Dədələrimizin izi ilə gəzdiyim sirli torpaq…

Dədələrimizin izi ilə gəzdiyim sirli torpaq…
10978581_657543517691024_7396748849118528704_n(Qənirə Paşayeva ilə addım-addım Pakistan)
(3-cü yazı)

Ona aşiqliyinin ətəklərinə sarıl…
Bir pərvanədən yanmağın incəliyini, dərin mənasını öyrən.
Atəş içində bir saray binə et! Cisminə Eşqi yerləşdir…
Mustafa ilə olan əhdini təzələ…
(Muhammed İqbal,Pakistanın dünya şöhrətli şairi)

Pəncabdan danışım sizə…
O diyardan söz açım ki, “Açıqdır cənnət qapısı, Ləli-gövhərdir yapısı…” Pir Sultan Abdalın ruhu şad olsun, ən möhtəşəm məkanın, gözəl diyarın tərifini belə verirmiş…
Pəncabdan danışım sizə: “Bir nəzərdə qalmayalım, gəl dosta gedəlim, könül” istəyinə, havasına könül açıb qədəm-qədəm gəzib-dolaşdığım Pəncabdan…
“İgid ikən ölənlərə köynəyini biçən” Pəncabdan söhbət açım. O gözəlim Pəncabdan ki, Yunus Əmrə dədəmiz söylədiyi kimi:

Şol cənnətin irmaqları,
Axar Allah deyə-deyə.
Çıxmış İslam bülbülləri
Ötər Allah deyə-deyə.

Söz yerinə düşdü, Yunus dədəmizin “Şol cənnətin irmaqları” misrası havadan, yox yerdən özünü yetirmədi ki!
Pakistanın dörd əyalətinin hamısından qələbəlik olan Pəncabın adı bu əsrarəngiz məkanı çevrələyib keçən irmaqların varlığından götürülüb. Belə ki, farsca pənc-beş, ab-su, irmaq mənasında işlənir və Pəncabın əziz, doğma adı da bu sözlərin bir araya gəlməsindən yaranıb.
Pəncab Pakistanın ən inkişaf etmiş və ən çox əhalisi olan əyalətidir. Ölkə əhalisinin 52 faizi burada yaşayır. Pəncabın əsas mədəni, tarixi və iqtisadi mərkəzi, belə deyək ki, paytaxtı Lahordu.

Çayların sevimlisi

Pəncabın xüsusi özəlliklərindən biri odur ki, əvvəlcədən də qeyd etdiyimiz kimi Pakistan sözünün əvvəlində gələn “P” hərfi Pəncab sözünün əvvəlində gələn “P” hərfindən götürülüb. Belə deyək ki, Pakistan Pəncabın ilk hərfindən başlayır. Beş çay mənasını verən Pəncabda 100 milyon insan yaşayır. Çayları Himalay dağlarından Ərəb dənizinədək axıb getməkdədi.
Çay vadiləri boyunca yerləşən əyalət əsasən münbit və verimlidir.
Pəncabın Mahabbarata dövründə Pançanada kimi tanındığı vaxtlar olub. Bu o zamanlar idi ki, bölgədə əsas yaşayış məskəni Harrara şəhəri idi. Qandhara Mahajanapadas, Əhəmənilər, Makedoniyalılar, Maurya, Kuşan, Qupta, Hindi Şahi, Qurjara-Pratihara və qədim Rajputana kimi imperiyaların bir hissəsi kimi tanınan Pəncabda kənd təsərrüfatı inkişaf etmiş, Multan və Lahor kimi ticarət mərkəzləri yaranmışdı.
Bölgənin əsas şəhərlərindən biri olan Taxilanın əsasının Ramın nəvəsi, Bharatın oğlu Takş tərəfindən qoyulduğu söylənməkdədi. Bu şəhərdə dünyanın ən qədim universitetlərindən olan Takşaşila Universiteti yerləşirdi və Taxila Maurya imperiyası dövründə ən böyük öyrətmə və intellektual müzakirə mərkəzi idi. Taxila YUNESKO-nun maddi-mədəni İrs siyahısına salınıb, qədim arxeoloji və dini tarixə malikdir.
Pəncab Pakistanın Bəlucistandan sonra ərazisinə görə ikinci ən böyük əyalətidi. ölkənin ən böyük 6 şəhərindən biri bölgənin paytaxtı Lahordu. Eyni zamanda Pəncabda Faysalabad, Ravalpindi, Multan, Gujranvala, Bahavalpur, Sialkot, Sargodha, Gujrat, Sheikhupura və Jhelum kimi böyük şəhərlər də yer almaqdadı.
Bu bölgənin sonsuz asimanında görkəmli dövlət xadimi və ədib, Böyük Moğollar imperiyasının banisi, “Baburnamə”nin müəllifi Zahirəddin Babur şahın kövrək ruhu şeir-şeir, söz-söz dolanmaqdadı. Bəlkə də Pəncabın gözəllikləri önündə vəcdə gəlib “Könlüm kimi könlünə giriftar görmədim” yazmışdı. Bəlkə də bu gözəl diyardan axıb gedən irmaqların xoş, mülayim havasına könül aça-aça yazmışdı ki:

Canımdan özgə yari-vəfadar görmədim,
Könlümdən özgə məhrəmi əsrar tapmadım.

Tarixin gedişatında – 712-ci ildə Məhəmməd ibn Osmanın rəhbərlik etdiyi müsəlman ordusu Sindh və Cənubi Pəncaba daxil olmuşdu. Bu xəlifəlik Məhəmməd Peyğəmbərin (s.) vəfatından sonra qurulan ikinci islam xəlifəliyi idi. Xəlifəliyə Əməvilər sülaləsi rəhbərlik edirdi.
Pəncaba islamı qəbul etmək barədə xəbəri Məhəmməd ibn Qasım gətirmişdi. Hind çayı boyunca Sindh və Multan regionlarını da Əməvi xəlifəliyinə birləşdirən o olmuşdu. Qasımın bu müvəffəqiyyətləri Hindistanda islam dininin yayılmasına rəvac vermişdi.
Növbəti illər ərazində Pəncab əfqanlardan, paştunlardan və türklərdən təşkil olan və yerli qəbilələrlə əməkdaşlıq edən müsəlman imperiyalarının tərkib hissəsi olur. Bununla da Cənubi Asiyada islam dini güclənməyə başlayır və özünün pik dövrü Moğollar imperiyası dövrünə təsadüf edir. Olmuşdu bütün bunlar; Mahmud Qəznəvi dövründə Lahor Əfqanıstanda yerləşən Qəznəvilər imperiyasının ikinci paytaxt şəhərinə çevrilmişdi. Bu zamandan sufilərin ziyarətləri nəticəsində Pəncabda islam dini hakim mövqe qazanmış, önə çıxmışdı. Mahmud Qəznəvi dönəmində imperiyanın torpaqları bugünkü Əfqanıstanı, Şərqi İran və Pakistan torpaqlarını əhatə edirdi.

Dədəmiz Nadir şahın izlərini daşıyan torpaq

Bu bölgədə Sufi dərvişlərinin gəzib-dolaşdıqları zamanların əfsanələri indinin özündə də dil əzbəridi. Moğollar regiona 1524-1739-cu illərdə hökmranlıq etmiş və bölgədə əsasən Lahorda yerləşən Şalimar Bağları və Badişah Camisini inşa edilmişdir. Müsəlman əsgərləri, tacirləri, memarları, din adamları və Sufilər müsəlman dünyasının müxtəlif bölgələrindən Cənubi Asiyadakı İslam sultanlığına gəlmiş və bəziləri Pəncabda məskunlaşmışlar. Moğolların devrilməsindən sonra Azərbaycan türkü olan, əfşarlar sülaləsinin lideri, dünya tarixinə adını yazmış Nadir şah Hind çayını kəçərək 1739-cu ildə bu əyaləti fəth edir. Sonra Əfqan şahı Əhməd şah Durrani Pəncabı ələ keçirərək Durrani imperiyasına birləşdirir və 1762-ci ilədək bu imperiyanın bir hissəsi olur.
Müsəlman imperiyaların minillik dövrü başa çatmaq üzrə idi və gərgin dövrlər başlamışdı. 1758-ci ildən sonra isə bölgə hind Maratha imperiyasının nəzarətinə keçir. Müsəlman millətçisi Seyid Əhməd Barelvi mübarizə apararaq İslam qanunlarına uyğun İslam dövlətini yaratmağa cəhd göstərir. Amma uzun illər aparılan mübarizə uğurlu olmur və Seyid Əhməd Barelvi qətlə yetirilir. Maharaja Ranjit Sinqhin 1839-cu ildə vəfatından sonra Britaniya imperiyası bölgəni nəzarətinə keçirmək üçün ciddi mübarizə aparır və buna nail ola bilir.
1947-ci ildə Pəncab dini mənsubiyyətə uyğun Şərqi Pəncab və Qərbi Pəncaba bölünür. Qərbi Pəncab yeni dövlət olan Pakistana birləşdirilir, Şərqi Pəncab isə müasir Hindistanın bir hissəsi olur. Bu əyalət Pakistanda ən böyük etnik qrup olan pəncablıların yaşadığı yerdir.
1960-cı illərdə yeni paytaxt İslamabad şəhəri Pəncabın bir hissəsi olan Ravalpindi yaxınlığında qurulur. 1950-ci illərdə Pakistanın qərb və şərq hissələri arasında gərginlik var idi. Vəziyyəti nizamlamaq məqsədilə 1955-ci ildə Pəncabın əyalət statusu ləğv edilir. Yeganə Qərbi Pakistan əyalətinə birləşdirilir. 1972-ci ildə Şərqi Pakistan ayrılır və Banqladeş yaradılır, Pəncab yenidən əyalət olur. Pəncab 1965 və 1971-ci illərdə Hindistan və Pakistan silahlı qüvvələri arasında baş vermiş əsas döyüşlərin şahidi olub. 1990-cı illərdən Pəncab Pakistanın nüvə proqramının bir neçə əsas mərkəzi yerlərindən (misal üçün Kahuta) birinə çevrilir. 2004-cü ilin əvvəllərində Hindistan və Pakistan arasında başlayan sülh prosesi vəziyyətin sabitləşməsinə yardımçı oldu. Vaqah sərhədindən ticari və insani əlaqələr getdikcə inkişaf etməyə başlayır. 1980-ci illərdən başlayaraq çoxlu sayda pəncablı Yaxın Şərqə, Britaniyaya, İspaniyaya, Kanadaya və Birləşmiş Ştatlara iqtisadi imkanlar əldə etmək məqsədilə mühacirət edirlər və bu gün dünyada Pakistan diasporunda Pəncab kökənlilərin sayı çoxdur və güclü bir diaspordur.
Bütün bunlar uzaq keçmişin tarixi yaşantılarıdı. Ondan da əvvəllərin Vedic sivilizasiyası (eradan əvvəl 1500-500-cü illər) Pəncab məkanının coğrafi ərazisini qapsayıb keçmişdi. Regionda yunan-buddist mədəniyyətinin yayılması tarixi eradan əvvəlin 165-150-ci illərinəcən əl aparır. Müsəlman, türk imperiyalarına bağlı tarix kitabdan-kitaba, məxəzdən-məxəzə adlamaqdadı. Reallıqda, göz önündə olan isə müasir, abad və islam əxlaqı, yaşam tərzi ilə süslənmiş Pəncabdı. Beş çay, su mənasında tarixi ad daşıyan irmaqlar, vadilər yatağı Pəncab… Bir gələn “bir də gəlləm, ölüb qallam bu yerdə” ehtiramı, haqq-sayı ilə yaddaşına köçürməkdədi.
Pakistanın müstəqillik qazanmasından sonra Pəncabda sənaye sürətlə inkişaf etməyə başlayır. Yeni zavodlar qurulur. Lakin kənd təsərrüfatı Pəncab iqtisadiyyatının ən böyük sektoru kimi qalmaqdadır. Bu əyalət ölkənin əsas buğda rayonu olmaqda davam edir.

Həyatımdan silinməz izlər…

Qədim, sirli, mistik, sufi müqəddəslərin sıx-sıx gəzib-dolandıqları Lahor şəhərini və Pəncab əyalətini könlümün istəyincə görmək iki dəfə mənə qismət olub.İlk səfərim yazımın əvvəlində də qeyd etdiyim kimi, Əfqanıstan müharibəsi dövrünə təsadüf edir. İndi o illəri yadıma salanda ilk olaraq gözlərim önünə daha çox qaçqın əfqan uşaqlarının hər şeydən şübhələnən, qorxmuş baxışları, həyəcanlı, iztirablı durumları gəlir. Əfqanıstan-Pakistan arası sınırların durumu mənə İkinci Cahan savaşı barədə ekranlardan izlədiyim davalı filmlərin kadrlarından tanış olan səhnələri xatırladırdı; Fövqəladə hərbi qayda-qanunla hər addımbaşı üzləşmək adi hal idi. Beqəfil, heç gözləmədiyin səmtdən qəfil atəşə rast gəlmək təhlükəsi insanları daban-dabana izləməkdə idi. Doğma Azərbaycana dönüş yolum Lahordan keçirdi. Açığını deyim ki, müharibədə jurnalist kimi çalışmağın, hər gün gərgin şəraitdə material hazırlamağın, gərgin yolların və görüşlərin sonucunda çox yorulmuşdum. Həyatın bu üzünü də görmək, ölüm-itimin hər üzünün adiləşməsinə şahid olmaq təbii ki, insan ömründən izsiz-tozsuz ötüşmür. Belə hallarda insan zəkasının hökmran olacağı romantikasına, xülyasına uyduğu illərin acısını daha çox çəkir adam. O qarmaqarışıq, yorğun durumun ərəfəsində, üstəlik, Lahor çəkilişlərim, müsahibələrim, hazırlamalı olduğum proqram və materiallarım da var idi. Yorğunluğum səbəbindən bu işlərin öhdəsindən gələ biləcəyimə elə də əmin deyildim. Qaçqın ailələrin iztirab dolu baxışları gözlərim önündən getmirdi. Mən bu baxışları əvvəllər ancaq kino kadrlarında və doğma Qarabağımızdan didərgin salınmış soydaşlarımın ağrılı anlarında görmüşdüm. Üzüntülü idim. Amma Lahor mənim üzümə bir rahatlıq, dinclik aləmi kimi açıldı. Lahora gəlişimin üçüncü günündə artıq nəzərdə tutduğum proqram və müsahibələri hazırlaya bilmişdim. Eyni zamanda ürəyim istəyincə gəzib-dolaşmaq imkanı da qazanmışdım. Bir növ, doğmalaşmışdıq. Vurulmuşdum Lahorun islam əxlaqı, müsəlman düşüncəsi ürpədən, qoxuyan durumuna. Hər qədəmi məni valeh etmişdi. Dədə Ələsgərin “Səni gördüm, əl götürdüm dünyadan” deyimi Lahorun hər qədəmi boyunca idi. O ilk səfərim zamanı təkcə Lahor yox, Pəncabın digər şəhərləri də qarşımda əfsanələr dünyası kimi açılmışdı. Ötən əsrin 60-cı illərində dəbdə olan kuzovlu maşınların xüsusi zövqlə bəzədilmiş, ən diqqət çəkən bəzək əşyaları ilə süslənmiş durumuna hər addımbaşı rast gəlmək olardı. Öküz, at, ulaq qoşulmuş arabaların ekzotik görünüşü ilə yanaşı, bir yandan da gəlin odası kimi bəzədilmiş motorollelər… Az qala bütöv ailələrin özlərinə yer edə bildikləri motosikl və velosipedlər, onlarla bir arada ən müasir avtomobil növləri… Eyni küçə və prospektlərdə eyni vaxtda bir-birinə yol verə-verə keçib gedən öküz arabaları, motosikl, motoroller, velosiped, ən müasir modelli avtomobillər və milli geyimli insanlar… Hamısı bir arada, eyni zaman daxilində. Və hər kəs bu duruma öyrəşmiş, isinişmiş…
(Ardı var)

Şəkil Artır

Yükləmək üçün bir bəlgə seç
Advertisements

11.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: