Uzaqdakı ən yaxın-Pakistan

Uzaqdakı ən yaxın-Pakistan

12657754_815898068522234_964511636864640550_o(“Qənirə Paşayeva ilə addım-addım Pakistan”)
(1-ci yazı)
Orda bir ölkə var – paklıqdan gələn…
Coğrafi məqamı uzaq olsa da, yaxından yaxındı ruh baxımından. Əzizdən əzizdi ünvanı bizə.
Orda – Güney Asiyada bir dost, qardaş ölkə var.
O ölkə ki, doğma Azərbaycanımız müstəqilliyini bərpa etdiyi günlərdə onu ilkin olaraq tanıyan üç ölkədən biri oldu.
O ölkə ki, doğma, əbədi və əzəli torpaqlarımızı işğaldan azad etmədiyinə görə bütün şirnikləndirici vədlərə, əməkdaşlıq çağırışlarına baxmayaraq işğalçı ermənilərin, Ermənistanın üzünə qapılarını açmır, hər cür əlaqə təkliflərini rədd edir.
O ölkə ki, Parlamentində Xocalı soyqırımını tanıyan, erməni vəhşiliklərini kəskin pisləyən 2 qətnamə qəbul edib.
Bu, bütün beynəlxalq platformalarda Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı dəstəkləyən Pakistandır.
Ərazisinin böyüklüyünə görə dünyanın 36-cı böyük ölkəsi olan Pakistan!
Əhalisinin sayına göə dünyada 6-cı sırada yer tutan Pakistan!
Ən böyük müsəlman əhalisinə malik ikinci ölkə…
Silahlı qüvvələrinin sayına görə dünyada səkkizinci yeri tutur.
Misirli Ənvər Əl Sadatdan sonra Nobel mükafatına layiq görülən və elm sahəsində bu mükafata ilk olaraq sahib çıxan ilk müsəlmanın – fizika nəzəriyyəçisi Mohammad Abdus Salamın vətəni olan Pakistan…
Dünyanın ən gənc Nobel mükafatçısı Molala Yusifzainin dünyaya göz açdığı Pakistan…
Bu həmin Molala Yusifzaindir ki, Pakistanın quzeyində, Talibanın güclü olduğu Svat vadisində doğulub boya-başa çatmışdı. Təhsil və qadın hüquqları müdafiəçisi kimi tanınan bir ad sahibiydi. Pakistanlı qızların məktəbə getməsi, yönündə apardığı mücadiləni Taliban ideoloqları ona bağışlamadı. Adını ölüm siyahısına saldılar, 2012-ci ildə məktəbdən evə dönərkən gülləbaran etdilər. xəstəxanada onu ziyarət edən Pakistanın Baş naziri Raza Pervez Aşraf demişdi ki, bu basqı sadəcəbir nəfərə qarşı yox, bütün insanlığa, millətimizə və toplumuza edilən qəsddir. Malala Pakistanın gerçək üzüdür.
Ona edilən qəsd bütün dünya tərəfindən, eləcə də ABŞ prezidenti Barak Obama tərəfindən qınandı. 2014-cü ildə Nobel Barış ödülünə layiq görüldü.
Və nəhayət, dünyada ən çox qaçqının sığınacaq tapıb məskunlaşdığı ölkələrin önündə gələn dövlətlərdən biri, xeyirxah ölkədi Pakistan.

Varlığına salam olsun,Pakistan

Ruhum, qəlbim, düşüncəm, Yaradanım mənə “adlar içində adı-ünvanı doğmadan-doğma, əzizdən əziz olan dost, qardaş Pakistan dövləti haqqında düşüncələrini yazıya al, kitaba köçür” deyir. Bu gözəl səslənişə bütün ruhumla, düşüncələrimlə, hafizəmin imkan verdiyi qapsam çevrəsində əməl etmək istəyirəm. Bilirəm ki, bu, mənim eyni zamanda da vəfa borcumdu. “Əssalam, ey doğma, əziz Pakistan! – söyləyirəm. – İslam daşıyıcısı, müsəlman toplumu olan varlığına salam olsun”.
Tarixinə, bu gününə və gələcəyinə salam olsun. Əbədi-əzəli və dönməz dostluğumuza, anlaşmamıza, etibarımıza salam olsun…
Salamlarımın heç əskik olmadığı İslamabadı – Pakistanın baş şəhərini göz önünə gətirdikcə Şərqin böyük bir dühasının, könül adamının dediklərini anır, anıram: “Bir şəhərdə ki, insanların birliyi qarşılıqlı kömək məqsədi daşıyır və bunun nəticəsində əsl xoşbəxtliyə nail olunur, demək bu şəhər xeyirxahlıq şəhəridir”.
Xeyirxahlıq ölkəsi kimi görüb-tanıdığım Pakistandan, dostluq-qardaşlıq şəhəri kimi köksümə sıxdığım İslamabaddan, bu gözəl ölkənin bölgələrindən söz açmaq istəyirəm; ruhumun dərinliyindən gələn “Əssalamu əleykə” sayğısı, istəyi ilə…

“Cive, cive, cive, Pakistan”

Bir az da, bir az da dərinə gedib, ötənləri ansaq indiki Pakistan ərazisində 15-ci yüzildə fırtına kimi əsən Türk-Moğol kökənli dövlətin, Babur imperiyasının (Böyük Moğol İmperiyasının davamı), qurucusu və ilk Türk hökmdarı Babur şahı anmalı olacağıq; görkəmli dövlət xadimi və ədib, eyni zamanda Orta Asiya türk ədəbiyyatının Nəvaidən sonra ən böyük siması olan Babur şahı… Nəsrlə yazılmış “Baburnamə” əsərindən başqa Nəvai üslubunda şeirlərini oxumuşuq ta gəncliyimizdən:

Canımdan özgə yari vəfadar tapmadım,
Könlümdən özgə məhrəmi əsrar tapmadım.

…Canımdan özgə canına dil-əfkar görmədim,
Könlüm kimi könlünə giriftar görmədim…

Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi “Baburnamə” əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur, eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur.
Bu, o Babur şahdı ki, “Ta bilinə hər kişinin təbi ilə haləti” deyib də səsləniş edirdi 1483-1530-cu illərin ucalığından. Ancaq səsi, ruhu yaxından yaxın, doğmadan-doğma gəlmədədi.
Bəlkə dünyalarca məşhur Tac-Mahalı yapdıran, adı 16-cı yüzilin səhifəsinə vəfadarlıq simvolu kimi həkk olunan, Türk-Moğol imperatorluğunun Teymuroğulları xanədanlığının 5-ci hökmdarı Cahan Şahdan söz açaq bir az… Dünyanın ən zəngin taxt-tacına sahib idi. Ötkün hökmlü xanədan sahibiydi. Sevimli xatununu əcəl aldı, yer gizlədi. Cahan şahın cahanlığı bu nisgili sinirə bilmədi. Ömrünün sonunacan yas saxladı, taxtı-tacı gözündən düşdü. Bir könül dostunun xatirəsi önündə qayb etdi uca taxtını. O unudulmaz əhdə-peymana əbədi abidə olsun deyə sevimli xatununun adına Tac-Mahalı yapdırdı; əbədi vəfanın simvolu kimi… Teymuroğulları xanədanlığının 5-ci hökmdarı yaddaşlarda belə əbədiləşdi; Tac-Mahal sevdasıyla… Bu üzdən ortaq bir keçmiş bağlılığımız var hind-türk tarixiylə, Pakistan tarixiylə, Pakistan insanlarıyla.
Mənimlə eyni yaşda olanlar TRT-nin illər öncə yayımladığı bir melodiyanı heç unutmazlar ki! O gözəlim melodiyanın sözləri boyunca şərqiçilər dönüb-dönüb də təkrar edərdilər:

“Cive, cive, cive, Pakistan,
Pakistan, cive, Pakistan”.

Sonralar öyrəndik ki, “cive”nin anlamı “yaşa” deməkmiş. Pakistanlı şərqiçilər eynilə ustad aşıqlarımızın dil əzbəri etdikləri kimi oxuyurlarmış: “Yaşa, yaşa, Azərbaycan! Azərbaycan, Azərbaycan, Azərbaycan!”
Mahnıya, hər cür öygüyə yatımlıdı dövlətlərimizin adı.
Coğrafi baxımdan uzaqdan uzaq, göz məsafəsi ilə iraq olsaq da, ruh, adət-ənənə, din yaxınlığımız arada etibarlı bağlar, körpələr kimidi. Ruhən iç-içə, könül-könüləyik. İlk baxımdan uzaq görünürük. Mahiyyətcə isə bir-birimizin daxili dünyasında, qəlbində, ruhundayıq Pakistan insanlarıyla…
İndiki halda bu yazı mənim üçün gözəl fürsət kimidi. Bu fürsətin ən ali, əsas məramı dost, qardaş ölkə olan Pakistanı olduğu kimi, bütün dəyərləri, adət-ənənələri, tarixi, mədəniyyəti, təbiət özəllikləri, iqtisadi-siyasi durumu ilə bir arada Azərbaycan insanına anlatmaqdır. Az da olsa, məhz öz müşahidəm, öz münasibətim, öz baxışım, öz duyğum kimi anlatmaq. Öz bildiyim, öz qəbul etdiyim kimi anlatmaq.
Doğma, dost və qardaş olan Pakistan! Bu yazımın başlıca məramı, var olma, yazılma səbəbi o böyük, əbədi duyğudan qaynaqlanır ki, “qoy məndən ən cüzi bir şey qalsın ki, səni heç bir zaman unuda bilməyim…”
Sənə olan hədsiz sayğımın, marağımın məhəbbət, ehtiram telləri ilə sənin varlığına, haqq-sayına, etibarına bağlanım!
O yerə, o məkana ki:
“Orada fikir qorxu bilmir və insanın başı qürurla ucalır;
O yerə ki, orada düşüncə, öyrənmək duyğusu azaddır;
O yerə ki, dünya arakəsmələrlə qəfəslərə bölünməmişdir;
O yerə ki, orada sözlər həqiqətin dərinliklərindən gəlir;
O yerə ki, orada yorulmaz, bitib-tükənməz arzular əllərini mükəmməlliyə doğru uzadır;
O yerdə ki, orada şüurun parlaq bulağı barsız, qumluq çöllüklərdə itib-batmır;
O yerə ki, ağıl və zəka yüksək arzulara və işlərə yönəlir…” (Taqor)
Səsimi, arzularımı dost-qardaş Pakistan insanlarının, pakistanlı ruhdaşlarımızın, dindaşlarımızın səsinə, istəklərinə qoşuram: “Qoy bizim ölkələrimiz daim ulu ozanların, böyük aydınların vəsf etdiyi azadlıq, əmin-amanlıq, insanlıq, doğmalıq səmasının altında əbədi var olsun, ey bizim ulu Tanrımız, ulu haqqımız, ulu varlığımız!”
Dost-qardaş ölkə olan Pakistanın tarixi yaşantılarını, olmuşlarını göz önünə gətirirəm…
Azərbaycan tarixinin gizlinləri vərəqlənir gözlərim önündə… Baxıb görürəm ki, eyni təhdidlər, qoruq-qadağa buxovları, müstəmləkə zəncirləri uzun illər boyunca xalqlarımızın azadlıq duyğusunu əhatələyib. Mənəvi yaşantılarımızın, oxşar taleyimizin bu səmti, bu yönü də var.
Ölkələrimizin dəniz sahiliylə çevrələnməsi, oxşarlığı da göz önündədi: Bizdə göy Xəzərdi, orda Ərəb dənizi. Pakistanın sınırları boyunca 100 kilometrlərlə uzanıb gedir Ərəb dənizinin sahilləri. İllah da Pakistanın ən böyük şəhərlərindən olan Kəraçi səmtdən göz yetirəsən… Diqqətini çəkən nə varsa tam bir Xəzər seyri ovqatı yaşadır sənə. Tarix qoxuyan minarələr bizim İçəri şəhərin tarixi küçələrini, Qala divarlarını birər-birər yada salan, xatırladan görüntülər… Qüllə saatları, azan səsləri əbədiyyət vaxtının hesabını çəkməkdədi.
Göz yetirib baxdıqca qəlbimdən, düşüncələrimdən elə hey keçməkdəydi ki, dost, qardaş ölkələr mənəvi, ruhi, inam-inanc, siyasi, mədəni dəyərləri ilə bərabər, həm də coğrafiyası, təbiət özəllikləri ilə oxşar, bir-birinin bənzəri olurlar.
Dənizdən çayına, dərəsindən dağına, meşəsinə, insanların doğma, tanış təbəssümünə qədər doğmadı, oxşardı Pakistan bizə. Xalçalarının ilməsinə, əl işlərinin yeləninə, naxışına qədər, nə varsa oxşardı, tanışdı, dostum!
(Ardı var)

Advertisements

11.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: