“Almaz İldırımın dərd ortağı Xəzər Elazıqda bir həsrətin hekayəsini anlatdı bizə…”

(Yaxın günlərdə oxuyucuların ixtiyarına veriləcək “Qənirə Paşayeva ilə adddım-addım Türkiyə” kitabından Elazıq ilə bağlı 2-ci yazı)

IMG_0113HALALLIQ ALMADAN KEÇİLMƏZ BURDAN

Elazığın hər məhəlləsi, küçəsi bir tarix boxçasıdır. Bunun nədənliyinə varmaq üçün gərək Hicrət, Nailbəy, Rüstəmpaşa, Mustafapaşa, Rizayiə, Cümhuriyyət məhəllələrini əmin-arxayın gəzib-dolaşa biləsən. Ancaq vaxt gözləmir, zaman dar gəlir.

Elazıq Böyük Şəhər Bələdiyyəsində olan görüşdə xoş qarşılayırlar bizi. Yenə də bir kökdən gəlməyimiz, dil, din, ruh doğmalığımız əsas mövzu olur. Azərbaycan-Türkiyə əməkdaşlığından, Qarabağdan, gənclərimizə ortaq tarix, ədəbiyyat, mədəniyyət və həqiqətlərimizin daha geniş öyrədilməsinin önəmini vurğulayırıq. Bələdiyyə yetkililərinə səmimi görüş üçün minnətdarlığımı bildirirəm. Elazığın Azərbaycanın böyük, tarixi şəhərlərindən biri ilə qardaşlaşması zərurətindən söz açıram və bunun çox böyük əhəmiyyətini xüsusi vurğulayaraq Elazıqda Azərbaycan şəhərlərindən birinin qardaşlaşmasını təklif edirəm. Təklifi böyük məmnuyyətlə qəbul edib “bu məsələ üzərində çalışacağıq” deyirlər. Bələdiyyə yetkililəri ilə görüşümüzdə ortaq acımız Dağlıq Qarabağ problemi, Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi üçün həyata keçirilən işlərdən də danışırıq. “Türkiyə hər zaman yanınızdadı” deyirlər. Bələdiyyə yetkililərinə Azərbaycan, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum “Xocalı soyqırımı tanıkların dilinden” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, eyni zamanda müəllifi olduğum “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm. Bələdiyyə yetkililərinə görüşdə iştirak edən dostlara yaxın zamanlarda “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından ikinci kitabımın işıq üzü görəcəyini və bu kitabda aşiq olduğum Elazığa xüsusi yer ayıracağımı söyləyirəm. Bələdiyyə yetkililəri bu xəbərdən böyük məmnuniyyət duyduqlarını, bu cür kitabların böyük önəmini xüsusi vurğulayırlar. “İnşallah, gələn səfərimdə kitab hədiyyəsi ilə gələcəyəm” – deyirəm. Bələdiyyə yetkililəri də öz növbələrində bizə Elazığı anladan hədiyyələr təqdim edirlər.

Tarixi birliyin, doğmalığın rəmzi olaraq da bir arada ziyarət edirik Üryan Baba türbəsini. Tarixin yuxuya daldığı bir məkandı burası. Gərək ayaqla yox, ruhla, düşüncəylə qədəm basasan. Elazıqda deyirlər ki, gərək Harputda «Qayabaşı» adıyla anılan açıq hava muzeyinə getməzdən öncə yamacda yer alan Üryan Baba türbəsini ziyarət edib halallıq alasan, Türbə qapısı önündə nəzər çəkən daş üzərindəki yazıdan anlayıb-biləsən burda uyuyanın kim olduğunu:

«Allahın sevdiyi qullardan İsmailin torunu, Ömərin oğlu Hafiz Mühammed…»

1278-ci ildə yapılan türbənin giriş qapısından daxil oldunsa, sağ səmtdə bu mübarək zatın əbədiyyət yuxusuna daldığı sərdabəni görəcəksən. Bu səmtə Kurşunlu camidən keçib gəlmişdik. Harput muzeyi, Güllübağ məhəlləsi bu səmtdə idi. Eləcə də Harput məhəlləsi, Əhməd Kabaklı bulvarı, Sara Xatun camisi… Bu, Ağqoyunlu dövlətinin 5-ci hökmdarı Uzun Həsənin anası Sara Xatundu ki, Elazıqda camisi 1463-cü ildə yapılıb. Allah müfti Hacı Əhməd əfəndiyə rəhmət eləsin ki, 1850-ci ildə camini yenidən bərpa etdirib. Bir qayda olaraq Harput camilərində kitabələrə rast gəlinməz. Yalnız Ulu cami 2, Kurşunlu cami 1 kitabəyə sahibdi. Ancaq Sara Xatun Camisi yeganə tarixi abidədi ki, 18 kitabəyə sahiblik edir.

ƏRƏNLƏRİ İLƏ TANINAN ELAZIQ

Sonra da Arap Baba türbəsini ziyarət etmək üçün qədəm alırıq. XIII əsrdə yaşamış bir behiştlikdi. Əsl adı Yusif, atasının adı Arabşah olub. Harputun fəthi üçün gələn Səlcuqlu sərkərdələrindən biri, eyni zamanda sayılıb-seçilən bir vəli olduğu bilinir. Türbəsi 1279-cu ildə yapılıb. Türbəsinin alt qatında qəbir odası, üst qatında isə ziyarət edilən sandıqça yer alıb. Qəbrinin özəlliyi nəşinin hər kəs tərəfindən görülə biləcək qədər açıqda olmasıdı; çürüməmiş cəsəd və kəsilmiş baş… Göz önünə bu müqəddəs torpaqlar uğrunda gedən qızğın savaş səhnəsi gəlir. Yay çəkilir, ox atılır, nizələr süzür, qılınclar qından sıyrılır. Hər tökülən şəhid qanı bir tarix səhifəsi yazır. Bu savaş yolunda kəsilən başlar belə gözəl görünür. Yadıma «Nəsimi» filmindən unudulmaz bir səhnə düşür. Əmir Teymur oğlu Miranşah gözəl və mətanətli Şəmsin qürurunu qırmaq üçün igid Bahadır xanın kəsilmiş başını onun qarşısına atır. Şəms o kəsik başı ilahi bir duyğuyla süzür, ətrini qoxuyur və vüqarla «Bahadır xanın ölüsü də, kəsilmiş başı da gözəldir» – deyir.

Çarşı məhəlləsi boyu gəzib-dolaşdığım anların özündə belə bu duyğular mənimlə olur. Zibeydə xanım bulvarı boyunca uzanıb gedən geniş yol bu səmtə götürür yolçularını. Qazi prospektidi göz önündəki… İbrahimpaşa məhəlləsi solunda qalır. Eləcə də Yeni məhəllə, Raziyə məhəlləsi, Universitet məhəlləsi…

Fırat Universitetinə bu səmtdən keçib gedirik. Burada bizi müəllim-tələbə heyətilə görüş gözləyir. Bir dünyalıq məhəbbətlə qarşılanırıq. Xocalı soyqırımına həsr edilmiş konfransı gənclər böyük diqqətlə dinləyir, o dəhşətli soyqırımı əks etdirən sənədli filmdən fraqmentlərə, foto-faktlara milli kədər hissilə, «bu qan yerdə qalan deyil!» duyğularıyla baxırlar.

Fırat Universitetində düzənlənən bu önəmli konfransda etdiyim çıxışda vurğuladım ki, Ermənistan təkcə işğal etdiyi Xocalı şəhərini qan içində boğmadı, eyni zamanda, Qaradağlıda, Bağanıs-Ayrımda, Ağdabanda da dəhşətli qətliamlar törətdi. Bu gün türk torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq istəyənlər törətdikləri vəhşilikləri ciddi-cəhdlə ört-basdır etmək istəyirlər. Biz buna imkan verməməliyik, Azərbaycan həqiqətlərini dünyaya daha geniş çatdırmaq üçün birliyimizi, ortaq səylərimizi daha da artırmalıyıq. Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemi olmalıdır. Bu sahədə Türk gəncliyinə inanırıq. Gənclər sosial mediada həqiqətlərin daha da geniş yayılmasında fəal olmalıdırlar. Bu gün Fırat Universitetinin tələbələrinin, eləcə də, burada təhsil alan azərbaycanlı tələbələrin simasında mən bu gəncliyi görür və onlara inanıram. Fırat Universitetinin rektoru, Prof. Dr. Kutbeddin Demirdağ, eləcə də, ziyalılar, millət vəkilləri mənimlə həmrəyliklərini bildirirlər. Konfransdan sonra həmmüəllifi olduğum “Hocalı Soykırım tanıkların dilinden“ kitabının universitetdə təqdimatı və imzalanması mərasimi oldu. Gənclərin kitaba və öyrənməyə marağını görüb onlarla geniş fikir mübadiləsi edib, suallarını cavablandırdıq. Eyni zamanda Fırat Universitetində təhsil alan və sayları hər il daha da artan azərbaycanlı tələbələrimizlə də görüşərək geniş fikir mübadiləsi apardıq və Azərbaycanı, tariximizi, mədəniyyətimizi, həqiqətlərimizi həm təhsil aldıqları universitetdə, həm də Elazıqda daha geniş tanıtmaq üçün fəallıqlarını daha da artırmağa çağırdıq. Onlara Azərbaycan həqiqətləri ilə bağlı materiallarla yanaşı müəllifi olduğum kitabları da xatirə hədiyyəsi kimi təqdim etdim.

Fırat Universitetinin rektoru, Prof. Dr. Kutbeddin Demirdağ, rektor yardımçıları ilə olan söhbətlərimizi heç unutmuram. Ölkələrimizin universitetləri arasındakı əməkdaşlığımızın inkişafı, ziyalılarımız arasında əlaqələrin genişlənməsinin önəmi barəsində geniş fikir mübadiləsi apardıq. Rektor Prof. Dr. Kutbeddin Demirdağ Azərbaycan universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini deyir və gələcəkdə də bu əlaqələrin daha da atracağını vurğulayır. Ona Azərbaycan, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum “Xocalı soyqırımı tanıkların dilinden” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, eyni zamanda müəllifi olduğum “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm və universitetlə geniş tanış oluruq. Rektora azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğı üçün təşəkkür edib, bu münasibətin hər zaman davam edəcəyinə inandığımı deyirəm. Tədbirlər başa çatdıqdan sonra da şəhərlə tanışlığı davam etdiririk. Qazi prospektindən Yıldızbağları, Fevzi Çakmak məhəllələrinə yol dönür; İnönü, Pertek prospektləri önümüzdədir… Dövlət, Akif, eləcə də Diaqnostika (araşdırma) xəstəxanaları bu səmtdədi. Baykara prospekti İnönüdən ayrılır. Atatürk prospekti bu geniş prospektlə Yunis Əmrə bulvarını birləşdirir. Universitet məhəlləsi ilə Yeni məhəllə bu arada çevrələnir. Üzbəüzdə, sağ tərəfdə Sürsürü prospekti uzanıb gedir.

Sarayatik məhəlləsi Çarşı məhəlləsilə qucaq-qucağadı. Bir az da sağ yanda Çevrə yoludu. Düz Diyarbəkrə aparır. O Diyarbəkrə ki, bir zamanlar Ağqoyunlu imperatorluğunun paytaxtı olub. Az sonra bu yolla Sivricə köyü ətəyində yer alan Xəzər gölünü ziyarətə gedəcəyik.

İndilikdə isə yolumuz tarixi Harput qalasınadı. Hürriyyət prospektindən Harput prospektinə dönürük. Qalaya qədər uzanıb gedir. Hərbi (Askeri) xəstəxana arxada qalır. Ulukənd məhəlləsi sağdan boylanır. Harputa aparır dolama yollar…
(Ardı var)

Advertisements

07.10.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: