Pak ölkə

Pak ölkə

12657415_816334455145262_2712854412268188753_o(“Qənirə Paşayeva ilə addım-addım Pakistan”)
(2-ci yazı)
İllər öncəsi Pakistana etdiyim ilk səfərim zamanı bu bənzərsiz ölkənin adının mənası ilə maraqlanmışdım. Dostlar mənə bu adın maraqlı hekayətini söyləmişdilər. Əslində, adın “paklıq”, “təmizlik” anlamından qaynaqlandığını bilməmiş də deyildim. Ancaq yenə də “hər kəlmə altında min tarix yatmasının” fərqində idim, bilirdim ki, hər deyiləm kəlmə, söz, yazı əsrdən-əsrə bir yadigardır. Dostların anlatdıqları bir daha qənaətlərimin doğru-dürüst olduğuna əmin etdi məni. Olanı budur ki, Pakistan sözü Urdu dilində “Pak ölkə” mənasında işlədilir. Bu, elə bizim dildə də eyni anlamı verir. Heç bir tərcüməyə-filana, anlatmaya ehtiyac yoxdur. Bu gözəlim söz, yəni Pakistan adı ilk dəfə 1933-cü ildə behiştlik Rahmat Alinin dilindən səslənmişdir.
Pakistan sözünün yaranma hekayəti isə belədir ki, zamanın ötən çağlarında İngiltərənin müstəmləkəsi altında qalan əski Hindistanın 5 qədim əyalətinin baş hərfləri bir arada “Pakistan” sözünü var etmişdi. Belə ki:
P – Pəncab;
A – Afqanya;
K – Kəşmir;
S – Sind;
Tan – Bəlucistan = Pakstan = Pakistan.
Hal-əlbət, məsələnin bu tərəfi, gerçək üzü belədi. İndiki halda Pakistanda Pəncab, Sind, Quzeybatı sınır əyaləti və Bəlucistan olmaq üzrə 4 əyalət var. Paytaxtı İslamabaddır.
Pakistan və ya rəsmi adı ilə desək Pakistan İslam Cümhuriyyəti bir az öncə də qeyd etdiyimiz kimi, Güney Asiyada yerləşir. Cənubdan Ərəb dənizi 1046 km məsafə boyunca torpaqlarını qucmadadı. Qərbində Əfqanıstan, cənub-qərbində İran, şimal-şərqində Çin, şərqində Hindistan vardır. Şimalda Tacikistanın dar Vaxan dəhlizi ilə ayrılır. Oman ilə dəniz sərhədinə malikdir.
ölkəsinin ərazisi 796.095 kvadrat kilometrdir və qeyd etdiyimiz kimi, böyüklüyünə görə dünyanın 36-cı ölkəsidir.

Tələsmə, ey qələm…

Burda hər tarixin öz qızıl vaxtı, burda hər ömrün bir heykəli var. Hətta adlarını dərin sayğı ilə çəkib, ehtiramla oxuculara təqdim etdiyim bölgələrin tarixi qaynaqları ilə yanbayan, ac, əyri-üyrü rişələrini sökük divarların yarıqlarına pərçimləmiş və bu yerlərdə əziz tutulan aşat – müqəddəs əncir ağacının da belə öz bildikləri olmamış deyil.
Tələsmə, ey qələm, bütün olmuşların tarixləşməsi, sevərəkdən yad edilməsi üçün sənə ehtiyacı olan zamanın sükutunu da dinləyib keç. GözəlimPakistanın şəhər-şəhər, köy-köy daşdan, ağacdan, hər cür texniki imkanlardan yapılmış gözəlliklərinin önündə ehtiramla “ayaq saxlamağa” bir məqam eylə. Qoy tarix yazanların, ölkələr dolaşıb, səyyah adıyla ruhunu kağıza köçürənlərin, qardaş Pakistanı dost gözləriylə seyrə dalanların ayaq izləri sənin adına yazdığın sözümdə-söhbətimdə qalsın.
Tələsmə, ey qələm! “Hər yazdığın sətir ibadət edir!”

2001-ci ilin ağır sentyabr günləri…

Pakistana ilk səfərim çox ağır bir dövrə düşmüşdü… Ölkənin həyatı çıxılmaz xaos burulğanını xatırlatmaqda idi. 2001-ci ilin sentyabr hadisələrindən sonra Koalissiya Qüvvələrinin Əfqanıstanda anti-terror əməliyyatı adı verdikləri müharibə başlamışdı. Mən də bir jurnalist olaraq Əfqanıstandan və bütün müharibə dövründə ən çox diqqət çəkən milyonlarla əfqan qaçqının üz tutduğu Pakistandan reportajlar hazırlamaq üçün bu ölkəyə səfər etmişdim. Çoxlu sayda risk, qorxu, addımbaşı təhlükə, hətta girov götürülmək təhlükəsi belə yaşasaq da operatorumuz Kənan Məmmədovla bərabər həyatımızın ən maraqlı dönəmlərini yaşadıq bu səfər boyunca. Baxmayaraq ki, ailə üzvlərim və dostlarım mənim bu səfərimi yanlış qərar hesab edirdilər. Həyatımı belə itirə biləcəyimin gerçəkliyini soyuq bir məntiqlə mənə xatırladanlar da olmamış deyildi. Mən o səfərə deyilənləri yox, qəlbimin səsini dinləyərək getmişdim. Bu günün özündə də tam əminəm ki, mən mütləq getməliydim. Bu, mənim doğru qərarım idi. Tək ona görə yox ki, çox sayda önəmli və maraqlı reportajlar, proqramlar hazırlayıb, insanların yalnız xarici televiziya ekranlarından izlədiyi liderlərdən çətin şəraitdə olsa da müsahibə ala bilmişdik, həm də ona görə ki, həyatın çox fərqli özlərini görə bilmək imkanı əldə etmişdik və bu səfər həyatımızda böyük iz buraxmışdı.
Orası da var ki, həmin səfərimə qədər mən Pakistan və Əfqanıstan tarixi ilə bağlı kifayət qədər məxəzlər, tarixi mənbələr oxumuşdum. Yetərincə məlumatlı idim.
Xalid Hüseyninin məşhur “Çərpələng uçuran” əsərindən insanların oxuduqlarının bir çoxunu mən öz gözlərimlə görüb, yaşadım Əfqanıstan, Pakistan səfərlərimdə. Eyni zamanda bütün bu tanışlıqlardan, tutarlı məlumatlardan başqa, mənim yaddaşımda telekanallarda, film kadrlarında yaşamını izlədiyim çox doğma, əziz bir Pakistan obrazı vardı. O obrazda Pakistan mənə dili dualı, necə deyərlər, başdan-başa dümağ geyimli-kecimli insan dənizi, insan qələbəliyi kimi doğma və tanış idi. Bu dili dualı, başdan-ayağa dümağ milli geyimdə olan insan seli sanki eyni anda bir olan uca Allahın dərgahına əl götürürdülər, eyni anda Allahın hüzurunda səcdəyə əyilirdilər. Mənim üçün Pakistanın unudulmaz obrazı bu görüntülərlə, müşahidələrlə sərgilənmişdi.

Sufilər yurdu…

Eyni zamanda sufi əxlaqı, həyat tərzi ilə çəkirdi Pakistan məni. Azərbaycanlı sufilərin qurduğu Şührəverdiyyə təriqətinin memarı Əbu Hafs Ömər Şühabəddin Sührəverdi idi ki, böyük bir sufi mütəfəkkiri və fiqh alimi olmaqla yanaşı, siyasətçi və diplomat kimi tanınırdı. O, 1145-ci ildə Zəncana bağlı Sührəverddə dünyaya göz açmışdı. Sührəverdiyyə təriqəti ilk dövrlərdən etibarən İslam dünyasında ən geniş yayılan təriqətlərdəndir. Əvvəlcə Bağdad və Şam ətrafında daha sonra da İran, Anadolu və Türküstan tərəflərində geniş vüsət tapmışdır. Sührəverdiyyənin ən geniş şəkildə yayıldığı yerlərdən biri şübhəsiz ki, Hindistan və Pakistandır. Şühabəddin Sührəverdinin xəlifəsi Bahaəddin Zəkəriyyə Multani tərəfindən bugünkü Pakistan torpaqlarının da daxil olduğu Hindistana aparılan bu təriqət Multaninin və müridlərinin cəhdləri nəticəsində bu bölgələrin ən böyük təsəvvüf məktəbi olmuşdur. Bu baxımdan, Azərbaycanda geniş intişar tapmış sufizm mistik islam ənənəsi olub uzun tarixə malikdir və Pakistanda geniş yayılıb. Pakistanda sufi mərkəzləri mövcuddur. İlk sufi musiqisi və rəqsi üzrəburada maraqlı, ənənəvi festivallar keçirilir.
Lal Şahbaz Qələndər kimi tanınan Seyid Həsən şah (1177-1274) sufi filosofu və şairi olub, sufilərin Sühraverdi qanadına aid idi. Bu cərəyanın tərəfdarları arasında Şah Əbdül Lətif Bhitan, Mahkdoom Bilavan və Sacah Sarmastın adları Pakistan tarixindən sıx-sıx keçir. Eləcə də Cənubi Asiyada İslam dininin geniş yayılmasına rəvac vermiş olan 11-ci əsr sufi alimi Əbül Həsən Əli ibn Usman əl Qəznəvinin. Bu sufi düşüncələri Azərbaycan – Pakistan arası mənəvi anlaşmaların yoluna həmişə gur işıq salıb.

Zövq qoxusu

Dağda bir zahid yaşayırdı. Yemək-içməkdən büsbütün vaz keçmişdi. Şəhər əhli hər il onu ziyarət edərdi. Belə günlərin birində qərib yolçu olan bir dərviş qələbəliyin səbəbini soruşur. Zahid cavabında deyir: “Sən dərvişsənmi, ya Məcnunsanmı?”. Dərviş bu sözü eşidər-eşitməz ehtiramla üzr diləyir: “Sənin bu sözlərindən mənə zövq qoxusu gəldi…”.
Pakistan tarixi, Pakistan təbiəti, Pakistan mədəniyyəti ilə olan tanışlıq mənə unudulmaz bir zövq qoxusu gətirdi. Bu gözəl diyara etdiyim səfərlər zamanı Həzrəti Şəms Təbrizin dilindən səslənən o unudulmaz əfsanəni heç unutduğum olmadı.
Qutsal bir zövq qoxusu ürpətməkdədi Pakistan tarixi, mədəniyyəti, Pakistan təbiəti…
(Ardı var)

Advertisements

11.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: