Ölməz eşqin izləri var bu yerdə…

(Qənirə Paşayeva ilə addım-adddım Pakistan, 4-cü yazı)

12698569_817732721672102_5776676581640866597_oFestival günləri idi. Küçə boyu milli geyimli rəqqaslar hər iki yandan xüsusi çubuqla döyəclənən təbillərin ritmincə halay getməkdədi. Barmaqlar tütək dilləri üstə rəqs etdikcə oyunçular əllərindəki yaylığı boyunları üstündən dolandırmaqdadılar… Bir səmtdə saraylar aləmi çəkir nəzəri. Padşahın sarayı deyilən səmtə göz hərləyirsən və bir göz qırpımında elə bil baxışların yüzillərin o biri başına sancılıb qalır. Hələ bir Eşq bağçası deyilən əfsanəvi seyrangah… Hökmdarların seyrə çıxdığı bağça. Saray önündə, böyük hovuzla üzbəüz kral və imperatorların əyləşdiyi xüsusi “Loja”, necə deyərlər, hücrə hələ də tarixə yoldaşlıq edir. Qarşı tərəfdə – əfsanəvi hovuzun tən ortasında rəqqasələr üçün inşa edilmiş xüsusi meydan əlbəəl diqqəti cəlb edir.
Tarixi karvansaraya nəzər yetirdikcə sufi müqəddəslərinin qutsal durumu, gəzəri dünyaları gözlərim önündən gəlib keçirdi; nur kələfi, Ay ziyası kimi. Babur imperatorluğunun 4-cü sultanı Cahangirin türbəsi hələ də ziyarətçilərə könül açmaqdadı. Böyük göy üzünə salama duran hər iki qübbəsini 12-dən çox tağbənd birləşdirməkdədi.

Gecələri bir ayrı aləmdi Lahorun

Çuqun, mis qazanlarda bu yerlərin məşhur Kəşmir çayı qaynamaqdadı. Müxtəlif çiçək, yarpaq qatışıqlarının qaynadıldığı qazan durmadan qarışdırılır. Adına “qara çay” dedikləri də var. Çölməklə bakallara süzülür. Xüsusi çubuqla iç ki, içəsən. Deyirlər can məlhəmi, can dərmanıdı.
Hələ Vəzirxan camesinə götürən yollar. Hələ küçə boyu dükanlarda satışa çıxan geyim-keçimlərin zər naxışları… Mərcidən, fısdıqdan, bibərdən tutmuş hər cür ədviyyata, çərəzə qədər dopdolu çuvallar bazar boyunca…
Lahora, gözəlim Pəncab bölgəsinə gəlişimin ilk təəssüratlarıdı bunlar…
Lahora ikinci dəfə millət vəkili kimi Asiya Parlament Assambleyasının 7-ci plenar sessiyasında iştirak üçün getmişdim. Bu dəfə də Lahor ilk səfərimdə olduğu kimi qarşıladı bizi; mehriban, doğma və gülərüz. İnsanların səmimiyyəti, mehribanlığı da öz yerində. Hələ bir Azərbaycandan gəldiyimizi, üstəlik də türk olduğumuzu biləndə hansı xoş duyğular keçirdiklərini görəydiniz. Hələ də qulaqlarımdan getmir dillərinin “siz doğma qardaş-bacılarımız, din, iman dostlarımızsınız” söyləməsi.
Asiya Parlament Assambleyasının yüksək səviyyədə keçən 7-ci plenar sessiyasının üç günlük toplantıları çərçivəsində təşkil edilən şəhər gəzintilərimiz imkan verdi ki, bu əfsanəvi şəhərin özəlliklərini bir daha könlümə-gözümə, yaddaşıma köçürüm.
Pakistan əhalisinin yarısının yaşadığı Pəncabda əhalinin çoxu pəncab dilində danışırlar. Pəncablılar ölkədə ən böyük etnik qrupdur və pəncabi Pəncabın əyalət dili olaraq tanınır. Ölkənin konstitusiyasına uyğun olaraq pəncabi dili Pəncabda rəsmi dil hesab edilməkdədi. Lakin orta və ali məktəblərdə dərslər urdu və ingilis dilində tədris olunur. Pakistan İslam Respublikasının rəsmi dili urdu və ingilis dili olmasına baxmayaraq, hər əyalətin özünün də yerli danışıq dili var. Məsələn, Sind əyalətində sind, Bəlucistan əyalətində bəluc, Xeybər Paxtunva əyalətində puştu dili daha çox istifadə olunur, amma, bütün əyalətlərdə rəsmi dövlət dili urdu və ingilis dilidir ki, rəsmi yazışmalar, orta və ali məktəblərdə dərslər bu dillərdə aparılır.

“Öylə rüzgarlar var – görünməz…”

Belə yazır, var olan, ancaq gözlə görünməyən rüzgarların havasını bu misralarla çeşidləyirdi Cəlaləddin Rumi dədəmiz…
Ancaq Pəncabın bir çox ərazilər üçün kəskin hava şəraiti elə ilk baxışdan fəhm ediləndi. Bu rüzgarlar üçün çox vaxt yağışla müşayiət olunan dumanlı qış səciyyəviir. Yazı fevralın ortalarında gəlir, yayı aprel ayından, qışı noyabr ayından başlayır.
Pəncab Pakistanın ən böyük iqtisadiyyatına sahiblik edən bir region olub, ölkənin inkişafına ən çox töhfə verən bölgədi. Xüsusilə də xidmət və kənd təsərrüfatı sahəsində. Ən böyük işçi qüvvəsinə sahiblik etməsi buna imkan verir.
Pakistanın peşəkar və yüksək səriştəli (texniki) ən böyük işçi qüvvəsi burda yerləşir. Həmçinin, istehsal sahəsində hakim mövqeyə malik olmasına görə Pəncab Pakistanın ən sənayeləşmiş əyalətidir. Onun istehsal fabrikləri tekstil, idman geyimləri, ağır dəzgahlar, elektrik cihazları, cərrahiyyə alətləri, sement, nəqliyyat vasitələri, avtomobil hissələri, metal, şəkər məmulatları, təyyarələr, sement məhsulları, kənd təsərrüfatı maşınları, velosipedlər və ikitəkərli nəqliyyat vasitələri (rikşa), döşəmə və örtüklər, emal məhsulları istehsal edirlər. 2003-cü ildə bu əyalət Pakistanın 90% kağız və kağız məmulatları, 71% gübrələr, 69% şəkər və 40% sementinin istehsal etmişdi. Buğda və pambıq becərilən əsas bitkilərdir. Digər bitkiləri düyü, şəkər qamışı, darı, qarğıdalı, tərəvəzlər və meyvələrdir. Mal-qara və toyuq əti istehsalı çox mühüm yer tutur. Pəncab ölkədə illik taxıl məhsullarının 76%-ni istehsal edir. Pambıq və düyü mühüm bitkilərdir. Pəncabda 68 mindən artıq sənaye vahidləri vardır.
Pəncab mineral ehtiyatlarla zəngin əyalətdir. Burada mineral ehtiyatlar – kömür, dəmir, qaz, neft, daş duz (dünyada ikinci ən böyük daş duz ehtiyatlarına malikdir), dolomit, gips və kvars tozu geniş yayılıb.

Pəncab – qədim sivilizasiya beşiyi

… 8 min illik tarixə malik olan Harrapa xarabalıqları;
…Hər naxışında Quran ayələrinin süsləndiyi kalliqrafik yazıların sıralandığı qədim məscid;
…eramızın 1320-ci ilinə şahidlik edən Şah Rux-Ələm mavzoleyi;
…1150-ci ilin olmuşlarına şam yandıran, Cənubi Asiyada minalanmış erkən tikili tarixinə sahiblik edən Şah Yusif Kardezi məzarlığı;
…Şeyx Musa Ahangar məzarlığı;
…İmperator Şah Cahan məzarlığı – bütün bu tarixi abidələr Pəncab əyalətinin qos-qoca tarixi varlığının kəsişmələrinə şahidlik edən abidələrdi.
Qədim, çox qədim, ancaq gerçək bir eşq hekayətinin əbədiyyətə hesablanan örnəyi – məşhur Tac-Mahal abidəsinin sözü-söhbəti bu gözəl məkanda heç unudulmur… Hindistan Moğollar imperiyasının 5-ci imperatoru, behiştlik Şahabuddin Məhəmməd Şah Cahanın sevimli xanımı Mumtaz Mahalın şərəfinə Aqrada ucaltdırdığı abidə kimi parlaq, füsunkardı Pəncab mədəniyyəti…
Sufi mədəniyyətindən qaynaqlanır bu mədəniyyət.
Zaman-zaman bu bölgədə sufi müqəddəsləri islam dinini atəşin, pak bir düşüncə hücrəsi olaraq yaymış, müsəlman həyat tərzi yaşamışlar. Bu ənənələri xalq bayram mərasimlərinin köynəyinə bələyib yaşatmaqdadı. Bu bayramlar xalqın folklor ənənələrinə, qan yaddaşına və mədəniyyət abidələrinə ayna tutur, onların ömrünə ömür calayır.
İslam dünyasında əhəmiyyətli günlər olan Qurban, Ramazan bayramları, Aşura, Qədr günləri bizdə olduğu kimi, Pəncabda da əziz tutulur. Hələ bir Cumuhatul-Vida günləri, Mela festivalları…

Sufilərin şərəfləndirdiyi Pəncab

Bir də urs mərasimləri… Sufi müqəddəslərinin, xüsusilə Dita durbar məzarlıqları ilə məşhur olan Pəncabda o behiştliklərin anım günləri tarixi qədirbilənlik hissi ilə həmişə keçirilməkdədi. Bu mərasimlərin hər məqamında ruhu dincəldən melodiyalar çalınır, rəqslər edilir. Təbii ki, folklordan, sufi düşüncədən süzülüb gələn musiqilər. Sanki pak ruh, pak düşüncə yolçuluğunda həyatlarını ləyaqətlə qeyb etmiş dədələrə mistik mesajlar, xoşməramlı pıçıltılar göndərilir ki, haqq dünyasında arxayın uyuyun, nigaran qalmayın, varıq, olacağıq və sizin pak adınıza layiq ömür sürəcəyik. Ən mühüm urslardan bir neçəsinin adını qeyd etmək istəyirəm – o böyük süfilərin, ulu müqəddəslərin ruhlarına ehtiram olaraq: Lahora Dita Ganc Bukşurs, Jhanqda Həzrət Sultan Bahu urs, Lahorda Həzrət Mian urs, Pakpattanda aba Fərid Ganc Şakar urs, Multanda Həzrət Bahaudin Zakira urs, Dera Ghazi xanda Sakhi Sərvər Sultan urs, Lahorda Şah Hüseyn urs, Kasurda Həzrət Bullerh urs və s.
Bu sətirləri yaza-yaza 11-ci əsr sufisi və alimi, islam dininin Cənubi Asiyada yayılmasının fikir babalarından olmuş Əbül Həsən Əli ibn Usman əl – Jullabi al-Haqiveri əl-Qəznəvinin adını dərin sayğıyla yad edirəm. Lahorda 1077-ci ildə vəfat etdiyi bilinir. Ruhu şad olsun. Məşhur “Kəşf-əl-Məhcub” adlı əsəri hələ də ruhlara qutsal bir sufi düşüncəsi əsdirməkdədir. Lahordakı mavzoleyi önəmli ziyarət məkanlarındandı.
Hələ bir Sultan-ul-Arifin kimi tanınan müsəlman alimi Sultan Bahu (1630-1691)… Sərvəri Qədri Sufi qaydasının əsasını qoymuş şair və müqəddəslərdəndi. Sufizmlə bağlı 40-dan artıq kitabı məlumdur. Şeirləri sufi musiqisinin müxtəlif janrlarında səslənməkdədi.
Bu müqəddəslər sırasında Baba Sani Leir Məhəmməd Sahibin (1550-1635) adı başdan gəlir. Xəlifə Ömər ibn-əl Xəttabın nəslindən idi. Sufiliyin Qədiri qaydasına mənsubluğu ilə tanınırdı. Moğol imperatoru Şah Cahanın böyük oğlunun mənəvi müəllimi kimi tanınan bu böyük müqəddəsin kiçik bacısı Bibi Camal xatun onun davamçısı kimi fəaliyyət göstərmişdi.
Pəncabın sufi şairlərindən Həzrət Khvacia Firiduddin Məsud Janqiakarın adını necə anmayasan? Hələ bir Şah Hüseynin (1538-1599). Şeyx Osmanın oğlu idi. Lahorda yaşayırdı və Pəncab poeziyasında Kavıfornun ilk nümayəndəsi kimi tanınmaqdadı. Məzarı Lahor Şalimar Bağları qonşuluğundakı Bağbanpura ərazisindədi. Hər il anım mərasimi ibadətgahında “İşıqlar festivalı” dövründə qeyd edilir.
Sufi şairi və filosofları sırasında Bulleh Şahın da əziz yeri var ki, Seyid Abdullah Şah Qədri adıyla da tanınmaqdadı.
Sonra gəlir Seyid Varisin ismi-şərifi. Herr və onun sevgilisi Raiqihanın ənənəvi folklor nağılına əsaslanan “Heer Ranciha” əsəri ilə daha çox tanınır. Bu mövzu çox sayda şairlər tərəfindən qələmə alınsa da, daha çox Seyid Varisin yazıqları ilə məşhurdu.
Ən çox yayılmış musiqi alətləri Tabla və Harmoniumdur.

Advertisements

15.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: