Ağlıma qəlbimlə bir hicab örtdum AKSARAY

(Yaxın günlərdə oxuyucuların ixtiyarına veriləcək “Qənirə Paşayeva ilə adddım-addım Türkiyə” kitabından Aksaray ilə bağlı 1-ci yazı)

DSC_0793KƏLAMİ-İLAHİNİ DİNLƏYİB,

SİRLƏRƏ QULAQ ASDIQ

 Dəqiqələrin, saatların necə keçib getməsinin fərqində belə ola bilmədik. Konya məftunluğu, Konya əfsunu hər anımızı, udduğumuz havanı, aldığımız nəfəsi, baxışlarımızı öz kutsal yaşantısının gül ətrinə bələmişdi. Qulaqlarımda “Məsnəvi”dən oxuduğum şah beytlər kıpır-kıpır qımıldanmaqdaydı:

Günlər keçdikcə

Keçib getsin, nə qəm!

Ey təmizlikdə

Bənzəri olmayan eşqimiz,

Yetər ki, sən qal…

 

Təki üzüntülərimizdən uzanmasın, vaxtsız hala gəlməsin, yanmalara yoldaş olmasın günlərimiz. Mövlananın öz istəyi, arzuları belə olub.

Günləri bu istək boyunca yaşamaq xoşdu.

Konyada olduğumuz hər dəqiqə, saat, gün çox-çox xoş olan bir səfər, səyahət anından daha çox dinləmək, yüzilliklərin bu başından o başına dinşək kəsilmək məqamı, ziyarəti oldu.

“Qurani-Kərim”in “Oxu!” hökmü “Məsnəvi”də “Dinlə” kəlməsilə təfsir olunur. Başa düşüləni, dərk olunanı odur ki, “kəlami-ilahini dinlə! Sirlərə qulaq as! Səndə həkk olunmuş həqiqətləri dinlə!”

Konya yüzilliklərin sükut dililə danışan könül kimidi. Sadəcə, qulaqla yox, ruhla dinlənilə bilər. Öyləcə də dinlədik.

Hər daşında, küçəsində, mədəniyyət abidəsində hökm edən sükut dünyasının yaddaşa nəql etdiklərini dinləyə-dinləyə ayrıldıq Konyadan.

Ankara-Aksarayarası ən çoxu iki saatlıq yoldur demişdilər. Ancaq o iki saatlıq məsafənin hər qədəmi bir əbədiyyət yaşamı kimi unudulmaz idi. Yol boyu lövhələrin xəbərdarlığı “yavaş sür!” deyə şəkillənmişdi.

Fikrin sürətini durdurmaq isə mümkünsüzdür. “Dur, toxta” deməyimiz mümkünsüz idi.

Abad, rahat Aksaray yolu… Karapinar-Erbil yolunun sağ səmti geniş düzənliklərlə əhatələnib. Könül kimi açıqdı dost gəlişinə. Solu təpəlikdi və yumru-yumru. Bir silsilə olaraq uzanıb gedir. Ariflər bilir ki, haradasa dağ ucalığına, qaya silsiləsinə qovuşub gedəcək yumru təpələr.

Keçib gedən anlar, rüzigarlar ömrün anları kimidi… Bir ucdan yaddaşa damır hər qədəm… Bir damcı Sultan Sarayıdı. Sonra da bir damcı – Aksaray gəlir. Varana qədər 120 km yol getməliyik hələ. Keçdiyimiz yamaclar boyu qarşıya çıxanlar xatirə bağları kimi, elə bil hər tarixi yurd yerlərini Ankara-Aksaray yolu təsbeh dənələri kimi bir səfə düzüb. Keçib getdiyimiz bölgənin təbiət özəllikləri bizim Şirvan, bir az da irəlilədikcə Füzuli, Cəbrayıl bölgələrini daha çox xatırladır. Daha biçimli şəkildə Füzuli rayonunun özünəməxsus təbiəti gəlir göz önünə – torpağının kəhraba rənginə qədər. Qəribə bir sarımtıllıq, kəhraba rəngi enib göz işlədikcə uzanan çöllüklərin üzərinə.

Baxıram, Kızörəndi bu gördüyüm səmt. Yolun lap əlyetərində usta Həsənin (Həsən usta deyə yazılıb) təmir emalatxanası xidmətdə durub.  Bu səmtdə süni suvarma sistemləri təkcə evlərə, insanlara yox, torpağa, əkinçilik təsərrüfatına da modern, müasir xidmət göstərməkdədi. Baxdıqca Dədəmiz Qorqudun öyüd-nəsihəti keçir ağlımdan: “Torpağı əkib-becərməsən qorumağa, qorumasan əkib-becərməyə dəyməz”.

Bu, Yenicədi… Başlamağıyla bitməsi bir göz qırpımı qədərdi. Beşağıl kəndi də elə… Maşın nəfəsi önündə eni-uzunu nədi ki? Sevimli şairimiz Məmməd Aslan demiş:

Dünya dəyirmandı, Məmməd bir dəndi,

Bu başdan düşməmiş, o başdan çıxar.

Eşmekaya köyünün ətrafı boyunca göz yetirib baxıram. Qoyun qatığı (yoğurt deyir türk qardaşlarımız) ilə məşhurdu bu tərəflər.

Eşmekaya bötün şəkillənməsi, görünüş etibarı ilə bizim Aran köyləri kimidi. Elə bil bizim Sabirabad, Saatlı, İmişli, Beylaqan, Ağcabədi çöllüklərinə səfər edibsən. Yurd-yurda, torpaq-torpağa bənzəyir. Arada ağaclar çəkir nəzəri. Seyrək, bir-birindən ayrı düşmüş adamlar kimidilər. Elə bil Şəms həzrətləri ilə Mevlana ayrılığı düşüb araya.

Sanki Mevlana anladır:

Mənim sirrim fəryadımdan ayrı deyildi,

Ancaq hər gözdə, qulaqda nur yox…

Fərqindəyəm Mevlana həzrətlərinin söz, vəsiyyət yadigarlarının: “Qəlbi təmiz, riqqətli olanlardan və həqiqətə aşina olanlardan başqalarının bu Məsnəviyə toxunmaları qadağandır”.

Konya-Aksaray arası hər cür qəlbsizlərə, həqiqətə aşina olmayanlara yasaq, qadağan olan yerlərdi. Bura munislər, mənəvi paklar məqamıdı. Gərək bu ruh təmizliyinə sahib çıxasan, özününküləşdirəsən, sonra bu yolların yolçuluğunu edəsən.

Yaddaşımda Mevlanının Şəms önündəki etirafları paklıq ilğımı kimi sayrışır: “Səni tanıdıqdan sonra insanların bildiyi mənada diri deyiləm, başqa bir diriliyə qovuşaraq öldüm…”

Konya-Aksaray arası yolçuluq başqa bir diriliyə qovuşaraq yaşamaq məqamıdı. Gərək dəmadəm bu unudulmaz münasibət dünyasının nədənliyinə könül aça biləsən:

Mevlana söylədi ki, “Bundan sonra sənin məni apardığın lədun aləmində mövqe və və mənsəb axtarmağa başlayacam. Əvvəlki varlığıma aid hər şeyi tərk etdim. Onlardan xilas oldum”.

Şəmsə “qolun-qanadın var – dedi, – mən sənin qol-qanadın ola bilmərəm… Alimsən, başçısan, səltənətin var!”

-Bundan sonra zahir aləminin alimi deyiləm, başçı deyiləm, rəhbər deyilən – dedi Mevlana. – Sənin məşəlinin işıqlandırdığı ağılüstü bir aləmdə fəqir və qərib bir səyyaham.

Şəms yenidən: – Səndə hələ də ağıl var! – dedi. – Bu səbəbdən divanə olmadığına görə bu evin də məhrəmi deyilsən!

Mevlana söylədi ki, bundan sonra ağlıma qəlbimlə bir hicab örtdüm, divanə oldum…

Heyran, divanə olmaq məqamıdı Konya – Aksaray yolları boyu göz dolusu baxdıqlarım. Hər qədəmi Mevlananın Məsnəvi diliylə sözə gələr, fikrini diqtə edər.

Mərifət sahibi olan insanı təmsil edən neyi dinlə,

Ayrılıq şikayətlərinin həyəcanını iç.

“Keçdiyim hər yol, cığır, baxır, arxamca baxır… Deyir, deyir, deyir ayrılma məndən”.

Eynən bu gözəlim mahnıda deyildiyi kimi arxamızca boylanır, əl edir Yenicə, Eşme Kaya. Qarşımızda isə Yenikənddi, Akhandı. Aksaraya hələ 53 km var. Hər kilometrin də öz unudulmaz xatirə payı, yaddaş ərməğanı.

Bir ərməğan Seyid Yəhya əş-Şirvani əl-Bakuvidən gəlir:

Böyük filosofun “Şəfa əl-Əsrar” əsərində yer alan kəlamlardandı; Həzrəti Əliyə (r.a.) istinad edir: “Qulun dəstəmaz alması üçün öncə beş şeydən təmizləməsi lazımdır; öncə qəlbi hiylə və yalandan, təkəbbür və həsəddən, kin və ədavətdən təmizlənməsi gərəkdi, ikincisi, dilini qeybət, yalan, faydasız, kobud söz və böhtanlardan təmizləməlidi;

Bətnini haram və şübhəli şeylərdən təmizləməlidir;

Bədəni haram libaslardan təmizlənməlidi;

Beşincisi zahiri təharətdir”.

Deməli, 5-di qalanın yolları. Beşini də bir araya gətirib, beşinə də baş əyib-bağır basa-basa keçməlisən hər cür munisliyin, eyni zamannda da Aksarayın qapısından…

Şeyx Hamidi Veli Həzrətlərinin əbədiyyət hücrəsi burda… Nəvələri Ebu Hamidi Vəlinin, Evliya şeyx Hamid Eddinin Aksarayının məzarları burda… Müridi Şeyx Pertelfi Sultan, Şeyx Kamaləddin Sultan burada uyuyur. Hər birinin xatirəsini dərin ehtiramla anır, dualar oxuyur, səcdələrinə dururam.

Sonuncu baba Məscidini ziyarət edirəm. Ətrafında sərgilənən qəbiristanlıqda uyuyanların ruhuna salamlar göndərirəm, Şamdan sonra ən böyüık qəbiristanlıqdı deyirlər. Yeddi min behiştlik uyuyur burda.

Muzeyi Şam Beyzadi dərgahı və Qazi Rumidən dərs alma səhnəsi burada əbədiləşib. Ərdəbil təknəsi, ziyarətgah halqası burda əbədiyyət ömrü yaşayır.

Bir görünüşdə ustad Bursada Əmir Sultanın çömləgini atəşsiz fırında bişirilməsi sirrini yetirmələrinə öyrədir.

Digər bir görünüşdə ustad Bursadakı Ulu Caminin inşasında çalışan sənətkarlarla bir aradadı, onlara çörək paylayır.

Bizi qarşılayan məscid xidmətçilərindən biri bal şərbətinə qonaq edir. Etiraz etmirik. İçilən bal şərbət yox, sanki ziyarətinə gəldiyimiz böyük şəxsiyyətlərin ruhu, mənəvi paklığıdı.

Sonra bizi çörəkbişirmə sexinə dəvət edirlər. Şipşirin çörək mənəvi halallığın, dostluğun simvolu kimi təqdim edilir bizə. Yola götürmək üçün də təklif edirlər. Unudulmaz şairimiz Məmməd Arazın misraları ağlımı alıb aparır:

Sən arada bu yerlərə qonaq kimi gəl,

Gör atının cilovunu tutan olurmu…

Əgər varsa –

Demək burda kişi ölür,

Kişilik ölmür…

 

ƏKMİŞDİLƏR, BİÇİRİK 

Sonuncu Baba türbəsi önündə mənə yaxınlaşıb “Sayın millət vəkilim, olurmu bir foto yapdıraq” – deyə ərklə azərbaycanlı qardaş-bacılarını Aksaray torpağında qutlamaqdan məmnun olduqlarını bildirən insanların davranışında, təşəbbüsündə tam bir Sonuncu Baba əxlaqı ürpərir. Elə bil Sonuncu Babanın Bursada Ulu Caminin üç qapısı önündə eyni vaxtda göründüyü məqamda ilahi görkünə iman gətirən insanların mənəvi, ruhi paklıqları üstündən heç zaman ötməyib, ruzigar əsməyib. Öyləcə Hasan dağının qarlı zirvəsi kimi əzəmətli, Aksaray Ulu Camisinin minarəsi kimi Tanrı dərgahına etinalı qalıblar.

Ən gözəli odur ki, Aksaray tarixi özəlliklərini hifz etməklə, yaşatmaqla bərabər çağdaşlığımızın inkişaf tempinə də uğurla adəptə olunur, yeniləşir. Təkcə Əyri Minarənin çevrəsini əski durumuyla hazırkı vəziyyətini göz önünə gətirmək bəs edər ki, bu deyilənlərin nə qədər doğru olduğunu fəhm edə biləsən. Təkcə Aksaray şəhər Meydanı boyunca Valinin binasına nəzər yetirmək bəs edər ki, şəhərsalma mədəniyyətinin özəlliyinə heyran ola biləsən. Təkcə İhlara Vadisinin tarixə yoldaşlıq edən qos-qoca durumunu yaddaşına köçürmək bəs edər ki, ruhuna Aksaray dünyası hopa.

Yusuf Həqiqi Baba türbəsini ziyarət etməyin özü bir ömrə dəyər. Qəbirinin önündə verdiyin fatehə savabın yaşadar yüzilliklərin.

Aksarayın bütün görkəmi kutsal bir halallıq, könlü-gözü toxluq qoxuyur. Hardan gəlir bu halallıq – ilk növbədə türk ruhundan. İlk növbədə Somuncu Baba yaşamından. Bu, o Somuncu Babadı ki, Sultan İldırım Bəyazid Bursada Ulu Camini inşa etdirərkən orada çalışan insanların yemək ehtiyacını ona həvalə etmişdi. Bu, o Somuncu Babadı ki, İldırım Bəyazidin yandırdığı Bursa Ulu Caminin açılışı zamanı xütbə oxunmasını xanın kürəkəni Seyid Əmir Sultan ondan rica etmişdi.

Rəvayətə görə Somuncu Baba Bursadan Aksaraya Hacı Bayram ilə birlikdə gəlmiş, Adanada ikən onunla bərabər Həcc ziyarətinə getmiş, bir il sonra onu Aksaraya göndərmişdi. Hacı Bayram gedərkən Ankarada nə ilə dolanacağını sormuşdu. O behiştlik də cavabında “Əkin ək!” demişdi.

Əkmişdilər; insanlıq, mənəviyyat, ruh sağlamlığı, etiqad, inam, əqidə toxumu əkmişdilər. İndi zəmi kimi biçirik…

Xatirə şəkilləri çəkdiririk. Ömründə bir dəfə üzünü görmədiyimiz yerli sakinlər xoşluqla mənə yaxınlaşır, “millət vəkilim, xoş gəldiniz-deyirlər, – biz qardaşıq… İzninizlə xatirə foto çəkdirək…”

Bir azdan Esentepeni, Gencormanı, Əriklini keçib, Gülağacını arxada qoyub abidə şəhər Nevşəhərə doğru irəliləyəcəyik… Gülağacı və Ağgöldən sonra Nevşəhərə 68 km yol var. Buralar bizim Ağdam, Ağdərə istiqamətlərini xatırladır. Təkcə ağaclar yoxdu, çılpaqlıqdı. Bir az da bizim Göyçay bölgəsinə bənzəyir. Üstə gəl Kəlbəcərin elat yayla yerlərinə. İndi payızdı. Ancaq mən daha çox bu yerlərin yaz yaşamını göz önünə gətirirəm. Saratlı bələdiyyəsinin çevrəsini yazbasında gülə-çiçəyə qərq olmuş kimi xəyal edirəm. Bizim Ağstafanın Poylu üzü, Tovuzun, Şəmşirin Küryaxası köyləri canlanır nəzərimdə.

Bircə bağlar, yaşıllıqlar gözə dəymir. Dərəli-təpəli çöllüklərsə elə bir ucdan doğma, unudulmaz görünüşüylə uzanıb gedir… Mənim xəyallarım kimi. Uzaqdan boylanan çinar tanışıdı.

Nevşəhərə aparan yoldu bu.

“BİZ OL UŞŞAKİ-SEHRİBAZİZ…”

 İndilikdəsə sözümün-söhbətimin mövzusu Aksaraydan keçir. O Aksaraydan ki, coğrafi sınırlarına qədəm basdığımız hər məqamda fikrimiz, xəyalımız Somuncu Babanın böyük bir ömür fəlsəfəsini öz içinə alan misraları, söz yadigarları qımıldanırdı yaddaşımızda:

 Biz ol uşşaki-serbaziz

Akıl rüşd bize yar olmaz.

Mey-i işşk ilə sermestiz,

Bize her giz humar olmaz…

 

Bizim gülşendeki güller

Dururlar taze, solmazlar.

Xazan olub tökülmezler,

Zemistan-ü bahar olmaz…

 

Burak, ey Hamidi, varı,

Gürem dirsən sen o yarı.

Göricek an tecellayı

Andan özgə kemal olmaz…

Alman filosofu Kantın söylədiyi fikirlər dolanır ağlımda-huşumda: “Bu dünyada gözəl olan niyətdən, məramdan daha gözəl heç bir şey yoxdur”.

Bütövlükdə Somuncu Babanın təlqin etdiyi ruhi-mənəvi paklıq dünyasını Kantın bu ibrətamiz kəlamı ilə ifadə etmək olar.

Eyni münasibət – gözəl məram, niyət araçılığı ilə qədəm basdıq Aksaraya.

Aksarayın insana təlqin etdiyi ruh aydınlığı gözəl niyət, məram kimidi.

 

BU, O AKSARAYDI Kİ…

 

Tarixə Türkiyə Səlcuklu dövləti və Bəyliklər dövrünün önəmli mərkəzlərindən biri kimi daxil olub. Qaynaqlar şəhadət verir ki, Aksaray Səlcuqlular dönəmində başkənd (paytaxt) olan Konyanı ölkənin doğusuna bağlayan önəmli bir düzəngahda qərar tutmasından dolayı qısa vaxt ərzində inkişaf edərək önəmli bir mədəniyyət və ticarət mərkəzi halına gəlmişdir. Burada mədrəsələrin çoxluq təşkil etməsinin səbəbi də deyilən inkişafla bağlıdı. Yəni, oxumağa, öyrənməyə xüsusi önəm verilib.

Anadolu Səlcuqlu dövlətinin süqutundan sonra bölgənin idarəçiliyi Elxanilərin idarəçiliyi altına keçmiş, 1324-cü ildən etibarən isə Anadolu vilayətini Eratna bəy idarə etməyə başlanmışdır. Aksaraya gələn İbn Batuta isə şəhərin Əmir Eratnanın vəkili Əxi Şərif Hüseyn tərəfindən idarə edildiyindən bəhs etmişdir. İbn Batutanın ziyarəti sırasında Aksarayın Eratna vəyin hakimiyyəti altında olması tarixin gerçəkliyidi. Bu hakimlik daxilində Sivas, Kayseri, Amasya da var idi, Toqat, Çorum, Dəvəli, Qarahisar, Ürgür və Nigde də…

Yolboyu lövhələrdə bu ərazi vahidlərinin adlarını, məsafə ölçüləri, əhalisinin sayı, ümumi sahələri haqqında yazılan məlumatları oxuduqca və bu məlumatları qısa şəkildə qeyd dəftərimə köçürdükcə xəyal məni çəkib həmin dönəmlərin gerçəkliklərinə aparır. 1343-cü il çevrəsində Karamanoğulları ilə Eratnalılar arasında Aksaray və ətrafı uğrunda gedən mübarizələrin tarixi vərəqlənir gözlərim önündə. Bu yollar boyunca Karamanoğullarının Eratnaydan etdiyi şikayət məktublarına monqolların Kayseridən gələn cavab məktubları daşınmışdı. Bu məktublarda Eratna bəy daha çox sülhə çağırmış, “keçmişdə olub-keçənləri unudaq” demişədi. Karamanoğlu Süleyman bəy isə “ Savaş!” deyib durmuşdu.

Ertana bəy Mehmet bəy və Mahmud bəy zamanlarında baş verənlərin hələ də ürəkləri qanatdığını yazırdı Karamanoğluna. Cavabında Süleyman bəy “Əgər ər isə rum əsgərin cəm edib gəl, hutbeyi sikkeyi kendi kamına okud” – deyib də dururdu.

Nəticədə nə olası idi ki?… Ertana bəy monqol əsgərlərinin də yer aldığı iyirmi min nəfərlik ordusu ilə Aksaraya hərəkət etdi. Bunun qarşılığında Karamanoğlu Əhməd və Süleyman bəylər də Aksaray üzərinə yeridilər. Olan oldu, Karamanoğullularının qələbəsi tarixin gedişatını başqa bir səmtə yönəltdi. Ancaq onların hökmranlığı çox qısa oldu. 1352-1365-ci illər arası Aksaray Ertana bəy və oğlu Qiyasəddin Mehmed bəyin zamanlarında Eratnıların idarəçiliyində qaldı.

1359-da Eratnalılardan Qiyasəddin Mehmed bəyin, 1365-1366-da Alaeddin bəyin adına pul sikkələri kəsildi.

1337-ci ildə Zinciriyyə məscidinin inşa tarixi kimi yaddaşlara həkk olundu.

1365-ci ildə Sultan Qiyaseddin Mehmedin ölümü ölkədə xaos yaratdı.

Yerinə keçən Alaeddin Ali bəyin ağzının süd qoxusu hələ getməmişdi. Yetərsiz idi. Ölkə qorxunıc bir vəziyyətə gəlmişdi. Bu xaosdan istifadə edən Monqol toplumları bölgənin üzərinə ayaq açdılar. Yerli türk əhalisi Güney və Batı Anadoluya köç etmək zorunda qaldı. Kırşəhər və Aksaray bu hadisələr qovğasında daha çox zərbə aldı, daha çox sındı, əzildi…

Bu qarışıqlıqdan istifadə edən Karamanoğlu Alaeddin bəy 1366-1367-ci illərdə Konya üzərinə yürüyüb şəhəri zəbt etdi. Eratnalılar ilk dəfə olaraq torpaq itkisinə məruz qaldılar.

Konyadan sonra Karamanoğlu Alaeddin bəy Aksarayı və Nigdeni ələ keçirdi. 1367-1367-ci illər daxilində isə Sivası zəbt etdi, 9-10 il sonra Kayseri də Aksaray və Sivasın taleyini yaşadı, Alaeddin bəy onu da aldı, yatdı…

Gəldi tarixin 1378-ci sənəsi. Alaeddin bəylə Qazi Bürhanəddin arasında bağlanan müqavilə sonucunda Dəvəli, Nigedə və Ağsaraya səfərlər başladı. Bu dönəmdə Aksarayın idarəçiliyi Babukoğlu Ali Paşanın əlindəydi. Alaeddin Ali bəy şəhərin fəth işini Qazi Bürhanəddinə həvalə etdi, mühasirəyə düşdüyü, ələ keçəcəyi son məqamda Qazi Bürhanəddin tərəfindən kömək gördü, qurtuldu.

Sonra Fateh Teymurun Gürcüstana hücum xəbəri gəldi. Bu prosesləri soyuqqanlılıqla müşahidə edən Qazi Bürhanəddin Karamanoğulları üzərinə yürüşə çıxdı. İlk olaraq Aksaraya hərəkət etdi, Tumarxani yaxınlığında düşərgə saldı və şəhəri döyüşsüz olaraq aldı. Oradan da Zincirli qalasına hərəkət etdi, sahib olduğu çevrələri rəsmi sənədlərdə, saray dəftərlərində qeyd etdirdi…

Bu, o Qazi Bürhanəddin idi ki, bütün savaş, çəng çəkişmələri qovğalarından vaxt tapıb öz ilham pərisi ilə baş-başa qalır, zərif, həzindən-həızin şeirlər yazırdı, “mən ölsəm arzumdu torpağım da sənə qarşı baxa dursun“ deyə könül sirdaşına vəfadarlıq duyğularını sərgiləyirdi. Şeirə-sənətə yaxın idi. Və bu səbəbdən də Aksarayı döyüşsüz-filansız, heç bir qan tökmədən alandan sonra buradakı qala və bürclərin təmir edilməsinə, yenidən qurulmasına göstəriş vermişdi. Kəndlərin inkişafı və xalqın rifah halının yüksəldilməsinə xüsusi qayğıyla yanaşmışdı. Nə yazıqlar ki, onun tarixi xidmətləri çox vaxt tarixi məxəzlərdə təhrif olunmuş, xüsusi olaraq araşdırılmamışdır.

Oğuzların Salur boyundan idi.

Sivasın naibi olmuşdu. Ağqoyunlu nəslindən yara Yoluq Osman bəyə yenilmiş, həyatını qeyb etmişdi. Ancaq bütün olacaqları, sonu əvvəldən bilib, vəsiyyət, görk olaraq yazıb qoymuşdu:

                  

Haqq əzəldən nə yazmışsa bolur,

Göz nə kü görəcək isə görür.

İki aləmdə həqqə sığınmışıq,

Toxtamış nə ola, ya axsaq Temur?..

 

Ər kişilərin arzusundan agah idi Qazi Bürhanəddin. Yetərli bir dünyagörmüşlüklə bu sətirləri yazdığı vaxt ömrünün vur-tut 50-ci baharını yaşayırdı. Son günə dörd il vardı:

 

Həmişə aşiq könlü biryan olar,

Hər nəfəs qərib giryan olar.

Sufilərin diləyi mehrab, namaz,

Ər kişinin arzusu meydan olar.

 

Bir ər kişi olaraq ömrünü meydanda başa yetirdi. Ancaq sevən könlünün bitirdikləri əbədi qaldı, ömrünü çatdırdı bu günə qədər:

 

Ol göz ki, üzün görməyə, göz demə ona,

Ol yüz ki, tozun silməyə, üz demə ona.

Ol söz ki, içində, sənəma, vəsfin yox,

Sən badi-həva tut onu, söz demə ona.

 

Nə yazıqlar ki, tezliklə Mehmed bəyin komandanlığı ilə böyük bir Karaman ordusu Aksarayın üzərinə yeridi. Ancaq bu hücum nəticəsiz qaldı. Məğlub olan Karamanoğulları Hasan dağına doğru çəkildi. Bu dağ çox sərt idi. Onu zəbt etmək çətin olacaqdı. Buna görə də Qazi Bürhanəddinin ətrafı onu inandırmağa çalışmışlar ki, o, Alaeddin bəyin üzərinə yerisə daha yaxşı olar. Kahraman vilayətini yağmalamaqla Mehmet bəyə də məğlubiyyəti qəbul etdirmək fikirləri də səsləndirilirdi. Lakin Qazi Bürhanəddin bu məsləhətlərə məhəl qoymadı. Barış yolu tutdu. Bu üzdən Karamanoğlu Mehmed bəy rəiyyətilə bərabər Nigediyə çəkildi. Nigedi qalasını möhkəmləndirib növbəti savaşa hazırlaşdı.

Növbəti dəfə də Qazi Bürhanəddinin savaş bəxti gətirmişdi, qarşı tərəfi yenmişdi. Ancaq qalaya daxil olmaq ona müəssər olmamışdı. Nəticədə Mehmed bəyin elçisini qəbul etmiş, Aksaraya dönmüşdür.

Babukoğlu Ali paşa qulluq şərtlərini pozmuşdu. Aksaraya dönən kimi Qazi Bürhanəddinin ilk qərarı onu cəzalandırmaq oldu. Ali Paşa durumu anlayan kimi ailəsini və mülkünü buraxaraq Karahisar (Dəvəli) qalasına çəkildi. Ancaq burada da duruş gətirə bilmədi. Qazi Bürhanəddin onu yendi, döyüşsüz ələ keçirdiyi qalanı da Aksaray vilayətinə daxil etdi. Az sonra Sivasa döndü. Bu dönüşdən istifadə edən Karamanoğulları yenidən Aksarayın idarəçiliyini əllərinə aldılar.

Qazi Bürhanəddin yenidən Karamanoğullarının üzərinə yeridi. Bu səfər Karaman vilayəti (Konya, Nigde və Darende) böyük həcmli talana məruz qaldı, qalib tərəf zəngin qənimətlə Aksaraya döndü.

Yenə də Karamanoğulları elçi göndərdi. Qazi Bürhanəddinlə anlaşıldı. Müqavilə im­zalandı. Bir az sonra Qazi Bürhanəddin Kayseriyə çəkildi.

Gəldi zamanın 1397-1398-ci ili… Osmanlılarla Karamanoğulları arasında baş verən Akçay müharibəsində Karamanoğulları məğlubiyyətə düçar oldular. Osmanlılar başda Konya olmaqla Darende, Dəvəli, Aksaray və Akşehir kimi önəmli Karaman şəhərlərini zəbt etdilər. Karamanoğlu Mehmet bəy və qardaşı Ali bəy Osmanlılara əsir düşdülər, Karaman bəyliyi süquta uğradı.

Gəldi 1402-ci il… Ankara savaşından sonra Teymurun oğlu Pir Mehmed Bursaya gələrək həbsdə olan Karamanoğlu Mehmet bəyi və qardaşı Ali bəyi azad etdi, Karaman bəyəliyi yenidən təmin olundu. Konya, Aksaray və Antalya arası ərazilərin idarəçiliyi Mehmet bəyə tapşırıldı, ona tabe olmaqla Ali bəyə isə Nigde rəhbərliyi tapşırıldı. Zamanın dönəlgəsi döndü. İldırım Bəyazidin oğulları arasında mövqe çəkişmələri başladı və bu zaman Karamanoğlu Mehmet bəy əvvəlcə Çələbi Memmedi dəstəklədi, Aksaraya çəkilərək onu təqib edən Evrenoz da onun arxasınca Aksaraya gəlmişdi. Bu səbəbdən Mehmed bəy Çələbi Mehmedə məktub yazaraq ittifaq bağlamağı təklif etmişdi. Qarşılığında ona Karaman diyarının yarısı vəd edilmişdi. Süleyman Çələbiyə qarşı Aksaray-Kırşəhər arasında keçirilən görüşdə razılığa gəlinmiş, nəticədə Evrenoz bəy təqibdən çəkiləsi olmuşdur. Sonra da tarix Osmanlı-Memlük mücadiləsinə şahidlik etmişdi Aksaray.

1423-cü il… Bu o zamandı ki, Dulkadıroğullarının Kayseıri valisi Hasan bəy Karaman­oğlu Mehmed bəyin ölümü səbəbiylə Karamanlara hücum etdi. Dəvəlini, Ortaköyü və Ürküpü ələ keçirdi. Üstəlik, Nigde və Aksaraya da daxil olaraq böyük qənimət əldə etdi. Zülmün ərşə dayandığını görən xalq Dəvəli yaxınlığında Hasan bəyə qarşı üsyan qaldırdı. Nəticədə Hasan bəy qaçıb canını zorla qurtara bildi. Aksaray yenidən Dulkadıroğullarının hakimiyyəti altına keçdi. Ancaq bundan sonra baş verənlər tarixin görünməzliyinə qovuşdu, qaranlıqqaldı.

Aksaray Osmanlılar tərəfindən fəthi olunana qədər Karamanoğulları idarəçiliyi altında olmuşdur.

XV əsrin ikinci yarısından etibarən isə Anadoluya Osmanlılarla mücadilə edən tərəf Ağqoyunlular olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsən 1464-1465-ci illər arası Karaman vilayətinə gələrək Konya, Aksaray, Dəvəli, Bəyşəhər, Kayseri və Ağşəhəri Memlukluların da razılığı ilə İshak bəyə təslim etdi.

1469-1470-ci illər arasında Osmanlı dövləti yenidən Aksarayı fəth etdi. Bu tarixi 1469-1470-ci illər arası qeyd edənlər də var.

Aradan uzun əsrlər keçib.

Sultanın verdiyi əmr indi tarixin quru şərhi kimi xatırlanır: “Ankaradan ev sür, İstanbula gətir…”

Padşahın əmri yerdəmi qalacaqdı? İshan paşa əmrə müntəzir oldu. Sürdü, gətirdi. İndiki Aksaraylı məhəlləsində kim qalıbsa İshan bəyin sürüb gətirdiyi insanların törəmələridir. Bunu Xoca Sadreddin Efendi də anladır, Mehmet bin Mehmed də, Nevzat Topal və başqaları da. O çağların ərzi-halını Somuncu Babanın oğlu Yusif Hakiki Baba Divanında belə ərz etməkdədi:

 

Elində Türkü tatarın zebun olub Karaman,

Yıkıldı ser-te-ser uş ser-nügün Karaman.

 

Qaynaqlarda Aksarayın fəth tarixi 1469-1471-ci illər arası da göstərilməkdədi.

Aksarayın Səlcuqlular hakimiyyəti dövründən etibarən önəmli bir elm mərkəzi olması tarixin gerçəkliyidi.

Heç unudulan tarixmidir ki, Muhyiddin Arabi 1214-cü ildə Məkkədə yazdığı bir dəyərli kitabını bir il sonra Aksarayda şərh etmişdir.

Nəsrəddin Sivasi “Dakankül-Hakani” adlı əsərini 1271-ci ildə III Qiyaseddin Keyxosrov üçün Aksarayda yazmışdır. Muhammed Mahmud ət-Hatibin bir çox əsərləri Aksarayda qələmə alınmışdı.

Seyfəddin Muhammed əl-Farganinin Aksarayda yazdığı divan zəmanəmizə qədər gəlib çatmşdır. Bu çevrədə XIV yüzilliklərdə Evhadi dərvişləri Aksaray və onun çevrəsində fəaliyyətlərini genişləndirməyə başladılar.

Aksarayın gerçək tarixini kitaba köçürən Şemseddin Mehmedin məzarının Somuncu Babanın türbəsinin yanında olduğu söylənməkdədi. Aksaraylı şair İsa Aksarayının ömür yolu burada başa çatmışdı.

Səyahəti kimi ömrü də Aksarayda bitmişdi Seyid Hüseyinin. Adını daşıyan zaviyəyə burada sahiblənib. Oğlu Kəmaləddin Əhməd əbədiyyət yuxusuna burada gedib.

Şeyx Bilgin və Xəttat kimi tanınan Aksaraylı Saidin məzarı burda… Qardaşı Mahmudun Aksaray qazisi olduğu bilinməkdədi.

Abdurrahman Yusuf oğlu, Alaeddin Ali, Somuncu Babanın nəvəsi və Şeyx Evhadinin oğlu Bab Ekmeli, Pir Mehmed Paşanın nəvəsi və “Tuhfe-i Mir” kitabının müəllifi Mehmed Çelebi, onun qan qardaşı Piri Mehmed Paşa, Şeyxülislam Zenbilli Ali Əfəndi və başqa tarixi şəxsiyyətlərin ruhu bu yerlərdə dolanmaqdadı.

Somuncu Baba və onun nəslindən gələnlərə aid vəqf evləri hələ də durmaqdadı.

Səlcuklular dönəminin tarixi abidələrindən olan Məlik Qazi Hangahı hələ də tarixə yoldaşlıq etməkdədi. Vəqf dəftərlərində xangahın Həzrəti Baba Yusifin təsərrüfatına bağlılığı təsbit olunub.

Baba Yusif malikanəsi Baba Yusifin övlad vakfi olaraq tarixə düşüb. Seyid Hamid-i Vəli Cami-məscidi və türbəsi Aksarayda…

Seyid Hamidi türbəsi Çoğlaki məhəlləsinin Ekrvah qəbiristanlığı əhatəsində diqqəti çəkməkdədi. Eyni zamanda, Yusif Hakiki türbəsi. 

Advertisements

03.11.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: