QAQAUZİYADA “OĞUZ SƏSİ”

QAQAUZİYADA “OĞUZ SƏSİ”

20140916_165943(Qənirə Paşayeva ilə addım-addım Qaqauz Yeri)

5-ci Yazı

 QAQAUZ YERİNİN SƏRBƏST BÖLGƏSİ –

VULKANEŞT

 Duz-çörəklə qarşıladı bizi Vulkaneşt.

Tarix, arxeologiya, mədəniyyət muzeylərini, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan “Memorial slava“ abidəsini ziyarətlə başlayırıq Vulkaneşti daha yaxından tanımağa. Hər muzeydə və mərkəzdə gənclərin oxuyub öyrənə bilməsi üçün Azərbaycanla bağlı çoxlu materiallar hədiyyə edirik.  Bölgə rəhbərliyi bu cür materiallara və Azərbaycandan gələn ziyalıların yerli sakinlərlə, özəlliklə gənclərlə söhbətlərinə bir-birimizi daha yaxından tanıya bilməmiz üçün böyük ehtiyac olduğunu deyir. Türk Dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün adı verilmiş və Türkiyə dövlətinin dəstəyi ilə qurulmuş qospitalı, uşaq mərkəzlərini, “Zabota” reabilitasiya mərkəzini ziyarət edib, çalışanlarla və sakinlərlə gözəl söhbətlər edirik.

 Qaqauz Yerinin ilk azad sahələrindən biri olan Vulkaneşt  Sənaye Parkına da baş çəkirik bölgə rəhbərliyi ilə birlikdə. Moldovanın güneyində üç ölkənin (Moldova, Rumıniya, Ukrayna) qovşağında qərar tutan park Vulkaneştin inkişafında xüsusi rol oynayır. Burada ekoloji baxımdan təmiz sənaye şirkətləri, nəqliyyat xidməti işləri, inşaat və ticarətin müxtəlif sahələri, otelçilik sürətlə inkişaf edib.

Vulkaneşt bölgəsinin rəhbəri Georgi Qavriloviç Terzi ilə görüş zamanı Azərbaycanın müxtəlif bölgələri ilə Vulkaneşt arasında əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğu xüsusi diqqət mərkəzində olur.  Cənab G.Q. Terzi bölgə barədə bizə geniş bilgilər verib, qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduqlarını vurğulayır, azərbaycanlı iş adamlarını  rəhbərlik etdiyi bölgədə gözlədiklərini söyləyir. Vulkaneşt bölgəsinin deputatı Viktor Mixayloviç Petrioğlu ilə görüş zamanı ölkəmizlə, özəlliklə də Ermənistanın işğalçılıq siyasəti ilə bağlı geniş bilgilər verib, Xocalı soyqırımının yalnız  azərbaycanlılara qarşı deyil, bütün insanlıq əleyhinə bir cinayət olmasını xüsusi vurğulayaraq hər bir türk kökənli siyasətçinin, ziyalının Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalı olduğunu bildirdik. Görüşün sonunda rəhbərlik etdiyim “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımına dair kitablar, filmlər və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim etdik. Səfər çərçivəsində bölgədəki yerli sakinlərlə, gənclərlə görüşüb geniş fikir diskussiyası apardıq. Əsas mövzu, təbii ki, bir-birimizi yaxından tanımamızın, həqiqətlərimizi bilməmizin vacibliyi oldu.

 

AVROPANIN ƏN BÖYÜK KƏNDLƏRİNDƏN

BİRİ  – QONQAZ

 

1817-ci ildə qurulan bu kənd Avropanın ən böyük kəndlərindən biri hesab edilir. İndi qəsəbə statusu alıb. Bu bölgədə Qaqauziyanın ən tanınmış siyasət adamları, şairləri, jurnalistləri  dünyaya göz açıblar.

Qaqauz Yerinin hər qarışında olduğu kimi, Qonqazda da Oğuz boylarının ruhu yaşayır. Ulu ozanımız Dədə Qorqudun “Tanrıdan gəlməyincə ər bulmaz” düşüncəsi bu bölgənin insanlarının da tapındığı həqiqətdi.

 

QAQAUZİYADA “OĞUZ SƏSİ”

 

 Yuxarıda söylədiklərimizi Qaqauziyada “Oğuz səsi” adlı jurnalın araya-ərsəyə gəlməsində böyük əməyi olan Alla xanımla olan söhbətlərimiz zamanı bir daha gördük. Alla xanım yaxın dostumdu. Türk dünyası ilə, ədəbiyyatla bağlı müxtəlif tədbirlər çərçivəsində arabir  görüşürük. Bir neçə dəfə müxtəlif tədbirlər çərçivəsində ölkəmizə səfər edən Alla xanım  Azərbaycana hər zaman böyük sevgi ilə yanaşır.  Azərbaycan ədəbiyyatının ən böyük təbliğatçısıdır Qaqauz Yerində. Qaqauziya ilə Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin genişlənməsi  istiqamətində, türk xalqlarının birliyi üçün yorulmadan çalışan ziyalılardan biridir Alla xanım. Çətinliklərlə də olsa, “Oğuz səsi” dərgisini yayımlayaraq gənc nəsil aydınların birlik ruhunda böyüməsi üçün çalışır.  Onunla Qaqauz Yerindəki görüşümüzdə də yenə də bu mövzular diqqət mərkəzində idi.  Azərbaycanın tarixinin, ədəbiyyatının Qaqauziyadakı insanlarımıza daha geniş tanıdılması istiqamətində  yeni layihələr ətrafında fikir mübadiləsi aparırıq. Çünki Qaqauz Yerini ziyarət zamanı  bölgələrdə Azərbaycanı yaxından tanımamalarının şahidi olmuş və ölkəmizi burada tanıtmanın yolları barədə düşünmüşdük. Qaqauz Yerində Azərbaycanla bağlı qaqauz türkcəsində daha çox adda materialların, kitabların çapına böyük ehtiyac  olmasını Alla xanımla müzakirə zamanı bütün açıqlığıyla bir daha gördük. Təbii ki, ədəbi qurumlarımızın bunu nəzərə alması vacibdir. Bu mövzular üzərində Qaqauziyanın ilk rəhbəri olmuş Stepan Topalla söhbətlər zamanı da xüsusilə dayandıq…

 

HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR

 

Stepan Topal qaqauz türklərinin liderlərindən biridir. O, qaqauz türklərinin milli mücadiləsinin qəhrəmanlarındandır və Qaqauziyada hər kəs onun haqqında  böyük sayğıyla danışır.   Onu qa­qauzların XIX əsrin sonu, XX əsrin əvvəllərində lideri Mixail Çakırın  milli mücadiləsinin ləyaqətli davamçısı adlandırırlar.  Onunla bir neçə dəfə Türkiyədə müxtəlif tədbirlər çərçivəsində görüşüb maraqlı söhbətlər etmiş və dostlaşmışdıq. Azərbaycandan hər zaman sevgi ilə danışan  Stepan Topalla Qaqauz Yerində də maraqlı fikir mübadiləmiz oldu. Azərbaycanla Qaqauz Yeri arasında əməkdaşlığın genişlənməsi, Türk Xalqlarının birlik və bərabərliyi ilə bağlı unudulmaz söhbətlər etdik.

 

TARİX UNUDULMUR, TARİX UNUTMUR

 

Qaqauz Yerinə yolunuz düşsə, qaqauzların böyük aydınlarından olan və bu gün də böyük sayğı ilə yad edilən Mixail Çakırın adını tez-tez eşidəcək, abidəsini ziyarət edilən görəcəksiniz.  Əsli- kökü 1790-cı ildə o zaman Qaqauzların sıx yerləşdiyi Bolqarıstanın Qara dəniz sahilində yer alan Şabla şəhərindən köç edən Yançu Çorbacıoğlunun nəslindən gəlirdi. Ailəsi köç edərək bu gün Qaqauziyanın tərkibində olan Çadır (hazırda Çadır-Lunqa) adlı yaşayış məskəninin təməlini qoyub. Ömrü boyu xal­qının azadlığı uğrunda çalışan M.Çakır eyni zamanda 1900-cü ildən başlayaraq Qaqauz və moldovanlar üçün oxu kitabları və sözlüklər hazırlamış, dini və elmi əsərləri ana dilinə çevirmişdir. Qaqauz türkcəsində ilk qəzet olan “Həqiqətin səsi” də 1907-ci ildə məhz onun rəhbərliyi ilə nəşr olunmuşdu. “Bessarabiyalı qaçqınların tarixi” kitabının müəllifi olan bu böyük aydın  Qaqauz kilsəsinə qaqauzca dualar gətirən, qaqauzlar arasında yayğın olan türkcə duaları qələmə alan böyük bir şəxsiyyətdir.

QAQAUZLARIN AZƏRBAYCAN
SEVDALI SONASI…

 

Qanlı 20 Yanvar günlərində ağrı-acımızı şeirin, sözün dili ilə bölüşən, səsimizə səs verən, “Əziz Azərbaycan, sənin acın yarıbayarı köksümdə!” – deyə xalqımızla həmrəyliyini bildirən qaqauz şairi Sona Hadıyevanın misraları xüsusi doğmalıqla, böyük minnətdarlıq duyğusu ilə keçir yaddaşımdan:

 

        

Azərbaycan,

yas günləri

qara qurum kimi çökdü üstünə.

Amma inan,

Bu QanlıYanvarın

dəliliyi, nahaqlığı bəllidi,

hər şeyi Allah görürdü.

 

Həmrəyliyinə, o ağır günlərdə fikrən, ruhən azərbaycanlı qardaş-bacılarının yanında  olmasına görə Sona xanım – bu dəyərli qaqauz şairi gənclər üçün gözəl örnəklərdən biridir. Qaqauz Yerində gənclərlə görüşlərimiz zamanı da birliyimizin, bərabərliyimizin, güclənməyimizin yolunun məhz “birimizin sevinci də, kədəri də hamımızın olmalıdır” düşüncəsindən keçdiyini dəfələrlə vurğulamışdıq. Və bu ümidlə də ayrılmışdıq Qaqauz  Yerindən…

 

BU SEVDA ÖLÜNCƏDİ!

 

Tibb elmində qırıq-qırıq, dalğalı xətlər adətən ürəyin kardioqrammasını bildirir. Dünya xəritəsində isə bu cür xətlər sərhədləri, bölgələri, dağ-aran arası məsafələri çevrələyir. Bu çevrələri – xətləri keçdikcə sənə qucaq açan doğmalıqlar o enişli-yoxuşlu məsafələri xüsusi bir sayğıyla sığallayır, məhərrəmliklər çəkir könlünü. Ruhunu doğmalıqlar oxşayan yerlər qısa vaxt ərzində öz evin kimi qucaq açır sənə. Eyni yaddaşdan gələn keçmişin ətrini duyursan.

Doğma, əziz Qaqauz Yerini bu unudulmaz duyğularla baş-başa ziyarət etdik. Daha da doğmalaşdıq. Mehriban insanları, doğma dilləri, mahnıları bələdçimiz oldu. Elə sevdalar var ki, ölüncədir… Oğuz ruhlu Qaqauz Yeri də bizim üçün məhz belə sevdalardandı. Necə deyərlər, bu sevda ölüncədi!

20140917_211709 20140917_102506 20140917_105455 20140916_174657 20140918_094924 20140918_104226 20140917_140830

Advertisements

11.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: