyini görəcəksən. Yunak şəhər mərkəzinə yol burdan keçir. Mevlana daş emalı müəssisələri yol boyu cərgələnmiş, Cihanbeli səmtdən görünən dağ ustad Səməd Vurğunun misralarını titrədər könül tellərində: “Göründü gözümə Göyəzən dağı!”

Eyni şəkillənmədi – bir almanın iki üzü kimi, bir ananın əkiz övladlarına bənzər; dilimiz,  dinimiz kimi doğma, əziz, kudsal. Ağabəyli, Altunəkin yamacları daha çox bizim Aran ellərini xatırlatmaqdadır; kəhraba rəngli əkin yerləri göz işlədikcə uzanıb gedir. Mal-qara sürüləri bərəkət qoxuludu. Hələ çuğundur terminaları… Bolluq, firavanlıq üzə gülür. Yolların rahatlığını da gəl üstünə. Altunəkin sol üzdədi. Sağda Sarayönü  çəkir nəzəri. Aşağı Pinarbaşını keçirik… Konyanın 58 km-də nəzər çəkən təpələri elə bil daşla üzləyibsən. An-an, addım-addım xatırlayıram; Bir az öncə Konya-Adana yolunun 220 km-də otlaq və əkin sahələrinin növbələşməsi çəkmişdi könlümü. Yol boyu lövhədə yazılan “Arançı” sözü fikrimi alıb aprmışdı. Kulu-Konya-Qırxqala istiqamətini göstərən yol nişanına baxa-baxa bizim Şirvan bölgəsini göz önünə gətirmişdim. Konyanın 159-cu kilometrliyində Dunakdan, sonra Zincirlikuyudan, sonra Düzyaxadan, Tavşançalıdan keçmişdim. 134-cü kilometrdə tam bir aran istisi ana qucağı kimi açılmışdı cismimə. Acgözlüklə, bitib-tükənməz bir sevgiylə keçib getdiyim hər cığırı, izi, dərəni, təpəni, şəhər, kənd adını yaddaşıma köçürə-köçürə irəliləmişdim. Konyaya, Mevlanaya, Şəms Təbriziyə götürən yolun hər qədəminə ehtiram, sayğı olaraq anı qaçırmaq istəməmişdim. Əslində, Konyaya yaxınlaşdıqca iç dünyamda çırpınan kudsal duyğuları bir az sakitləşdirmək, nəfəs dərmək, titrəyişlərimi pərdələmək məqamıydı yol boyu mənzərələrə aludəçiliklə nəzər yetirməyim. Özümü toparlamaq, sayğı, sevgi, ehtiram titrəyişlərimi ram etmək, pünhan tutmaq istəyirdim. Əslində isə iç dünyamda özgə bir halət yaşayırdım.

Türk dünyasının böyük şairlərindən biri olan Bəxtiyar Vahabzadə haqqında bir qələm dostum söyləyərdi: “Füzuli barəsində fikrini söyləməsini istədik. Susub dərindən nəfəs aldı, ağır yük altındaymış kimi durdu, dayandı. Nəfəsini yenidən dərdi. Nəhayətdə, “Füzuli dağdı, zirvədi-dedi, – dağa, zirvəyə yol almazdan əvvəl gərək nəfəsini toparlayasan, gücünü ayağa çəkəsən!”

Konya, Mevlana, Şəms Təbrizi məqamına eyni düşüncələrlə irəliləyirdik və keçdiyim yollara yetirdiyim diqqət, əslində, nəfəs dərmək fürsətiydi. Fikrim, düşüncəm isə “O”na gedən yolun peşindəydi, illər öncəsi yazdığım şerin misraları kıpır-kıpır yenidən oyanmaqdaydı iç dünyamda:

 

Mən “Var”lıqkən bir “Heç”liyə çevrildim,

Mən “Eşq” adlı tək hecaya çevrildim,

“Mən”i atıb, “Sən”ə doğru çevrildim,

Qapını aç bu quluna, ey Rəbbim!

 

Nəfs adında bir şeytanı tərk etdim,

Həyat nədir? – Gec də olsa fərq etdim.

Ən böyük Eşq… O, Sənsənmiş! – dərk etdim,

Qapını aç bu quluna, ey Rəbbim.

 

Mən Eşq adlı bir atəşdə qovruldum,

Göz yaşında çox arındım, duruldum…

Eşqin ilə mən yenidən doğuldum,

Qapını aç bu quluna, ey Rəbbim!

 

Mən Yunusu, Mevlananı anladım,

Mən Şəms adlı o günəşdən od aldım.

Səni bulan aşiqlərdən yol aldım,

Qapını aç bu quluna, ey Rəbbim!

 

Bu, mənim Konyaya 3-cü səfərim idi. Əslində, yazımın hər məqamından keçən doğma, unudulmaz kənd, şəhər, dağ, dərə, düzən adları, mənzərələr çoxdanın tanışıydı mənə; xəyallarımla keçdiklərim vardı, fikrimdə, düşüncələrimdə yaşatdıqlarım vardı. Ancaq qəribəydi ki, hər şey mənə ilk görüş, ilk təmas, ilk ünsiyyət şəklində gəlirdi. Bu yolçuluqda mənimlə bir arada olan yol yoldaşlarımın hansı duyğular keçməsinin fərqində belə deyildim. O-na gedən yolçuluğumun Konya, Hz. Mevlana, Hz. Şəms  Sədrəddin Konevi müstəvisinin, dayanacağının bəxtiyarlığını yaşayırdım. Eyni zamanda, Konyaya ilk səfər təəssüratlarımın anları, saniyələri, qələmə alınmış məqamları yenidən keçirdi qəlb evimdən. O təəssüratlar dipdiri, canlı idi. Beləcə başlayırdı Konyaya ilk gəlişimdə yazdığım bu yazı: 

 

O-NA GEDƏN YOL…

 

-Kimsən? – deyə soruşdular.

-Bu dünyada işi bitənəm! – dedim.

-Eləsə, nədən səfərə çıxmazsan? – dedilər…

-İşi bitməmiş olanlara yoldaşlıq etməm muraddır, – dedim…

                                                      Samiha Ayverdi (Hancı)

 

Konyaya getmişdim – Mevlana yurdu, övliyaların, dərvişlərin könül oylağı Konyaya… Soyuq qış günlərindən biri idi… Öncə onları ziyarət etməli idim – heyranı olduğum Həzrəti Mevlana və Həzrəti Şəmsi…           

Sürücüyə öncə Həzrəti Mevlananı ziyarət edəcəyimi dedim. Qulaqlarımda sanki onun pıçıltılarını eşidirdim… Sanki mənə “gəl” deyirdi, gəl… Deyirdi, gəl görüm hansı mərtəbədəsən… Mənimlə dərdləşməyi çox istəyirsən, bilirəm… Gəl, gəl görüm, hazırsanmı – deyirdi Mevlana həzrətləri… İç dünyama üşütmə doldu birdən-birə. Gerçəkdən, “mən hazırammı onunla danışmağa?” – deyə…

Elə bu tərəddüd içində yenə onun pıçıltılarını eşiyməyə başladım sanki… “Qorxma”, – deyirdi Mevlana, – “gəl”, – deyirdi Mevlana. Deyirdi ki, bu qapı hər kəsə açıqdır. Yetər ki, səmimi ol, eşqlə, inamla, inamla gəl. “Unutma” – deyirdi, – əsas eşq, iman, niyyətdir…

Elə bil söhbət edirdik: – Yolunumu axtarırsan?.. Haqqımı axtarırsan?.. Həqiqətimi axtarırsan?.. Yol yalnızca Eşq, İman və Niyyətdən keçər… Eşqlə, imanla, niyyətlə gəlirsən, bilirəm, qorxma! – Pıçıltıların təsirindən sürücünün sözü ayırdı məni…

– Xanıməfəndi, bəlkə öncə otelə gedək, bir az dincəlib, sonra gələsiz?

– Ehtiyac yoxdur, birbaşa ora gedək, – dedim…

Yolboyu o Böyük Yolu düşündüm…

…Və özümün o Yolun hansı mərtəbəsində olmağımı düşündüm, çək-çevir etdim, özüm-özümü hesaba çəkməyə başladım.

Həqiqətə gedən Yolun yeddi pilləsini düşündüm…

Həqiqətə çatmanın tək yolu bu yeddi pilləni keçməkdir. İnsan yeddi pilləni, mərtəbəni çıxmamış həqiqətə çata bilməz. İnsan həqiqətə yalnız və yalnız bu pillələri, mərtəbələri bir-bir çıxmaqla çata bilər…

Haqq yolundakı məqamların, mərtəbələrin haqqında danışmaq asandır, çətini onu yaşamaqdır…

… Belə nəql edirlər ki, Həzrəti Şəmslə Həzrəti Mevlananın yeni tanış olduqları günlərin birində Həzrəti Mevlana bir ayəni yorumlayırmış, anladırmış insanlara. Həzrəti Şəms ona yaxınlaşaraq “Sən bu ayəni yaşamadın, onu anlada bilməzsən” – deyir… O böyük Allah aşiqi də könül dostu ilə razılaşır.

Yəni, “insan yaşamadığı şeyi həqiqəti ilə anlada bilməz” anlamını verir bu hikmət.

Mən də bu  mərtəbələrdən danışmağa cürət etməzdim, amma…

Yaşamağa başladığım və özümə yolçuluğa çıxma gücünü mənə bağışladığı  üçün  Yaradana şükr edərək ən azı Ona gedən yol haqqında danışmaq istəyirəm. Məni oxumaq istəyənlərə və ya özünə yolçuluğa çıxmaq istəyənlərə maraqlı ola bilər deyə…

Bu yola çıxmağım asan olmadı…

Ağrılardan, acılardan, gözyaşlarından keçdim… Arındım, yuyuldum, duruldum və bundan sonra o Yol açıldı qarşımda…

Nəfs-i Əmmarədən başlayan Böyük Yol(çuluq)…

Həqiqətə gedən ilk mərtəbə məhz belə adlanır…

Bu, daim başqalarını günahlandıran Nəfs mərhələsi də adlanır. Ətrafınızda bu cür adamları gördükdə və ya özünüzün bu “özəlliy”ə malik olduğunuzu görürsünüzsə, bilin ki, hələ həqiqət yolunda ilk mərhələdəsiniz…

Onları ayırd etmək çox asandır…

Bu, o adamlardır ki, o adamlar dünyəvi işlərdən başqa heç bir şey düşünməzlər. Onlar üçün yaşamın anlamı pul, vəzifə, şan-şöhrət (madiyyat vəd edən) məqamdır. Daim, sadəcə, bu şeylərə tamah salarlar. Yaşamlarını, sadəcə, bu şeyləri qazanmağa yönəldərlər, sərf edərlər. Onlara malik olmaq  üçün bəzən ən kutsal dəyərləri belə tapdalayarlar…

Hər zaman “Mən” düşüncəsi ilə yaşayan adamlar bu “məqam”dadırlar.

Bu adamlara fikir versəniz  görərsiniz, həmişə başqalarını günahlandırır, tənqid eləyir, dedi-qodu və iftiranı sevir, bunları qorxmadan, bəzən… hətta zövqlə (!) edirlər. Hər zaman başqalarını günahlandıran, onlarda qüsur, nöqsan axtaran, tapmasa belə, özü uyduraraq danışan, başqalarını çək-çevir etdiyi halda özlərində qətiyyən qüsur tapmayan, davamlı olaraq başqalarını mühakimə edən, şübhə, təkəbbürlə yaşayan insanlar Nəfs-i-Əmmarə mərtəbəsindədirlər. Yəni, həqiqətə gedən yolun ilk mərhələsində…

İnsanlığın faciəsi ondan başlayır ki, belə insanların çoxu ömrünün sonuna qədər elə bu mərtəbədə qalır və irəliləyə bilmirlər…

Bütün insan oğulları Nəfs-i-Əmmarədən keçər… Fərq, sadəcə, kimin ondan qurtula bilib-bilməməsində və kimin nə qədər tez qurtula bilməsindədir… Əsas olan o çuxurdan, bataqlıqdan tez çıxa bilməkdir. Çünki nə qədər zaman itirirsənsə, o bataqlıq səni özünə bir o qədər möhkəm çəkir və bir də görürsən ki, artıq ölürsən…

– Bəs xilas olmaq necə? Mümkündürmü?

– Əlbəttə, mümkündür!

– Asandırmı?

– Xeyr! Asan deyil…

– Xilas olmaq üçün nələr etmək lazımdır? – deyə soruşsanız, cavab var, əlbəttə:

– Həqiqətə gedən yolun ikinci mərhələsi adlanan Nəfs-i Ləvvaməyə gedən yolu niyyət etmək, səmimi olmaq və özünlə mübarizə aparmaq gücünü tapmaqdadır cavab!…

Günahlandırılan və qınanan Nəfs mərhələsinə keçə bilən insan xilas ola bilən insandır…

Nəfs-i Ləvvaməyə keçid, Nəfs-i Əmmarədən xilas olmaq yorulmaz mücadilədən keçir… Hazırsınızmı? Hazırıqmı? Çox az zamanımız var… Çünki həyat bizim düşündüyümüzdən də qısa olur bir çox hallarda və çox sürətlə gəlib keçir…

Məni Nəfs-i Əmmarə barədə düşüncələrdən sürücünün “gəlib çatdıq” xəbərdarlığı ayırır…

Artıq Onun imtahanına gəldim! Sürücüyə tək qalmaq istədiyimi dedim… Həzrəti Mevlananın dərgahı önündə oturdum.

“Gəldim” deyə pıçıldadım… “Sən çağırdın, mən də  gəldim… “Açarmısan mənə son illər yaşadığım ağrı-acının sirrini” dedim…

– Səni O çağırdı bura, – dedi…

– Kim?

– O…

– Niyə?

       – …

– Niyə buraya?..

– Getmək istədiyin yolda daha çox susacaq, daha çox dinləyəcəksən. Öncə “Mən”dən qurtulacaqsan. Bura ibrət məktəbidir. Səni daha yaxşı anla deyə çağırdı. Hazırsanmı?

– Bilmirəm… 

– Niyə ağlayırsan? Nədir səni belə ağrıdan?

– …

– …EŞQ?..

– …

– Ağlama… Sevin… Həqiqətə gedən yolun işığıdır EŞQ…

– …

– Sevin… Nəfs-i Ləvvamənin qapısına çatmısan…

– Keçmək istəyirəm, amma qapını tapa bilmirəm… Yardım et mənə…

– Özünü axtar… Özünə yolçuluğa çıx… Özünü bulduğun an o qapıdan keçəcəksən…

– Nə zaman?..

– Hər şey sənin əlindədir… Bir ay, bir il, on il, otuz il… Bəlkə də heç bir zaman…

– …

… Üşüyürdüm, için-için uçunurdum, elə bil… Üzərimə sanki dağların soyuq qarı yeriyirdi…

Ondan ayrılıb Şəmsə gedirdim… Daxilimə yolçuluqda onun şəfəqlərinə ehtiyacım  var idi, həm də çox!..

Məni  fikirdən yenə sürücünün səsi ayırdı…

– Xanıməfəndi, çox yorğun görünürsünüz, həm də üşüyürsüz, qaliba, bəlkə öncə otelə gedəsiniz.  Bu soyuqda belə yorğun  və üşüyərək bu türbələrdə nə arayırısız?

– YOL, – dedim ona, bircə kəlmə…

O da:

– Pəki, hangi yolu? – dedi.

– Ona gedən Yolu, Ona! – dedim…

– İlk dəfədir  Ona gedən yol arayan müştəriyə rast gəlirəm… Mən böylə şeyləri bilməm, amma nə arayırsızsa, Allah yardımçınız olsun. Çatdıq. Bu da aradığınız Şəms Təbrizi. Mən sizi bəkləyəcəm. Nə deyim?! Yolunuz açıq olsun…

Sürücünün üzündə və səsində elə qəribə huzur vardı ki… Sanki mənə  Nəfs-i Ləvvaməyə gedən yolda xeyir-dua verilirdi…

 

SƏNƏ GƏLDİM, QAPINI AÇ…

 

“Qapını aç, qapını aç… Sənə gəldim, qapını aç…

Bu dünyadan, o dünyadan aldım boyum ölçüsünü…

Əzəl-əbəd arasında, neçə əyyam gəzib-tozdum…

Sığammadım dü-aləmə, sənə gəldim, qapını aç…

Yoldaşım var, iki nəfərik – günah məndən heç ayrılmaz…

Tək deyilsəm noolur, sanki? – Yer-göy sığmış o qapıya…

Bizi də al… qapını aç, qapını aç, qapını aç…”

                                                         Samiha Ayverdi

 

Konyanın o şaxtalı günlərində, soyuğun əl-ayaq kəsən zamanında, günəşin qürub çağında… üz-üzə qalmışdıq. Heç birimiz danışmırdıq… Səssislik içində sükut danışırdı… Eynən “qoy, sükut danışsın, ikimiz susaq” misalı… Bu qədər soyuq olmasına baxmayaraq, heç üşümürdüm – bir qədər öncəki üşüməm səssizcə çəkilib getmişdi. Həzrəti Şəmsin – Eşq Günəşinin yanında idim – həm bu üzdən, həm də iç dünyamın aydınlanması, öz durumumun özümə bəlli olması səbəbindən, yəqin…

Bilirdim, ona nəyisə uzun-uzadı izah etməyə ehtiyac yoxdur. O, mənim niyə gəldiyimi bilirdi, gələcəyimi bildiyi kimi. Heç bir şey hiss etmirdim, heç bir şey duymurdum, onun söylədiklərini qulaqlarımla eşitmirdim, təbii. Qəfildən qeyri-ixtiyari ağlamağa başladım. Özüm də səbəbini bilmədən hönkür-hönkür ağlayırdım… Dayanmadan ağlayırdım. Sanki illərlə bu gün üçün içimə yığılmış gözyaşı vardı da, indi ağzı açılmışdı. Ağlayaraq pıçıltı ilə nəsə söyləyirdim, deyəsən. Amma sonralar nə söylədiyimi heç cür xatırlaya bilmədim…

O isə… o isə susurdu, susurdu…

İlahi, sükut da danışa, anlada, duyula, eşidilə bilərmiş!..

İlahi, sükut da insana huzur verə bilərmiş…

Sükut mənə nələrisə söyləyirdi…

Sanki mənə “neyçün can və könül aynasına baxıb da özünü axtarmırsan, aramırsan?” – deyə sual edirdi…

dsc_0880 dsc_0811 dsc_0926 dsc_0905 dsc_0812 dsc_0821 dsc_0849-1 dsc_0884 dsc_0801

Advertisements

11.01.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: